Pakistana son xain hücum Hindistana baha başa gəlib. Bu ölkə ordusunun say etibarı ilə üstünlüyünə baxmayaraq, müasir hərbi texnologiya qarşısında aciz olduğunu istəməsə belə bir daha dünyaya nümayiş etdirdi. Pakistan baş naziri Şahbaz Şərif parlamentdə çıxışı zamanı bununla bağlı bildirib:
“Pakistan xalqı 7 may gecəsi Hindistan Hərbi Hava Qüvvələrinin kütləvi hava hücumunun qarşısını alarkən Milli Silahlı Qüvvələrin nümayiş etdirdiyi peşəkarlıq, vətənpərvərlik və koordinasiya ilə qürur duymalıdır. Hindistan 85 qırıcı təyyarə ilə Pakistanın altı fərqli bölgəsinə, o cümlədən Azad Cammu və Kəşmir, Bahavalpur, Şakargarh və Sialkot bölgələrinə hava zərbələri endirməyə cəhd etdi. Lakin Pakistan Hərbi Hava Qüvvələri beş təyyarəni, o cümlədən üç “Rafale” qırıcısını vurdu. Onlardan biri Hindistanın Batxinda dairəsində qəzaya uğradı, həmçinin bir neçə pilotsuz uçuş aparatı məhv edildi”.
Şərif əlavə edib ki, Pakistan silahlı qüvvələri Hindistana ölkənin gücünü və hazırlığını göstərən sarsıdıcı cavab verdi: “Qarşı tərəfə verilən cavab onları çaşqın vəziyyətə saldı və Pakistanın nüvə dövləti kimi gücünü, şücaətini və qüdrətini dərk etməyə məcbur etdi. Artıq bu onların gecələr rahat yatmasına imkan vermir. Pakistan Hərbi Hava Qüvvələri Hindistan qırıcılarının rabitə sistemlərini susdura bilib və onları geri - Hindistanın Cammu və Kəşmir İttifaq Ərazisində yerləşən Şrinagara dönməyə məcbur edib. Pakistan Hindistanın Hərbi Hava Qüvvələrinin daha çox təyyarəsini vura bilərdi”. Şərifin sözlərinə görə, Pakistan xalqı bu böyük qələbə münasibətilə təbrikə layiqdir, çünki Silahlı Qüvvələr dəqiq məsləhətləşmələr və planlaşdırmadan sonra peşəkarlıq və vətənpərvərliklə koordinasiyalı şəkildə hərəkət etdilər. Pakistanlı ekspert Qeysər Nəvab isə qeyd edir ki, son toqquşmalar fonunda Hindistan qırıcıları barədə miflər məhv oldu: “Pakistan Hərbi Hava Qüvvələri Hindistan ordusuna məxsus Fransa istehsalı olan “Rafale” və Rusiya istehsalı olan Su-30 təyyarələrini vuraraq yüksək döyüş hazırlığı nümayiş etdirib. Əməliyyat Hindistan qırıcılarının texniki üstünlüyü haqqında miflərə meydan oxudu, güc və milli qürur simvolu olan Pakistanın “JF-17 Thunder” təyyarəsinin effektivliyini göstərdi. Pakistanın bütün təyyarələri bazalarına qayıdıb və ölkənin əsas strateji obyektləri etibarlı mühafizə altındadır. Pakistan xüsusən də mülki şəxsləri hədəf alan hücumlar baş verdikdə, BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, özünümüdafiə hüququna əl atır. Hindistanın cavabı ciddi yanlış hesablama idi. Pakistan nəinki özünü müdafiə etmək qabiliyyətini sübut etdi, həm də sülh və regional sabitliyə sadiqliyini bir daha təsdiqlədi. Bunun fonunda Azərbaycan Pakistana qardaş dəstəyini bir daha göstərdi. Münasibətlərimiz ümumi dəyərlərə, tarixi həmrəyliyə və beynəlxalq məsələlərdə qarşılıqlı dəstəyə əsaslanır. Belə möhkəm dostluq müsəlman dünyasında strateji tərəfdaşlıq nümunəsidir, regionda sülhün və sabitliyin möhkəmlənməsinə töhfə verir”. Qeyde dək ki, Hindistan Hərbi Hava Qüvvələri “Rafale”dən tutmuş təkmilləşdirilmiş “Mirage 2000” və Su-30MKI-dən çox istifadə edir, lakin hələ də müasir hava hücumundan müdafiə mühitində asan hədəflər olan köhnəlmiş “Jaguars” və MiG-21-lərə arxalanır. Onu da qeyd etmək lazımdır ki, ən yeni təyyarələrin əhəmiyyətli bir hissəsi “mənimsənilmə” mərhələsindədir. Məsələn, “Rafale” yenidir və hind pilotlarının hələ o qədər də real döyüş təcrübəsi yoxdur. Bundan əlavə, ölkənin coğrafiyası və maddi-texniki təchizatı sərhədyanı ərazilərə qüvvələrin köçürülməsində çətinliklər yaradır. Pilotsuz təyyarələrin və dəqiq silahların istifadəsi Hindistanın güclü tərəfidir, lakin qanadlı raketlərin və dronların əksəriyyəti xaricdən gətirilir.
Pakistan əsasən Çin və İtaliyanın orta və qısa mənzilli sistemlərinə əsaslanan çoxqatlı hava hücumundan müdafiə sistemi qurur. LY-80, FM-90 və “Spada 2000” raketləri əsas hədəfləri effektiv şəkildə əhatə edə bilən mobil sistemlərdir. Pakistanın hava hücumundan müdafiə vasitələri məhdud və ya dəqiq hücumları dəf etmək üçün kifayət qədər çevik və mobildir. Pakistanın təyyarə parkının əsası F-16 Blok 52 və “JF-17 Thunde”dir. Çin-Pakistan birgə proqramının məhsulu olan sonuncu orta mənzilli platforma kimi effektivliyini sübut edib: o, ucuzdur, saxlanması asandır və müasir raketləri daşıya bilir. F-16-lar əsas idarə olunan silah daşıyıcıları olaraq qalır. Saylarla bağlı məhdudiyyətlərə baxmayaraq, bu təyyarələr xüsusilə sərhədyanı ərazilərdə fəaliyyət göstərərkən yüksək döyüş effektivliyinə malikdir. Hər iki ölkə nüvə silahına və ərazi bütövlüyünə təhlükə yarandıqda onlardan istifadəni nəzərdə tutan rəsmi hərbi doktrinalara malikdir. Pakistanın müdafiə naziri Havaca Asif “Geo News” telekanalına açıqlamasında bildirib ki, Hindistan və Pakistan arasında gərginliyin artması nüvə müharibəsinə səbəb ola bilər: “Əgər Hindistan hökuməti regionu total müharibə meydanına çevirsə və təhlükəsizlik təhdidi yaranarsa, o zaman hər an nüvə müharibəsi başlaya bilər”. Asif vurğulayıb ki, Yeni Dehli hökuməti Pakistanı nüvə müharibəsinə sövq edərsə, Hindistan bunun yaratdığı nəticələrlə üzləşməli olacaq.
Samirə SƏFƏROVA