Bakı, 8 may, AZƏRTAC
Azərbaycanın Latviyadakı səfirliyində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən səfir Elnur Sultanov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş tarixi şəxsiyyət olduğunu, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycanın Heydər Əliyevin həyat amalının təntənəsi olduğunu və Ulu Öndər tərəfindən əsası qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Səfir ölkəmizin ağır bir zamanında xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyevin öz müdrik siyasəti və yorulmaz fəaliyyəti ilə xalqımızı bəlalardan xilas etdiyini, müasir və müstəqil Azərbaycan dövlətinin qurulmasına nail olduğunu qeyd edib. O, Azərbaycanın öz liderinin rəhbərliyi ilə yeni inkişaf yoluna qədəm qoyduğunu qeyd edərək, Ulu Öndərin müəllifi olduğu milli inkişaf strategiyasının məharətlə həyata keçirildiyini vurğulayıb. E.Sultanov 2025-ci ilin Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edildiyini, Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş ilk Konstitusiyanın müstəsna əhəmiyyətindən bəhs edib.
Həmçinin qeyd olunub ki, Ümummilli Liderin şah əsəri olan güclü Azərbaycan dövləti Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə öz suverenliyini və ərazi bütövlüyünü qorumağa qadir olduğunu 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi və 2023-cü ildə keçirilən lokal antiterror tədbirləri nəticəsində şanlı Zəfər qazanmaqla sübuta yetirib.
Səfir Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri olan, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyevin xalqımız tərəfindən əziz xatirəsinin daim uca tutulduğunu və minnətdarlıqla anıldığını vurğulayıb.
Tədbirdə Latviya Seyminin üzvü, eyni zamanda, Seymin Azərbaycan Parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun üzvü Amil Səlimov çıxış edərək Heydər Əliyevin bütün həyatını Azərbaycan xalqına həsr etdiyini bildirib. Deputat müasir və müstəqil Azərbaycanın Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin təntənəsi olduğunu və Ulu Öndərin əsasını qoyduğu islahatların həyata keçirilməsi nəticəsində Azərbaycanın güclü və regionun lider dövlətinə çevrildiyini söyləyib. O, hazırda Azərbaycana rəhbərlik edən Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu və uzaqgörən siyasətini digər ölkələrdə, o cümlədən Latviyada yaşayan həmyerlilərimiz tərəfindən böyük rəğbətlə qarşılandığını vurğulayıb.
Sonra Latviyada fəaliyyət göstərən “Azəri” cəmiyyətinin sədri Ulduzxan Əhmədov çıxış edib. O, Azərbaycan xalqının hələ ötən əsrin 70-ci illərindən başlayaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycanın tarixində inkişafın və müstəqilliyə gedən yolun təməllərini qoyduğunu dərk etdiyini və qiymətləndirdiyini bildirib. U.Əhmədov, həmçinin Heydər Əliyev tərəfindən Azərbaycan gəncliyinin təhsilinə verilən önəm barədə bəhs edib.
Daha sonra Latviyada fəaliyyət göstərən “Azəri Vəhdət” cəmiyyətinin sədri Əlirza Hüseynov çıxış edib. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycan Prezidenti olduğu dövrdə Latviyadan olan nümayəndə heyətləri ilə keçirilən məzmunlu görüşlərdən və Ulu Öndərin Azərbaycan-Latviya münasibətlərinin yaradılmasındakı əhəmiyyətli rolundan bəhs edib, həmçinin Ulu Öndər ilə bağlı xoş xatirələrini bölüşüb.
Tədbirdə Latviyada yaşayan Azərbaycan icmasının üzvləri, eləcə də Latviyada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.