AZ

Leyla Vəzirova: “Cəllad sifətlərinə baxa bilmirəm” -SÖHBƏT

 “Bakıda ermənilərin məhkəməsini izləyirəm, amma çox da sevmədiyim səhnədir”

“Ancaq soruşardım ki, məsələn, Şuşa adının mənasını bilirsinizmi?  Qoy başa salsınlar, izah etsinlər, bilirlərsə.”

“Bəlkə, bəsit səslənəcək sualım, istəyərdim sual verim ki, siz hansı əsaslara söykənərək özünüzü qarabağlı, şuşalı hesab edirsiniz?" 

Erməni separatçılarının məhkəməsi gedir. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilən erməni separatçıları törətdikləri cinayətlərə görə məhkəmə qarşısında cavab verirlər. Bu gün də məhkəmə olacaq – 8 may 2025-ci il tarixində. 2020-ci ilin 8 noyabrına qədər bu tarixi erməni separatçıları “bayram” edirdi. Göz dağı verməyə çalışırdılar xalqımıza. Hər bir azərbaycanlının o mənzərələri seyr edə-edə “çox da sevinməyin, yaman günün ömrü az olar, deyib atalar. Bu xalq Vətən torpağını indiyədək kimsəyə peşkəş etməyib, sizə də etməyəcək. Gün gələcək, Qarabağa, Şuşaya qayıdacağıq. Görək o zaman belə oynaya biləcəksizmi?!” düşündüyünə də əminəm. Və biz qayıtdıq! Ruhumuzun Vətəni Şuşanı da azad etdik. Nəyi bizdən oğurlamışdılarsa, artıqlamasıyla geri qaytardıq. Boşuna deməyiblər, ay dönər, il dönər, gün gələr hesab dönər. Bu gün hesablaşmaq vaxtıdır. Məhkəmədə şahidlər ifadə verir. Ağlımdan nə keçir?.. Süni intellekt indi dünyanı “ələ alıb”. Maraqlı olardı, süni intellektin köməyi ilə o məhkəmə salonunda, Pənah xan, Xurşidbanu Natəvan, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Üzeyir bəy, Əhməd bəy Ağaoğlu, Cabbar Qaryağdıoğlu, Süleyman Ələsgərov, Yusif Vəzir Çəmənzəminli və adlarını çəkəcək olsam, səhifənin dolub-daşacağı Azərbaycanın digər görkəmli elm, sənət, siyasət xadimlərini canlandırsınlar. Maraqlıdır, nə deyərdilər onlar erməni separatçılarına? (erməni cəlladları, cinayətkarlar yazmağı çox istəyirəm, amma məhkəmə gedir deyə, hüquqa hörmət etmək də borcumuzdur – M.R.)  Əminəm, hər biri onları elə tutarlı suallarla mat qoyardılar ki, gözlərini döyə-döyə qalardılar. Və xəbisliklə dolu ürəklərində “bunlar həqiqətən dahidir, amma biz etiraf edə bilmirik və bilmərik”, düşünərdilər yəqin. Xoşbəxt xalqıq ona görə ki, dünya səviyyəli dahilər yetirib bu torpaq. Xoşbəxtik həm də ona görə ki, o dahilərin varisləri bu gün həyatdadırlar və ulularımızın nəslini davam etdirirlər. Babalarının əvəzinə onlar danışır. Buna haqqı çatır onların. 

