AZ

Qələbə kimindir? Parad Kimindir?

Azərbaycanın dövlət başçısı Moskvada keçiriləcək “Qələbə Paradı”nda iştirakdan imtina edib.

Lap belə açıqcana deyilib ki, biz gəlməyəcəyik! Rəsmi mənbələrə görə hələ mart ayından razılaşdırılmış bu səfərdən may ayının 6-sı, imtina edilib. Hətta Moskva patriarxının Bakıya səfəri zamanı dövlət başçımıza bu səfərlə bağlı çatdırılan xüsusi dəvət də rədd edilib. Rəsmi tərəfdən, dövlətlərarası münasibətlər baxımından yanaşdıqda çox ciddi bir hadisənin baş verdiyi aydınca görülür. Hətta lap əvvəldən yox, parada 3 gün qalmış getməmə qərarının verilməsindən aydın olur ki, Rusiya tərəfindən edilməsi gözlənilən hər hansı bir jest edilməyib və ya götürülmüş hansısa öhdəlik yerinə yetirilməyib. Məqamlar çoxdur, bunların siyasilər siyasi tərəfini, diplomatlar diplomatik tərəflərini uzunca müzakirə edəcəklər. Mənimki siyasi və diplomatik söhbətlərdə deyilməyəcək məsələlərdir.     
 

Dediyim o ki, incəlikləri qoyaq bir kənara, baş verənlərə səmimi bir göz ataq. Və hətta mümkünsə mənim bu dediklərimi bu günlərdə gedən olsa Rusiya tərəfə çatdırsının, qoy özü də bilsin ki, camaat çörəyi qulağına yemir. Biz yaxşı bilirik, kim nə işlə və necə məşğuldur.


Birincisi, adama deyərlər (adama ye!)  ki, sənin öz səmanda aşsüzənə döndərib, torpağına düşməyə belə icazə vermədiyin Azərbaycan dövlətinə məxsus təyyarədə vəfat edən Azərbaycan vətəndaşlarının elə məhz sənin əllərindəki qanı hələ də qurumayıb. Bu qanın yerdə qalmaması üçün nə ləyaqətlə üzr istəyib, günahını boynuna almısan, nə rəhmətə gedənlərin ailələri- uşaqları qarşısında boynunu büküb, hadisəyə aydınlıq gətirib, əfv olunmağı diləmisən. Ölkə sərhədlərin daxilində baş vermiş, faktiki teror hadisəsi sayıla biləcək bir hadisəyə hələ də hüquqi qiymət verməmisən. Azərbaycan dövlətinin başçısı gəlib sənin o qanı qurumamış əllərini necə sıxsın

Məsələni uzatmaqla, unudulacağını, hər şeyin yaddan çıxacağını düşünürdünüzsə, gördüyünüz kimi, heç də elə deyil. Bizim xalqın “unutqan xalq” olması ilə bağlı deyilənlər sizdə rahatlıq yaratmasın. Əvvəla, son illər baş verənlər sübut etdi ki, biz bizə olunan yaxşılığı da, pisliyi də, düşmənçiliyi də heç vaxt unutmuruq. İkincisid də ki, keçən yazılarımdan birində də yazmışdım, xalqın rəhbərinin, liderlərin unutmaması bəs edir belə məsələləri. Və elə məhz bu gün yaşadığımız hadisə çox acıqca sübutdur ki, Azərbaycanın dövlət başçısı öz dövlətinə, öz vətəndaşına qarşı edilənləri unutmur və unutmayacaq da.

Gələk son dövrlər etdiyiniz digər düşmənçiliklərə. Dünyada müasir terrorun növlərindən biri də “kiberterror”-dur. Hansısa dövlətin internet resurslarına, ona aid olan elektron qaynaqlara edilən kiber hücumlar. Obrazlı desək, bunda da “maşallahınız var”. Çox böyük miqyasda kiberhücumlar təşkil edə bilirsiniz. Və son vaxtlar sizin təşkil etdiyiniz bu kiberterrordan ən çox əziyyət çəkən ölkə elə məhz bizik. 

O paradda bu hücumları rəsmən boynunuza alıb üzr istəyəcəksinizmi? İstəyəcəkdinzisə, deyin, bəlkə gələn oldu...

