BAKI, 8 may. TELEQRAF
Auditorlar Palatasının sədri Vahid Novruzovun rəhbərlik etdiyi nümayəndə heyəti Böyük Britaniyanın paytaxtı London şəhərində işgüzar səfərdə olub.
Teleqraf-a bu barədə Palatadan verilən məlumata görə, səfər İngiltərə və Uelsin İmtiyazlı Mühasiblər İnstitutunun (ICAEW) prezidenti Malkolm Bakusun dəvətilə həyata keçirilib.
Səfər çərçivəsində ICAEW keçirilən görüş zamanı işgüzar müzakirə aparılıb. İşgüzar görüşdə ICAEW-in prezidenti Malkolm Bakus, Beynəlxalq İnkişaf üzrə direktoru Keyt Holroyd-Smit, Beynəlxalq Potensialın Artırılması üzrə direktoru Con Huper, Auditorlar Palatasının sədri Vahid Novruzov və sədrin müşaviri Fəqan Qarayev iştirak ediblər.
Malkolm Bakus rəhbərlik etdiyi qurum barədə ətraflı məlumat verib və iki qurum arasında əməkdaşlığın əlaqələrinin qurulmasından məmnunluğunu ifadə edib.
Auditorlar Palatasının sədri Vahid Novruzov qurumlar arasında əməkdaşlıq əlaqələrinin qurulmasını faydalı hesab edib və hər iki ölkədə auditor peşəsinin inkişafına töhfə verəcəyindən əmin olduğunu bildirib.
Görüşdə yeni nəsil kadrların hazırlanması sahəsində əməkdaşlıq, auditin institusional potensialının arıtılması və ona ictimai etimadın gücləndirilməsi sahəsində birgə işlərin görülməsi, davamlı inkişafa dair hesabatlılığın təmin edilməsində yeni dövrün tələblərinə və çağırışlarına cavab verən auditorların yetişdirilməsi məsələləri müzakirə olunub.
Qeyd olunub ki, beynəlxalq fondların dəstəyi ilə auditdə innovasiyaların və süni intellektin tətbiqinə dair əməkdaşlıq zərurətə çevrilib. Audit peşəsinin inkişafı etdirmək məqsədi ilə konfransların, vebinarların keçirilməsi və birgə nəşrlərin həyata keçirilməsi əhəmiyyətlidir.
Vahid Novruzov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda müstəqil auditor fəaliyyətinə göstərilən diqqət və qayğıdan, auditor fəaliyyəti sahəsində əldə edilmiş nailiyyətlər barədə məlumat verib. Nəzərə çatdırılıb ki, korrupsiyaya və çirkli pulların yuyulmasına qarşı mübarizədə, şəffaflığın təmin olunmasında və kölgə iqtisadiyyatının aradan qaldırılması istiqamətində ölkəmizdə həyata keçirilən islahatlar müsbət nəticələr verir. Bu istiqamətdə aparılan işlərdə auditin də böyük rolu var.
Qeyd olunub ki, Azərbaycanın indiki inkişaf mərhələsində ətraf mühitin mühafizəsi və yaşıl iqtisadiyyata keçid kimi vacib məsələləri ölkə Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində saxlayır.
Görüşdə yaşıl iqtisadiyyat sahəsində əldə edilən uğurlar və nəzərdə tutulan prioritetlər, habelə ötən ilin noyabr ayında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsi barədə ətraflı məlumat verilib.
Müzakirələr zamanı cari ilin sentyabr ayında Azərbaycanın Auditorlar Palatası və İngiltərə və Uelsin İmtiyazlı Mühasiblər İnstitutu arasında əməkdaşlığın rəsmiləşdirilməsi məqsədilə Bakda Anlaşma Memorandumunun imzalanması qərara alınıb.
Sonda Malkom Bakus və həmkarları Auditorlar Palatasının nümayəndə heyətini İnstitutun qədim tarixə malik olan binası ilə tanış edib və xatirə fotoşəkilləri çəkilib.
1880-cı ildə Londonda təsis olunan ICAEW hazırda dünyanın 150 ölkəsində 210 mindən çox üzvü olan maliyyə, mühasibatlıq və audit sahəsində ixtisaslaşmış peşəkar tənzimləyici qurumdur.