AZ

Ermənistan hökumətinin "məxfi 2-ci bəndi" - Azərbaycanla delimitasiya prosesi pozula bilər...


“Hökumət yeni ərazilərin Azərbaycana verilməsi üçün dövlət büdcəsindən torpaq mülkiyyətçilərinə kompensasiyaların ödənilməsi barədə gizli qərar qəbul edib”. Bunu erməni jurnalist Voskan Sarkisyan sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, bu günlərdə Tavus vilayətinin rəisi Hayk Qalumyan Ermənistan hökumətinin 2025-ci il 23 aprel tarixli 474-N saylı qərarı ilə ayrılmış vəsait hesabına vətəndaşlara daşınmaz əmlaka görə kompensasiyaların ödənilməsi üçün komissiyanın yaradılması haqqında qərar qəbul edib: “Vilayət rəisi özünü həmin komissiyanın sədri, Tavus vilayəti bələdiyyəsindən isə beş məmur təyin edib. Bəs hökumətin 2025-ci il 23 aprel tarixli 474-N saylı qərarında nə deyilir? Bununla hökumətin 2024-cü il 27 dekabr tarixli “Ermənistanın 2025-ci il dövlət büdcəsinin icrasının təmin edilməsi tədbirləri haqqında” qərarının əlavəsinə dəyişiklik və əlavələr edilib. Həmin qərarın 2-ci bəndi məxfidir. Bunun bir mənası ola bilər: 2025-ci ilin dövlət büdcəsinə dəyişikliklər edilib ki, Tavus vilayətindən Azərbaycana verilən ərazilərin sahiblərinə pul kompensasiyası verilsin”. Bu fonda Ermənistanın Polşadakı keçmiş səfiri Edqar Qazaryan isə daha maraqlı iddia ilə çıxış edib. Onun sözlərinə görə, yaxın tezlikdə Gümrü müqaviləsi ləğv olunacaq və Ermənistan Qərbi Azərbaycan adlandırılacaq. Qazaryan bildirib ki, Ermənistanda Rusiyanın 102-ci hərbi bazasından əlavə, ikinci hərbi varlıq da var: “Bu, Rusiya FSB-sinin sərhəd qoşunlarıdır. Rusiyanın Ermənistandakı hərbi mövcudluğu müqavilələrlə tənzimlənir. Artıq rusiya sərhədçilərini “Zvartnots” hava limanından çıxarıblar, yaxın vaxtlarda Mehridən, daha sonra Ermənistan-Türkiyə sərhədindən də çıxaracaqlar”. Onun iddiasına görə, bu proses tamamlandıqdan sonra Rusiya sərhəd xidməti ilə müqavilə ləğv ediləcək: “Sonda Türkiyə Gümrü müqaviləsini dərhal geri götürəcək. Ermənistanın Qərbi Azərbaycan adlandırılması qərarı artıq verilib”. Xatırladaq ki, Gümrü müqaviləsi Türkiyə ilə Ermənistan arasında 1920-ci il dekabrın 2-dən 3-nə keçən gecə imzalanıb. Bu 18 maddəlik müqaviləyə uyğun olaraq 1920-ci ilin sentyabr-dekabr ayları arasında türk ordusu ilə erməni silahlı birləşmələri arasında baş verən hərbi əməliyyatlara son qoyulmalı idi. Müqavilənin şərtlərinə əsasən, Ermənistan hökuməti Türkiyə torpaqlarına iddiasından əl çəkməli, Ermənistan ərazisindən qovulmuş müsəlmanların qayıtması üçün şərait yaratmalı idi. Lakin daşnak hökumətinin nümayəndələri dekabrın 2-dən 3-nə keçən gecə Gümrüdə müqaviləni imzalamamışdan bir neçə saat əvvəl, İrəvandakı daşnak hökuməti Sovet Rusiyasının nümayəndəsi Leqran ilə Ermənistanda sovet hakimiyyətinin qurulması barədə müqavilə imzalayırlar. Bununla da 4 dekabrda İrəvana Sovet Rusiyasının ordu hissələri daxil olur. Nəticədə, Ermənistanda qurulan Sovet hökuməti Gümrüdə imzalanmış müqaviləni tanımaqdan imtina edir və onun qüvvədən düşdüyünü elan edir. İndi də bu məsələ Ermənistanda gündəmə gətilirilb. Ancaq qeyd edək ki, ermənilərin bu iddiasına baxmayaraq, Azərbyacanın bu ölkə ərazisində gözü yoxdur. Halbuki, indiki ermənistan tarixi Azərbaycan torpaqlarında yaranıb. Belə iddiaların sona çatması üçün Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalayıb sərhədlərin müəyyən olunmasını tezləşdirməlidir.

Bu fonda Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, Ermənistan və Azərbaycan delimitasiya və demarkasiya proseslərini davam etdirir və hazırda heç bir fikir ayrılığı yoxdur: “Delimitasiya və demarkasiya prosesi davam edir. Prosesin gələcəkdə davam etdirilməsinin nəzərdə tutulduğu bölmələr hazırda müzakirə olunur. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, biz bu prosesi başa çatdırmaq niyyətindəyik və bunun Gürcüstan sərhədindən İran sərhəddinə qədər həyata keçiriləcəyini artıq qeyd etmişik”. Azərbaycan üçün əsas strateji məqsəd düşmənçilik tarixçəsinə baxmayaraq, qonşu dövlətlərlə sülhə əsaslanan, qarşılıqlı hörmət və əməkdaşlıq ruhunda münasibətlər qurmaqdır. Ermənistanla münasibətlərin normallaşması regionda uzunmüddətli sabitliyin əsas şərti olaraq qalır. Münasibətlərin normallaşaması üçün Zəngəzur dəhlizinin açılması da şərtdir. Erməni ekspertlər bildirir ki, Zəngəzur dəhlizi açılmasa, onda İrəvan ciddi təzyiq altında qalacaq. Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov da bunu istisna etmir: “Tarixi reallığı nəzərə alsaq, Zəngəzur dəhlizinin açılması Azərbaycana lazım olmayacaq. 1920-ci ildə Naxçıvan-Azərbaycan arasında Ermənistana aid ərazi məhfumu olmayıb. Sərhədlər Göyçənin ortasından keçirdi. Zəngəzur da məhz Azərbaycana aid bir ərazi idi. Sadəcə, Azərbaycan xalqının mövqeyi nəzərə alınmadan Zəngəzur ərazisi Ermənistana verilib. Bu qərarı vaxtilə Orconikidze verib. (1917-ci il inqilabında yaxından iştirak edən Serqo Orconikidze Ermənistan və Gürcüstanda sovet hakimiyyətinin qurucularından olub). Sonradan digər Azərbaycan torpaqları da ermənilərə güzəştə gedilib”. Azərbaycanın həmin torpaqlar üzərində tarixi haqqı var.

Nahid SALAYEV

Seçilən
0
baki-xeber.com

1Mənbələr