Və son hadisə- Azərbaycan parlamentinin deputatını, Azərbaycan rəsmisini faktiki ölkənizdən deport edirsiniz. Cibində Azərbaycan Parlementinin Deputatı vəsiqəsini gəzdirən bir insanı deport etməyiniz ayrı bir dərd, bunu çox hörmətsiz formada, alçaldırmışcasına etməyiniz ayrı bir dərd. Amma unutduğunuz bir şey var, indi Azərbaycanın hər bir vətəndaşının sizlə olan dərdi elə Azərbaycan dövlətinin dərdidir. Bu dövlətin başçısı bu dərdlərə, hörmətsizliklərə göz yumub sizinlə bir səhnədən parad izləyəcəyini düşünürsünüzsə, səhv edirsiniz. Çox səhv edirsiniz.

Qaldı ki, xeyir ola ye? Faşizm üzərində qələbəni siz qazanmısız ki, “Qələbə Paradı” keçirib qonaq-zad dəvət edirsiniz? Bu qələbə milyonlarla insanın canı hesabına, yüzlərlə xalqın birliyi ilə qazanılıb. Sadə bir misal çəkəcəm.

Bax elə indicə, bu yazını yazmamışdan az öncə Almaatıda yaşayan dostum zəng etdi və sanki mənim bu mövzuda yazı yazmağa hazırlaşdığımı bilirmiş kimi, maraqlı bir hadisə danışdı. Dostum deyir ki, iki gün öncə mindiyim taksinin sürücüsü, Mesxeti Türkü olan Gülalıyev Rövşən söhbət elədi ki, babası Gülağa kişi ilə Azərbaycanın Gəncə şəhərindən olan Həsənov Həsən adlı bir kişi müharibədə bir yerdə vuruşublar. Bir birlərinə söz veriblər ki, kim ölsə sağ qalan o birinin ailəsinə sahib çıxsın. Rövşən kişinin babası Minsk ətrafında döyüşlərdə vəfat edir və  elə orda, “Qardaşlıq Məzarlığı”nda dəfn olunur. Sağ qalan Həsən kişi ta Gəncədən Almatıya gəlib döyüş yoldaşının ailəsini tapır, görür ki, anaları da rəhmətə getmiş iki oğul başsız qalıb. O iki oğlu götürüb Gəncəyə gətirir. Öz övladları ilə bərabər baxır, evləndirir, ailə-uşaq sahibi edir. Sovetlər dağılandan sonra o iki qardaş və ailələri öz vətənlərinə, Qazaxıstana dönürlər. Dostumun mindiyi taksinin sürücüsü məhz o iki nəfərdən birinin oğlu imiş.

 

Bax belə... Müharibənin taleyini dəyişmiş, ocağını söndürmüş milyonlarla insan var. Siz bu milyonlarla insanın məhv olmuş həyatının üzərində, “qardaşlıq məzarlığında” yatan milyonlarla insanın ruhu üzərində, Atasız- anasız qalıb o şəhərdən bu şəhərə, bu şəhərdən o şəhərə sərgərdan qalan minlərlə körpənin ahı üzrəində, gəncəli Həsən kiişi kimi kişilərin qeyrəti, etibarı üzərində səhnə qurub qələbəni necə özününküləşdirə bilirsiz ki?


Yox əgər bütün bunlarla belə iddia edirsiniz ki, Sovet dövlətinin tək varisi kimi, qələbə yalnız və yalnız sizin adınıza yazılmalıdır, o zaman o müharibədə canından keçən minlərlə qeyri rusun qanpulu verilməli, qələbənin qazanılmasında şəriksiz rol oynayan milyonlaral ton Bakı neftinin hesabı ödənməlidir. Bunları  sabahkı paradda etməyi düşünürsünüzmü? Deyin, işimizi bilək.

Qaldı ki, bizim öz qələbəmiz var! Həm torpaqlarımızı illərlə işğalda saxlayan mənfur düşmən üzərində, həm də o düşmənin zaman –zaman həmm maddi, həm də mənəvi güc aldığı havadarları üzərində qazandığımız qələbəmiz. Bütün dünyanı bizimlə hesablaşmağa vadar edən, dövlətimizn suveren və bütöv olmasına zəmin yaradan qələbəmiz. Bizim öz QƏLƏBƏ PARADımız var. Özünüzü yaxşı aparsanız, dəvət edərik, gəlib qonaq qismində iştirak edərsiniz!

Seçilən
0
bizim.media

1Mənbələr