Yusif Vəzir Çəmənzəminlinin nəvəsi Leyla xanım Orxan qızı Vəzirova. Bu incə, zərif, alicənab, danışığından, davranışından nəzakət yağan xanım eynən babası Yusif Vəzir kimi həm də sanki hüquqşünas ixtisasına yiyələnib və hakim qismində çıxış etməyə hazırdır. Baxmayaraq ki, dilçidir, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professorudur. Mayın 8-i Leyla xanımla həmsöhbət olmaq keçdi ürəyimdən. 28 il mayın 8-i xalqımız üçün kədərli tarix oldu. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti ilə şanlı ordumuz şəhidlərimizin qanı bahasına torpaqlarımızı işğaldan azad etdi və 5 ildir ki, qəlbimiz fərəhdən pərvaz edir. Şuşanın əsirliyi də bitdi, azad şəhərdir artıq. Belə bir tarixi əhəmiyyətli gündə Şuşadan danışmağa mənəvi haqqı çatanlardan biri də Leyla xanım Vəzirovadır. Görəsən, Leyla xanım erməni separatçılarının məhkəməsində iştirak etsəydi, nə deyərdi onlara, hansı sualı verərdi? 
– Çox xoşdur ki, Şuşa ilə bağlı mənə zəng edirsiniz, danışmağımı istəyirsiniz. Elə bilirəm babamın, atamın, nənəmin... dünyadan köçmüşlərimizin ruhu sevinir. Bilirsiz ki, Yusif Vəzir Çəmənzəminli Şuşada anadan olub. Yusif Vəzirin atası Məşədi Mirbaba Mirabdulla oğlu Şuşa bəylərindən biri idi. Onun bəyliyi 1873-cü ildə Şuşa qəza idarəsi tərəfindən təsdiq edilib, ona bu haqda şəhadətnamə verilib. Bizim Vəzirov soyadımız isə ulu babamız Mirzə Əliməmməd ağadan gəlir. Mirzə Əliməmməd ağa Qarabağ xanı İbrahimxəlilin nüfuzlu  vəziri olub. Həm də qəribədir ki, Mirzə Əliməmməd ağa İbrahimxəlil xan tərəfindən Osmanlı imperiyasına səfir təyin edilibmiş. Amma 1797-ci ilin iyun ayında İran hökmdarı Ağaməhəmməd şah Qacar Şuşanı zəbt etdiyi zaman Mirzə Əliməmmədağanı dustaq etdirib qətlə yetirirlər. Mirzə Əliməmmədağaya qismət olmayan səfirlik 2 əsr sonra babam Yusif Vəzirə qismət oldu. Bilirsiz ki, Yusif Vəzir Çəmənzəminli Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədə ilk səfiri olub. Məhkəmə ilə bağlı sualınıza cavab verəcəm. Amma əvvəlcə bizim üçün çox xoş, sevindirici hadisədən danışmaq istəyirəm. Sevinclə də bildirirəm ki, babamın Şuşadakı evinin önündə lövhə qoyulub artıq... 

- Nə gözəl... Leyla xanım, ötən müsahibəmizdə demişdiniz Şuşaya səfər edəndə babanızın yaşadığı evi axtarmısınız, çətinliklə tapmısınız... 
-  Bəli, Şuşa azad olunandan sonra mən 2 dəfə ora səfər etmişəm. Onda Şuşa öz sakinlərini hələ qəbul etməmişdi. İlk dəfə REAL TV sənədli filmin çəkilişinə dəvət etdi, Şuşaya səfər etdim, ikinci dəfə isə Azərbaycan Dövlət Televiziyası Y.V.Çəmənzəminlinin 135 illiyinə həsr olunmuş veriliş hazırlayırdı, qardaşımla birlikdə Şuşaya getdik. O vaxt babamın evinin yerini təxmini tapa bildik. Məlumdur ki, işğalçı ermənilər azərbaycanlılara məxsus abidələri bütün dağıtmışdılar. Yusif Vəzirin yaşadığı evin qarşısında işğaldan əvvəl də memorial lövhə vardı, bilinirdi ki, burada görkəmli xadim yaşayıb. O, Yusif  Vəzirin boya-başa çatdığı ev idi. Ermənilər qoyardımı o ev salamat qalsın?!. Darmadağın etmişdilər. Biz uşaq yaddaşımızda qalan izlərlə təxmini tapdıq o evi. Həm də şuşalılardan soraqlaşdıq. İndi isə təsdiqlənib artıq, Yusif Vəzirin yaşadığı evin yeri Şuşa Dövlət Qoruğu İdarəsi tərəfindən müəyyən edilib və qarşısında Azərbaycan  və ingilis dillərində qeyd yazılmış lövhə qoyulub. Həmin ev dövlət reyestrinə daxil edilib, dövlət tərəfindən qorunan tarixi-memarlıq abidələri siyahısına daxil edilib. Oradan çəkilmiş görüntünü bizə göndərdilər. Bu, çox sevindirici idi. Hətta videoda “Yusif Vəzir Çəmənzəminlinin evi təsdiqləndi, “Urra" sözü də yazılmışdı. Evin yeri bilinir artıq, əlbəttə, dövlətimiz tərəfindən bərpa olunacaq və bu, çox böyük önəm daşıyacaq, o baxımdan ki, Şuşaya gələn xarici qonaqlar da görəcəklər Şuşada necə görkəmli insanlar yaşayıb, Şuşamız necə güclü dövlət və ictimai xadimlərin Vətənidir. Və ermənilərin Şuşaya heç bir aidiyyəti yoxdur. İnanırıq ki, babamın mülkü ev-muzeyi kimi fəaliyyət göstərəcək. Bir daha təsdiqlənəcək ki, Şuşa Azərbaycan şəhəridir. Bura neçə-neçə dahi insanların Vətəni, onların şəhəri, istedadlar yurdudur. 

