AZ

Aİ ABŞ-ın tariflərinə qarşı 95 milyard avroluq cavab planı hazırladı

BAKI, 8 may. TELEQRAF

Avropa Komissiyası ABŞ Prezidenti Donald Tramp tərəfindən tətbiq edilmiş bir sıra tariflərin aradan qaldırılması məqsədilə Vaşinqtonla aparılan danışıqlar uğursuz olarsa, ABŞ-dan idxal edilən məhsullara qarşı 95 milyard avroya (107.2 milyard dollar) qədər əks tədbirlər irəli sürüb.

Teleqraf xəbər verir ki, yeni tədbirlər Avropa İttifaqının Trampın avtomobillərə tətbiq etdiyi idxal vergilərinə və daha geniş miqyaslı “qarşılıqlı” tarif siyasətinə cavab olaraq nəzərdə tutulub.

Əks tədbirlər ABŞ-dən idxal olunan şərab, burbon və digər spirtli içkilər, balıq, təyyarələr, avtomobillər və onların ehtiyat hissələri, kimyəvi məhsullar, elektrik avadanlıqları, səhiyyə məhsulları və sənaye maşınlarını hədəfləyəcək.

Avropa Komissiyası bildirib ki, 10 iyuna qədər Aİ üzv dövlətləri və şirkətlərin bu təkliflərə münasibət bildirməsi üçün ictimai məsləhətləşmə başladılıb. Bundan sonra əks tariflərlə bağlı yekun qərar veriləcək və bu qərarın daha az həcmli ABŞ idxalına təsir göstərəcəyi ehtimal olunur.

“Avropa İttifaqı ABŞ ilə danışıqlar yolu ilə razılaşmalar əldə etməyə tam sadiqdir. Eyni zamanda biz bütün mümkün ssenarilərə hazırlaşmağa davam edirik”, –Komissiyanın Prezidenti Ursula von der Leyen bəyanatında deyib.

Qeyd edək ki, Aİ-nin potensial hədəfləyəcəyi məhsulların siyahısının açıqlanması ABŞ ilə Böyük Britaniya arasında ticarət razılaşmasının Tramp tərəfindən elan edildiyi günə təsadüf edib. Bu saziş Trampın qlobal tarif hücumunun vacib ticarət tərəfdaşına təsirini yumşaldan ilk razılaşma hesab olunur.

Hazırda Aİ ABŞ-nin polad, alüminium və avtomobil idxalına tətbiq etdiyi 25%-lik tarifləri və bütün məhsullar üzrə 10%-lik “qarşılıqlı” tarifləri ilə üz-üzədir. Bu rüsumlar Trampın 90 günlük fasiləsinin iyulun 8-də başa çatmasından sonra 20%-ə qədər arta bilər.

Komissiya dəfələrlə bəyan edib ki, qarşılıqlı tariflərdən ibarət mübahisə əvəzinə danışıqlar yolu ilə həllə üstünlük verir, lakin iyul ayına qədər həll tapılmasa, cavab tədbirlərinə hazır olmaq istəyir.

Seçilən
0
teleqraf.com

1Mənbələr