AZ

İstanbulda keçirilən 28-ci Avrasiya İqtisadi Zirvəsi başa çatıb

İstanbul, 8 may, Günel Karatepe, AZƏRTAC

İstanbulda Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi tərəfindən təşkil olunan 28-ci Avrasiya İqtisadi Zirvəsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, ənənəvi olaraq zirvənin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçıkatına ünvanlanmış məktubu oxunub. Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov tərəfindən oxunan məktubda həm vəqfin fəaliyyətindən, həm də zirvə toplantılarının əhəmiyyətindən bəhs edilib. Məktubda, həmçinin Ümummilli Lider Heydər Əliyevin bu zirvə toplantılarına verdiyi böyük önəm qeyd edilib.

Toplantıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da tədbir iştirakçılarına ünvanlanmış məktubu oxunub.

İki gün davam edən toplantıda iqtisadiyyat, enerji, süni intellekt, səhiyyə kimi bir çox sahələr ətrafında müzakirələr aparılıb.

Tədbir çərçivəsində Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin yaradılmasının 40-cı ildönümü münasibətilə 16 nominasiya üzrə təsis edilən mükafatlar sahiblərinə təqdim olunub. Mükafatın vəqfin əbədiyyətə qovuşan üzvləri və könüllülərindən ibarət dünyanın tanınmış nüfuzlu ictimai-siyasi xadimlərinə həsr olunan nominasiyaları arasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə ithafən hazırlanan “Türk Dünyası Mükafatı” da yer alıb. Bu mükafat səfir Rəşad Məmmədov tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, Nobel mükafatı laureatı, dünyaşöhrətli alim Aziz Sancara təqdim edilib.

Mükafatlar “Süleyman Dəmirəl-Demokratiya”, “Zhelyu Zhelev-Fəlsəfə”, “Erhard Busek-İdarəçilik”, “Bernard Levis-Tarix”, “Corc Maroviç-Mədəniyyətlərarası Dialiq”, “Şahap Kocatopçu-İxracat”, “Hüsamettin Kavi-Sənaye”, “Jak Kamhi-Sevgi və Sülh”, “Ahmet Samsunlu- Ətraf Mühit”, “Yüksel Çengel-Siyasət”, “Ogan Soysal-Xarici İşlər”, “Yalçın Sönməz-Sənaye Bölgəsi”, “Orsçelik Balkan-Yaradıcı Düşüncə”, “Sami Kohen-Media” və “Hadi Türkmen-Əngəlsiz Həyat” nominasiyaları üzrə hazırlanıb.

Zirvəyə dəvət olunanlar arasında “Azərbaycanın Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyi də var. Tədbirdə birliyin təmsilçiləri tərəfindən Qərbi Azərbaycanın zamanla yer üzərindən silinmiş tarixi-memarlıq abidələri və digər mədəni irs elementlərini tərənnüm edən dekorativ tətbiqi sənət nümunələri sərgilənib.

Xatırladaq ki, bu il “Yaşana bilən bir dünya üçün dialoq” mövzusunda təşkil edilən tədbirdə 50-yə yaxın ölkədən 300-dən çox siyasətçi, diplomat, akademik, dini lider və iş adamı iştirak edib.

 

Seçilən
0
azertag.az

1Mənbələr