AZ

"Google"un yeni "Simplify" funksiyası mətnləri sadələşdirəcək

"Google" şirkəti iOS əməliyyat sistemi üçün nəzərdə tutulmuş tətbiqində istifadəçilərin açdıqları veb saytlarındakı çətin anlaşılan mətnləri daha asan dildə təqdim etmək üçün süni intellektdən istifadə edən yeni "Simplify" (Sadələşdir) funksiyasını istifadəyə verib. 

Valyuta.az xəbər verir ki, bu xüsusiyyət əsas detalları qorumaqla mürəkkəb onlayn mətnlərin daha rahat başa düşülməsini təmin edəcək.

"Google" "iPhone" istifadəçilərinin internetdə qarşılaşdıqları mürəkkəb mətnləri daha yaxşı anlamaları üçün bu süni intellekt alətini hazırlayıb. iOS üçün olan "Google" tətbiqində istifadəyə verilən "Simplify" funksiyası istənilən mətn seçildikdə, veb səhifədən çıxmadan onun daha sadə və anlaşılan versiyasını təqdim edir.

"Google Research" tərəfindən hazırlanan bu funksiya "Google"un "Gemini" adlı süni intellekt modelinə əsaslanaraq, texniki terminləri hamının başa düşə biləcəyi şəkildə sadələşdirmək məqsədi daşıyır.

Məsələn, bu funksiya tibbi hesabat və məqalələrdə tez-tez qarşılaşılan “amfizem” (ağciyərlərdə hava kisəciklərinin zədələnməsi ilə xarakterizə olunan xəstəlik) və “fibrozis” (zədələnməyə cavab olaraq inkişaf edən bağ toxuması və ya çapıq) kimi anlayışları izah edir və oxucuların bu terminlərin mənasını axtarma ehtiyacını aradan qaldırır.

İstifadəçilər tətbiqi bəyəndiklərini bildiriblər. "Google" testlər zamanı istifadəçilərin sadələşdirilmiş mətnləri “orijinal mətnlərə nisbətən daha faydalı” hesab etdiklərini açıqlayıb. Bu funksiyaya iOS üzərindəki "Google" tətbiqində veb sayt oxuyarkən, istənilən mətn hissəsini seçib menyudan "Simplify" ikonuna toxunmaqla daxil olmaq mümkündür.

"Google", bu funksiyanın "Android" və masaüstü "Chrome" istifadəçiləri üçün nə vaxt təqdim olunacağı ilə bağlı hələlik açıqlama verməyib. Lakin yaxın vaxtlarda bu sistemlər üçün də istifadəyə veriləcəyi gözlənilir.

Paşa Məmmədli

Seçilən
0
valyuta.az

1Mənbələr