AZ

Bayden Trampa sərrast atəş açdı - “ay axmaq...”


Afsəddin Nəbiyev: “Həqiqətən də hansısa güzəşt Putini dayandırmayacaq”

Donald Tramp administrasiyasının bəzi ərazilərin Rusiyaya verilməsi üçün Ukraynaya təzyiq göstərməsi Putini sakitləşdirmək cəhdidir. Bunu ABŞ-nin keçmiş Prezidenti Co Bayden BBC-yə müsahibəsində deyib.

Jurnalistlər Baydenə xatırladıblar ki, o, dəfələrlə sülh sazişi çərçivəsində Ukrayna ərazilərinin Rusiyaya veriləcəyi təqdirdə Putinin dayanmayacağını deyib. Bayden cavab olaraq həmin fikrində qaldığını söyləyib: “Bunun əksinə inanan insanlar axmaqdır”.

Tramp administrasiyasının Ukraynanın sülh razılaşmasına nail olmaq üçün müəyyən ərazilərdən imtina etməli olması barədə mövqeyini şərh edən Baydenin sözlərinə görə, bu, Böyük Britaniyanın keçmiş Baş naziri Nevil Çemberlenin 1930-cu illərdə Avropada fəlakətli müharibədən qaçmaq üçün Adolf Hitleri sakitləşdirməyə çalışmasına bənzəyir.

Bayden həmçinin, Trampın Putinlə dialoqa yanaşma tərzini, ona əlverişli şərait yaratmasını pisləyib: “Mən sadəcə olaraq, insanların necə düşündüyünü başa düşə bilmirəm. Əgər biz bir diktatorun, qanqsterin ona məxsus olmayan böyük torpaq sahələrini ələ keçirməsinə icazə versək, bu, onu qane edəcək? Mən tam başa düşə bilmirəm”.

“Rusiya imperialist düşüncə təfəkkürndən qurtulmayanadək bu proses qaçılmazdır”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyev hesab edir ki, həqiqətən də hansısa güzəşt Putini dayandırmayacaq: “Bu, bir reallıqdır və bunu inkar etmək olmaz. ABŞ-ın keçmiş prezidenti Cozef Bayden həm hakimiyyətdə olduğu dövrdə, həm də indiki dövrdə dəfələrlə Rusiyanın işğalını əsassız adlandıran bəyanatlarla çıxış edib. O, hər zaman Rusiya prezidenti Vladimir Putini dəhşətli dərəcədə insan itkiləri və fəlakətlə nəticələnəcək məqsədyönlü müharibə aparmaqda ittiham edib. Cozef Bayden bütün bunları deməkdə haqlıdırmı? Əlbəttə haqlıdır. Rusiya böyük coğrafiyaya, böyük resurslara güvənərək XXI əsrdə beynəlxalq normaları heçə sayaraq işğalçılıq siyasətini həyata keçirməklə dünya nizamına böyük təhlükələr yaradır. Açığı Rusiyaya qarşı beynəlxalq aləmdə aparılan tədbirlər gözlənilən nəticələrə səbəb olmayıb. Hələ 2022-ci ilin 7 aprelində ABŞ-ın BMT-dəki nümayəndəsi Linda Tomas-Qrunfild Baş Assambleyada çıxış edərək, Buça qətliamına cavab olaraq Rusiya Federasiyasının BMT-nin İnsan Hüquqları Şurasından çıxarılmasını tələb edən Ukraynaya qoşuldu. Onlarla sanksiyalara baxmayaraq, Rusiya əzici gücünü nümayiş etdirməkdə davam edir. Bütün bunlar onu deməyə əsas verir ki, Rusiyanı bu müharibədən çəkindirəcək ciddi koalisiyaya ehtiyac yaranıb. Bayden çox doğru vurğulayıb, əgər Ukraynanın əraziləri Rusiyaya veriləcəyi təqdirdə Putinin növbəti işğalçılıq planları qaçılmazdır. Çünki keçmiş tarixin acı reallıqları ortadadır. Rusiya imperialist düşüncə təfəkkürndən qurtulmayanadək bu proses qaçılmazdır. Ona görə də yeni dünya nizamında işğalçı dövlətlərlə bağlı daha ciddi təzyiq mexanizmləri hazırlanmalıdır ki, heç bir dövlət işğalçılıq siyasətini həyata keçirməsin”.

Vidadi ORDAHALLI

Seçilən
0
baki-xeber.com

1Mənbələr