AZ

Əhmədiyyə Cəbrayılovun ruhu Makrona qənim olsun - Milli Qəhrəmana qarşı unutqanlıq...


Faiq Ələkbərli: “Faşizm üzərində qələbənin 80 illiyi ilə bağlı keçirilən tədbirlərə Azərbaycan səfirinin dəvət olunmaması Makron hakimiyyətinin qərəzini, bizə qarşı düşmən mahiyyətini ortaya qoyur”

Mayın 8-də Parisdə İkinci Dünya müharibəsində Almaniya üzərində qələbənin 80-ci ildönümü münasibətilə genişmiqyaslı tədbirlər planlaşdırılır. Təntənəli tədbirə demək olar ki, bütün səfirliklər dəvət edilsə də, Azərbaycan səfiri Leyla Abdullayevaya dəvət göndərilməyib. Bu barədə məlumat sosial şəbəkələrdə və media orqanlarında yayılıb.

İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin əldə olunmasında azərbaycanlı qəhrəmanların, xalqımızın oğul və qızlarının şücaəti bu gün də dillərdə dastandır.

Fransanın özünün Hitler Almaniyasının işğalından azad olunmasında azərbaycanlıların rolunu nədənsə ermənipərəst Emanuel Makron görmək istəmir. Fransa Müqavimət Hərəkatında Azərbaycan övladlarının iştirakına, qəhrəmanlığına göz yummaq Makronun riyakarlığından irəli gəlir.

“Mişel Ahmad”, "Xarqo", "Fraji", "Qoçaq", "Ryus Armed" kimi adını Fransanın tarixinə yazdıran

Fransa Müqavimət Hərəkatında yaxından iştirak edən Əhmədiyyə Cəbrayılovu yaddan çıxaran Makronun məqsədi aydındır. Xatırladaq ki, Ə.Cəbrayılov

Fransanın ən yüksək ordeni ilə təltif edilib. Bundan əlavə, Fransa rəhbərliyi ona Hərbi Xaç, "Döyüş Şücaəti" Xaçı, "Fransız Müqavimət Hərəkatı" medalı, "Cəsarət" medalı verib. Tədqiqatçılara görə, Ə. Cəbrayılov Fransa naminə vuruşan yeganə soydaşımız olmayıb, başqa azərbaycanlılar da bu ölkənin uğrunda döyüşüb, onun işğaldan azad edilməsi üçün canlarını belə əsirgəməyiblər.

Yeri gəlmişkən, İkinci Dünya Müharibəsində alman faşistlərinə qarşı Müqavimət hərəkatına rəhbərlik etmiş Şarl de Qollun Stalinlə görüşmək üçün 1944-cü ildə Moskvaya gedərkən Bakıdan keçdiyi yazılır. Eyni zamanda başqa bir məlumata görə, Şarl De Qol ikinci dəfə Bakıya Ə.Cəbrayılovla gəlib.

Şarl de Qollun azərbaycanlı silahdaşı Əhmədiyyə Cəbrayılov o dövrü belə xatırlayırdı: “Mən bəstəboy, arıq bir oğlan idim. Partizanlara qoşulandan sonra aylarla onlar məni sınadılar. Saysız-hesabsız əməliyyat tapşırıqlarına gedərək, get-gedə partizanların rəğbətini qazanmağa nail oldum. Həmişə başıma fransız kepkası qoyardım ki, sadə fransızlardan seçilməyim. Bir gün elə oldu ki, Şarl de Qolla əməliyyata gedəsi oldum. De Qoll hansısa bir ərəfədə qabağa keçərkən ona dedim ki, sən keç arxaya və özüm qabağa getdim. De Qoll dedi ki, niyə belə edirsən? Cavab verdim ki, əgər səni vursalar bütün Fransa partizanları, müqavimət hərakatı başsız qalacaq, əgər məni vurası olsalar, heç bir qorxusu yoxdur”.

De Qoll Əhmədiyyənin bu sədaqətindən, cəsarətindən vəcdə gəlir və onların birgə əməliyyatları həmin gün uğurla başa çatır. Lakin əsl dostluqlarının təməli elə o gün qoyulur. Sonralar saysız-hesabsız döyüş tapşırıqlarını yerinə yetirən Əhmədiyyə 1945-ci ilin mayında birinci fransız ordusunun tərkibində döyüşlərə qatılır. 1946-cı ildə Əhmədiyyə qəti qərara gəlir ki, vətənə qayıtsın. Şarl de Qoll nə qədər onu dilə tutursa ki, getmə, sənə hər cür şərait yaradacağam, xeyri olmur. Nəhayət, 1946-cı il 25 noyabrda Armed Mişel ləqəbli Əhmiyyə Cəbraılov SSRİ-yə qayıdır. Burada onu “vətən xaini” kimi qəbul edirlər və mükafatlarının bir hissəsini də əlindən alırlar. Şarl de Qoll Sovet rəhbərlərinin iştirakı ilə keçən məclislərin birində azərbaycanlıların şərəfinə badə qaldırır. Sağlıq söyləyərkən qeyd edir ki, partizanlıq etdikləri vaxtı Əhmədiyyə ilə barmaqlarını çərtərək qədim əyyamların adət-ənənəsinə uyğun qanlarını birləşdirib qan qardaşı olublar. Əhd-peyman bağlayıblar ki, heç bir zaman bir-birini unutmayacaqlar. General son cümləsində, sovet rəhbərlərini riqqətə gətirəcək bir söz də deyir: "Mən bu Azərbaycan oğluna görə, SSRİ ilə Fransanın yaxınlaşmasına qərar verdim".