- Babanızın evi Şuşanın hansı ərazisindədir, Leyla xanım? 
- Babamın evi Şuşanın "Hamamqabağı" məhəlləsindəydi. Yuxarı Gövhər Ağa məscidinin yaxınlığında. Ora Şuşanın mərkəzi hesab edilir. Evin yerləşdiyi küçə Nəcəf bəy Vəzirovun adını daşıyırdı. Evin əvvəlki vəziyyətini əks etdirən foto da var. Yəqin fotoya uyğun bərpa ediləcək. 5 yaşım olanda ailəmizlə birlikdə çəkilmiş fotomuz var. Sonuncu dəfə1977-ci ildə olmuşduq Şuşada. O zaman 10 yaşım vardı. Daha çox yadımda qalan həmin ildəki Şuşa səfərimizdi. Bəlkə də o zaman artıq şox şeyləri yaddaşımda saxlayacaq yaşda olmuşam, ona görə...  

- O vaxtkı Şuşa ilə hazırkı fərqlidirmi? 
- Fərq çoxdur. Mən 2 dəfə olmuşam Şuşada, işğaldan azad edildikdən sonra. Biz gedəndə, sakinlər hələ köçməmişdi. İndi Şuşa əhalisi olan, sakinlərinin doğma yurda qayıtdığı, daha da gözəlləşmiş, yaraları sağalmış, doğma insanlarının, onun qədrini bilən, hər addımı üçün canlarını verməyə hazır olan (canlarından da keçən) insanlarının yaşadığı şəhərdir. O zaman da Şuşa gözəl idi. Havası sərin, insanları da gözəl, yaraşıqlı, mehriban… Qarabağın gözü Şuşadı. Şuşa nazlı gəlindi. Neçə-neçə müharibələr gedib Şuşa üstündə. Çoxları Şuşaya sahib olmağa çalışıblar, amma Şuşanın  əsl sakinləri biz – Azərbaycan xalqıdır. 

- Leyla xanım, 8 may tarixini indi də kədərlə xatırlayırsınızmı?     
- Bunu deyim ki, mən özümü xoşbəxt nəslin nümayəndəsi hesab edirəm. Çünki Şuşanın işğalını gördümsə də, onun azadlığını da gördüm. Şuşanın azad olunmasının şahidiyəm. Biz heç vaxt, bir saniyə də ümidsizliyə qapılmamışdıq, həmişə inanırdıq ki, Şuşa mütləq azad olunacaq. Və bu 44 günlük Vətən müharibəsi nəticəsində oldu. Həmin o andan sonra mənim ən sevdiyim rəqəm 44-dür. “44” Qələbəni təcəssüm etdirən rəqəmdir. Nə vaxt qarşıma 44 rəqəmi çıxır, sevinirəm;  deməli, yolun sonu qələbə olacaq. Bu qələbə şəhidlərin qanı, qazilərin canı, Prezidentimizin müdrik siyasəti nəticəsində mümkün oldu. Həmişə də inanmışam ki, qələbə mütləq bizə müyəssər olacaq. 1990-cı illər ümumiyyətlə, məyusluq illəri idi. Müstəqilliyini bərpa etmiş dövlətimiz təzə doğulan uşaq kimi zəif idi. 1992-ci ilin qanlı hadisələrini, faciələri izləyirdik. 1992-ci ilin 8 mayını çox yaxşı  xatırlayıram, hətta hava da yadımdadır, tutqun, məyus idi. Televizordan eşidəndə ki Şuşa tərk edilib, oturub ağladım... Vətən müharibəsi günlərində torpaqlarımız azad edildikcə sevinirdim, fərəhlənirdim, amma Şuşa azad ediləndə evimizdə başqa ab-hava vardı. Şuşa mənə bir köynək yaxındır axı!.. Uzun illər işğal tarixi ilə yaşamışdıq, Şuşanın azad edildiyi xəbərini cənab Prezident elan edəndə isə sevincdən ağladım. 1992-ci ilin göz yaşı ilə 2020-ci ilin göz yaşı çox fərqli idi. Mən Şuşada doğulmamışam, orda böyüməmişəm. Amma ora bizim baba Vətənimizdir. Mənim atam da heç Şuşada doğulmayıb. Amma atamız bizə oranı sevdirmişdi. Ata yurdunun məhəbbəti onun qəlbində o qədər dərin idi ki, eynilə bizə də ötürmüşdü. Atam hər yay bizi Şuşaya aparırdı. Çalışırdı ki, Şuşanın havasını doya-doya sinəmizə çəkək... Bu gün 8 may 2025-ci ildir. Və biz bu tarixi qələbə sevinci ilə qeyd edirik. 1992-ci ilin mayı şuşalıların şəhəri tərk edən günü idisə, bu gün Şuşanın öz sakinləri orada yaşayır. 

