Rəsmi İrəvanın siyasəti üzündən Azərbaycan və Ermənistan arasında bu il də sülh müqaviləsi imzalanmayacaq. Bu, Ermənistanın konstitusiyası ilə bağlıdır. Xatırladaq ki, Ermənistanın konstitusiyası 1995-ci il iyulun 5-də keçirilmiş referendum nəticəsində qəbul olunub.
Konstitusiyada Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Müstəqillik Bəyannaməsinə istinad var, sənəddə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Ermənistanın tərkib hissəsi elan olunub. Sonralar Ermənistanda konstitusiyaya dəyişikliklə əlaqədar 2005 və 2015-ci illərdə referendum keçirilib. Hər iki referendum zamanı Qarabağın Ermənistana birləşdirilməsi müddəasının yer aldığı Müstəqillik Bəyannaməsinə istinad olduğu kimi saxlanılıb.
Azərbaycan sülh müqaviləsinin imzalanması üçün bu tələbin konstitusiyadan çıxarılmasını tələb edir. Amma indi ədliyyə naziri Srbuhi Qalyan bildirir ki, konstitusiyanın yeni mətni işlənmə mərhələsindədir və 10 aya hazır olacaq. Deməi, yeni layihə bu il üçün təqdim edilməyəcək. Elə bu səbəbdən də sülh müqaviləsi imzalanmayacaq. Jurnalistlər isə Srbuhi Qalyandan konstitusiyadan Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması məsələsini müzakirə edilib-etdilmədiyini soruşublar. Qalyan qısa cavab verib: “Biz müxtəlif variantları müzakirə edirik, lakin mətn hələ işlənmə mərhələsindədir”. Bundan əvvəl baş nazir Nikol Paşinyan belə bir fikir bildirib ki, konstitusiyanın mətnində Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır. Nikol Paşinyan açıq şəkildə vurğuladı ki, bu, onun siyasi mövqeyidir. Daha əvvəl Paşinyan bildirib ki, bugünkü erməni dövlətçiliyinin əsasını qoyan həmin sənəd ölkə tarixində dönüş nöqtəsi olub və Qarabağ hərəkatının zirvəsində, SSRİ-də iqtisadi, siyasi və ideoloji böhran şəraitində qəbul edilib. Ermənistan hökumət başçısı bildirib ki, o, bəyannamənin mətnini 2020-ci il müharibəsindən əvvəl və xüsusən də ondan sonra dəfələrlə təkrar oxuyub: “Bu bəyannamənin mətninin tənqidi təhlili göstərir ki, biz sonda bizi SSRİ-nin bir hissəsinə çevirən düstur əsasında diskurs və məzmun seçmişik. Söhbət regional mühitdən və bizi qonşularımızla hər zaman münaqişə vəziyyətində saxlayan qarşıdurma diskursundan gedir”. Paşinyan hesab edir ki, ölkənin yeni konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır. Onun sözlərinə görə, bəyannamənin mətni müstəqil dövlətin mövcudluğu yox, bunun əksidir. Baş nazir buna əsaslanaraq, hesab edir ki, yeni Konstitusiyada sənədə istinad olmamalıdır: “Mənim fikrimcə, yeni konstitusiyanın mətnində Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır. Lakin qərarı Ermənistan xalqı verməlidir. “Lehinə” və ya “əleyhinə” arqumentlərini siyasi qüvvələr və onların liderləri təqdim etməlidirlər. Bu, mənim siyasi mövqeyimdir".
Bunlar bir daha göstərir ki, Ermənistanın öz daxilində də Müstəqillik Bəyannaməsinə tənqidi yanaşma var. Lakin onun əsas qanundan çıxarılması prosei ləngiyir. Halbuki, bu məsələ Ermənistanın Türkiyə ilə də münasibətlərinin normallaşması baxımından vacibdir. Çünki bu sənəd Türkiyə və Azərbaycanı düşmən kimi görən siyasi ideologiyanın məhsuludur. Elə bunun nəticəsidir ki, bəyannamədə təkcə Azərbaycana qarşı deyil, həm də Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Bəyannamənin 11-ci maddəsində qeyd edilir ki, “Ermənistan Respublikası Osmanlı Türkiyəsində və Qərbi Ermənistanda törədilmiş 1915-ci il soyqırımının beynəlxalq səviyyədə tanınmasına nail olmaq vəzifəsini dəstəkləyir”. “Qərbi Ermənistan” dedikdə isə ermənilər Türkiyənin şərqində yerləşən 6 vilayəti (Ərzurum, Van, Bitlis, Diyarbakır, Harput və Sivas) nəzərdə tuturlar. Yəni “Qərbi Ermənistan” dedikdə nəzərdə tutulan ərazi indiki Türkiyə torpaqlarıdır. Onu da qeyd edək ki, Ermənistan Respublikasının hazırkı Konstitusiyası preambula və 9 fəsildən ibarətdir. Preambula konstitusiyanın ümumi prinsiplərini və məqsədlərini bildirir. Bu isə Ermənistanın konstitusiya səviyyəsində qonşu dövlətə ərazi iddiası irəli sürdüyünü deməyə əsas verir. Rəsmi Bakı hesab edir ki, Ermənistan konstitusiyası dəyişməsə, qarşıdakı illərdə hakimiyyətə gələ biləcək hansısa “revaşist qüvvələr”ə Azərbaycana qarşı yenə ərazi iddiaları ilə çıxış etməyə səbəb verəcək. Bu səbəbdən Azərbaycan mövqeyində qətidir. Sadəcə, Ermənistan sülh prosesini uzatmaqla məşğuldur. ATƏT-in Minsk qrupunun rəsmi şəkildə ləğvi də bakının sülh üçün əsas şərtlərindən biridir. Məsələ ilə bağlı prezident İlham Əliyev bildirib: “Bizim ikinci şərtimiz ATƏT-in Minsk qrupunun ləğvidir. Bu məsələ konsensusla həll edildiyinə görə, formal olaraq bunu Ermənistanın razılığı olmadan etmək mümkün deyil. Hərçənd ATƏT-in Minsk qrupu artıq çoxdandır fəaliyyətsizdir, amma formal olaraq mövcuddur və bizim məsələmiz ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır? Yəni, Ermənistanın onun ləğv edilməsini, ATƏT-in Minsk qrupunun ləğv edilməsi üçün bizimlə birlikdə ATƏT-ə müraciət etməyi istəməməsi onu göstərir ki, revanşistlərin planları kifayət qədər ciddidir”. Beləliklə, ATƏT-in Minsk qrupu rəsmən ləğv olunmalıdır və bu da sülhün mühüm şərtidir.
Tahir TAĞIYEV