Bəli, Şarl De Qol məhz Əhmədiyyə Cəbrayolova görə SSRİ ilə Fransanı yaxınlaşdırıb. Bu gün isə Makron Əhmədiyyə Cəbrayılovun vətənini təmsil edən Azərbaycanın Fransadakı səfirini qələbə paradına dəvət etməyib. Bu da obnu göstərir ki, Makron neofaşizmin tərəfdarıdır və özü də bu mənfur ideyaya xidmət edir.

“Əhmədiyyə Cəbrayılovun və digər qəhrəman azərbaycanlıların Fransa naminə mübarizəsini təəssüf ki, Makron görməzdən gəlir”

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, Fransa həmişə Azərbaycana qarşı qərəzli mövqe tutub, zaman-zaman bu qərəzi gizlətməyə çalışsa da, ancaq bunu gizlətməyə nail olmayıb. “Makron hökuməti isə bu qərəzi açıq şəkildə göstərir. Öz siyasi maraqları naminə çox üzlü siyasət aparır, riyakarlıq edir.

Fransa Azərbaycana və digər türk, müsəlman xalqlarına qarşı həmişə ikiüzlü, qərəzli siyasət yürüdüb. Parisdə faşizm üzərində qələbənin 80 illiyi ilə bağlı keçirilən tədbirlərə Azərbaycan səfirinin dəvət olunmaması Makron hakimiyyətinin qərəzini, bizə qarşı düşmən mahiyyətini ortaya qoyur. Halbuki, İkinci Dünya müharibəsi dövründə Fransanın faşist Almaniyasının işğalından azad olunmasında azərbaycanlıların böyük əməyi olub. Əhmədiyyə Cəbrayılov başda olmaqla digər azərbaycanlılar Fransanın müdafiəsində, işğaldan azad olunmasında xüsusi rol oynayıblar, böyük qəhrəmanlıqlar göstərir. Əhmədiyyə Cəbrayılovun və digər qəhrəman azərbaycanlıların Fransa naminə mübarizəsini təəssüf ki, Makron görməzdən gəlir. Əslində bu tədbirlərdə Azərbaycan səfirinə, azərbaycanlılara daha geniş yer ayrılmalı idi, onlar bu tədbirlərə xüsusi dəvət edilməli idilər”.

F.Ələkbərli bildirdi ki, biz bunun əksini gördük və Fransadakı səfirimiz L.Abdullayeva o tədbirlərə dəvət almadı, burda yenə də Ermənistana böyük qayğı ilə yanaşıldı. “Bilirik ki, İkinci Dünya müharibəsində ermənilər kütləvi şəkildə faşizmə xidmət ediblər. Bunların arasında faşist Njdeni, nasit Dronu göstərə bilərik ki, onlar Hitlerin əlaltısı kimi dinc insanlara qarşı tükürpədici cinayətlər törədiblər. Bu gün Ermənistanda faşizm özünün “intibah” dövrünü yaşayır, bu ölkədə faşizmə xidmət edənlərə heykəllər qoyulub, Fransanın prezidenti Makron bu “görmür”. Amma Makron hökuməti Azərbaycana qarşı öz kin-küdurətini göstərməyə fürsət gəzir və öz qərəzini ifadə edir. Əlbəttə, Azərbaycan bundan heç nə itirmir, amma Fransa bir daha dünya qarşısında ifşa olunur. İkinci Qarabağ müharibəsində Fransa Ermənistanı və Qarabağdakı separaçıları dəstəkləsə də, Azərbaycan öz sözünü dedi, torpaqlarını işğaldan azad etdi. Makron hökumətinin Azərbaycan əleyhinə atdığı bütün addımlar fransızlara baş ucalığı gətirmir, onlar bu addımlarla fransızları dünyada biabır edirlər”.

F.Ələkbərli qeyd etdi ki, Fransa hökumətinin apardığı siyasət fransız demokratiyasına, eləcə də insanlığa ziddir. O, hesab edir ki, Makronun faşizmə qarşı mübarizə aparan, antifaşist siyasət yürüdən Azərbaycanı yox, müsir dövrdə faşizmə xidmət edən Ermənistanı dəstəkləməsi insanlığa, bəşəriyyətə zidd məsələdir.

İradə SARIYEVA

Seçilən
0
baki-xeber.com

1Mənbələr