- Şuşaya köçənləri görüb necə sevindiyinizi təsəvvür etmək çətin deyil...    
- 3 il əvvəl mən Şuşada olanda hələ orada yaşayış yox idi. Şuşanı yenidən qurub tikənlər vardı orda. İndi bütün xəbərləri izləyirəm, köç karvanlarına baxıram. Üzümdə təbəssüm yaranır. Sevinirəm onlarla birlikdə. Duyuram, anlayıram bu insanların sevincini. Qonaq olmaq yaxşıdı, öz evində olmaq daha yaxşıdır. Məcburi köçkünlər müvəqqəti məskunlaşmışdılar Bakıda, başqa bölgələrdə. Müvəqqəti sözü də öz rolunu oynadı onların taleyində və doğma yurdlarına qayıtdılar. Mən əhalisi olan Şuşanı görmək istəyirəm. Tanış şuşalılar da var, yazışırıq. Deyirlər, çox xoşbəxtik. Şuşaya köçəcəkləri günü gözləyənlər də var. Şuşalılarla yaxın təmasdayam. Gedib-gələnlərdən soruşuram Şuşa necədir? Deyirəm, mənə Şuşadan danışın...

- Leyla xanım, məhkəmədə iştirak etsəydiniz, erməni separatçılarına nə deyərdiniz, sualı qaldı...     
– Hə, o ki qaldı separatçılara, məhkəmə proseslərini izləyirəm. Amma çox da sevmədiyim səhnədir. Onların cəllad sifətlərinə baxa bilmirəm. Nifrət hissi ilə izləyirəm. Şahid qismində çıxış edən şuşalıların hisslərini çox gözəl başa düşürəm. Çünki üzbəüz tərəf məlumdur, əlləri Azərbaycan xalqının qanına  bulaşmış adamlardır. Bilmirəm, məhkəmədə iştirak edə bilərdimmi, arzulamadığım vəziyyətdir. Hər halda onların üzünə baxıb sual verməyə haqqım çatdığını düşünürəm. Bəlkə, bəsit səslənəcək sualım, istəyərdim sual verim ki, siz hansı əsaslara söykənərək özünüzü qarabağlı, şuşalı hesab edirsiniz? Onların Pənah xandan, İbrahimxəlil xandan xəbərləri olub, mümkün deyil ki, tarixi bilməsinlər. Sadəcə, bu ermənilərdən bir vasitə kimi yararlanıblar, onlar da xalqımızın xoş niyyətindən istifadə edərək özlərinə yer edib, sonra da “bura bizimdir” deyə iddia qaldırıb xam xəyala düşüblər. Elə biliblər biz Vətənimizi peşkəş edəcəyik. Yanılıblar, möhkəm. Soruşardım ki, məsələn, Şuşa adının mənasını bilirsinizmi? Qoy başa salsınlar, izah etsinlər, bilirlərsə. Mənim ixtisasım dilçilikdir. Sözlər üzərində işləməyi, etimologiyanı araşdırmağı sevirəm. Ermənilərin erməniləşdirdiyi adlar da ancaq söz-səs bənzətməsindən ibarətdir. Heç biri əsaslı elmi mənbəyə söykənmir. Bir halda ki bu şəhər sizin deyil, hansı əsasla onu mənimsəməyə cəhd edirdiz? Onların üzlərinə baxa bilmirəm. Ürək bulandıran görkəmlərini izləmək belə istəmirəm. Şahidlər tutarlı faktları dilə gətirir, şahidlik edirlər. Azərbaycan ədalət məhkəməsinə də inanıram, əminəm ki, layiqli cəzalarını alacaqlar. 


P.S. Səhər saat 08:26 dəqiqədə Leyla xanımdan mesaj gəldi: “Sabahınız xeyir. Bu gün hava günəşli və gözəldir, 1992-ci ilin 8 mayından fərqli olaraq!.. Sizə xoş gün arzulayıram”. Biz də sizə və xalqımıza xoş günlər arzulayırıq, dövlətimiz var olsun, bayrağımız daim yüksəklərdə və əlbəttə ki, Şuşada daim dalğalansın.
Seçilən
0
sherg.az

1Mənbələr