AZ

Hindistan-Pakistan müharibəsi Şimal-Cənub dəhlizinə təqribən bu qədər ziyan vura bilər...


Firdovsi Şahbazov: “Qarşıdurma davam edərsə bunun tranzit daşımalara təsiri qaçılmaz olacaq”

Cənubi Asiya regionunda sabitlik son günlər artan gərginliklər və hərbi əməliyyatlarla təhdid altındadır. Hindistanın müharibə aparmaqda israrı isə regionda təhlükəni daha da artırır. Pakistan aprelin 22-də Kəşmirin Hindistanın nəzarətində olan Palaqram bölgəsində baş verən, 26 nəfərin ölümü ilə nəticələnmiş hadisəni diqqətlə araşdıraraq, günahkarları məsuliyyətə cəlb etməyə, Hindistanı sülh danışıqları aparmağa çağırıb.

Hindistan isə əsassız olaraq bu hadisənin Pakistan hökuməti tərəfindən törədildiyini iddia edərək, müharibə və qarşıdurma yolunu seçib. Hindistanın Pakistana qarşı bir sıra hücumlar həyata keçirməsi bölgədə vəziyyəti daha da ağırlaşdırıb.

O da məlumdur ki, Hindistandan yüklər gəmi ilə İrana gətirilir. Daha sonra dəmir və avtomobil yolları vasitəsi ilə Şimal-Cənub nəqliyyat vasitəsi ilə Azərbaycan üzərindən Rusiyaya daşınır. Eyni ilə Rusiyadan da əks istiqamətdə yüklərin daşınması həyata keçirilir. Şimal-Cənub nəqliyyat dəhlizinin bir qolu da Orta Asiyadan keçir. Bu arada AZAL müharibə səbəbindən Bakı-Mumbay reysi üzrə uçuşları dayandırıb. Üstəlik, Pakistan bir neçə gün əvvəl öz hava sahəsini Hindistanın üzünə bağlayıb.

Maraqlıdır, Hindistanla Pakistan arasında yaşanan gərginlik, hərbi qarşıdurma Şimal-Cənub dəhlizi ilə daşımalara mənfi təsiri olacaqmı? Olacaqsa bu, hansı formada özünü göstərə bilər?

“Daşımaların azalması isə, həm İranın, həm də Azərbaycanın tranzit gəlirlərinin azalması deməkdir”

Sözügedən məsələyə aydınlıq gətirən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Hindistan-İran qarşıdurması hərbi müstəvidə davam edərsə və yaxud da tərəflər arasında dayanıqlı sülh olmasa bunun tranzit daşımalara təsiri qaçılmaz olacaq: “Çünki ölkələr arasında ticarət əlaqələrində bu amil olduqca həssasdır. Məsələn, Yəməndəki husi üsyançıların Qırmızı dənizdə gəmilərə hücumu Suveyş kanalı üzərindən daşımalara olduqca mənfi təsir göstərdi. Nəticədə kanal üzərindən daşımalar azaldı. Ticarət gəmiləri Afrikanın cənubundan istifadə etdilər ki, bu da daşıma xərclərinin kəskin şəkildə bahalaşmasına səbəb oldu. O baxımdan Hindistan-Pakistan qarşıdurması Şimal-Cənub dəhlizi ilə daşımalara təsiri olacaq. Məsələ ondadır ki, Çabahar limanı İranın Hind Okeanına çıxışı olan yeganə böyük limanıdır. Limanı Hindistan idarəçiliyə götürüb. Bu liman Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizində aparıcı rol oynayır. Rusiyadan göndərilən yüklər Azərbaycan və İran ərazisindən tranzit olaraq Çabahar limanına oradan isə Hindistanın Mumbay limanına çatdırılır. Əks istiqamətə də yüklər İran və Azərbaycan ərazisindən keçərək Rusiyaya çatdırılır. Bu marşrutun tam olaraq fəaliyyətə başlaması Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun tikilməsindən asılıdır. Bundan başqa İrandakı Bəndər-Abbas dəniz limanı vasitəsi ilə də yüklərin daşınması həyata keçirilir. Müharibə davam edəcəksə, iqtisadi fəallıq azalacaq və daşıma şirkətləri tərəddüd edəcək. Çünki istənilən qeyri-sabitlik iqtisadi əlaqələrə mənfi təsir edir. Daşımaların azalması isə, həm İranın, həm də Azərbaycanın tranzit gəlirlərinin azalması deməkdir. Eyni zamanda Hindistana bir sıra Rusiya məhsullarının gətirilməsi yubanacaq. Həmçinin bu, Hindistanda fəaliyyət göstərən xarici investorları narahat edəcək. Onlar belə vəziyyətdə layihələrə yenidən baxacaqlar”.

Vidadi ORDAHALLI

Seçilən
0
baki-xeber.com

1Mənbələr