AZ

Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib

Qazax, 8 may, Ruslan Novruzoğlu, AZƏRTAC

Qazax Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Ümummilli Lider Heydər Əliyev müstəqil, suveren, demokratik, hüquqi dövlətin Azərbaycan modelinin müəllifidir” adlı elmi-praktik konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qazax Rayon Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, media nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla anıblar.

Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunmuş kitab və fotoşəkillərdən ibarət “Məşələ çevrilən həyat” başlıqlı sərgiyə baxış keçirilib. Mərkəzdə davam etdirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş “İz” filmi nümayiş etdirilib.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Heydər Əliyev Azərbaycan dövlətçiliyinin dünəni, bu günü və sabahıdır. Heydər Əliyev zamanında dünyada sülhün carçısı imicini qazanmış, əmin-amanlığın qarantına çevrilmiş dahi bir şəxsiyyətdir. Tarix Ümummilli Lider Heydər Əliyevi XXI əsrin əvvəlində tərəqqi edən Azərbaycanın təməlini qoymuş şəxs kimi yaddaşında əbədi yaşadacaq. Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilən müdrik və uzaqgörən siyasət nəticəsində müasir müstəqil Azərbaycan dövləti möhkəmləndi. Dövlətimiz dahi liderinin rəhbərliyi altında tamamilə yeni inkişaf mərhələsinə qədəm qoydu.

Ümummilli Lider Heydər Əliyevin adı təkcə Azərbaycanın tarixinə deyil, həm də dünya siyasətinin tarixinə fenomenal şəxsiyyət, dahi lider, uzaqgörən dövlət başçısı kimi həkk olunub. O, Azərbaycan xalqı üçün həm də bütün sahələrin inkişafının qeydinə qalan, xalqın hər bir təbəqəsini eyni cür düşünən, ölkənin daha perspektivli gələcəyi üçün hər cür imkanlar yaradan rəhbər və lider idi. O, hər zaman Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Bu illər ərzində Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş onun adı ilə bağlıdır.

Seçilən
0
azertag.az

1Mənbələr