2022-ci ilin sonlarında Naxçıvan hakimiyyətinin başı sayılan Vasif Talıbovun vurulmasından sonra Muxtar dövlətdə nəyin hansı istiqamətdə - pisə, ya yaxşıya doğru dəyişdiyi mövzusunda eyni bir fikir yoxdur. Hər kəs bir söz deyir.
Bu başqa mövzudur və buna da başqa vaxt toxunulacaq. Ancaq postVasif dövrü üçün birmənalı məlum olan məsələlər də var. Məsələn, Talıbovun dövründə onunla birlikdə məlum qanunsuz və ya camaatın ürəyincə olmayan iş və əməllərdə əli olan bəzi məmurlar hələ də iş başındadır və Talıbova göstərdikləri xidməti eyni can-başla yeni rəhbərliyə də göstərirlər. Bu sırada ilk növbədə Ali Məclisin keçmiş sədri Vasif Talıbovun əsasköməkçisi olmuş Ramiz Məmmədovun adı Naxçıvanda məşhurdur. Məmmədov hazırda rəsmi olaraq Ali Məclisin deputatı statusu daşısa da, idarəçilikdə önəmli rolunu qeyri-rəsmi olsa da, hələ saxladığı deyilir.
Başqa bir məlum məsələ Muxtar dövlətin İqtisadiyyat naziri postu ilə bağlıdır.
Son günlərə qədər İqtisadiyyat naziri vəzifəsini Ali Məclisin sədri Bəxtiyar Məmmədovun əmri ilə Abbas Usmayılov icra edirdi. İki gün əvvəl nazir vəzifəsinə Kazım Hüseynəliyevin təyin edildiyi barədə xəbərlər yayıldı. Ölkə mediasında çox geniş tirajlanan bu xəbərə heç bir rəsmi təkzib olmadı. Təkcə bu fakt sübut edir ki, Hüseynəliyevin nazir təyinatı rəsmi qərar olub. Lakin dünən Hüseynəliyevin nazir təyin olunması barədə əmrin Ali Məclisin sədrinin rəsmi əmrləri siyahısından çıxarıldığı barədə yeni xəbər yayıldı.Yenə heç bir rəsmi təkzib olmadı. Beləliklə, Muxtar dövlətin ictimaiyyəti onun həyatı üçün çox böyük əhəmiyyət daşıyan bu vəzifəni kimin tutduğu barədə qeyri-müəyyənlikdə qaldı. Olay barədə olduqca ziddiyyətli və xoşagəlməz söhbətlər dolaşır. Ən çox hallandırılan məzmun budur ki, iqtisadiyyat naziri vəzifəsini icra etmiş Abbas İsmayılov Bəxtiyar Məmmədovun kadrı kimi tanınır və onun bu vəzifəyə təsdiqlənməsinin əsas lobbiçiliyini edən Bəxtiyar Məmmədovdur. Buradan məntiqi olaraq çıxarılan nəticə isə budur ki, Kazım Hüseynəliyevin nazir kimi təsdiqlənməsinin əleyhinə olan əsas qüvvə də məhz Bəxtiyar Məmmədovdur. Bu mühakimələrin nə qədər həqiqət olduğunu iddia etmək çətindir. Lakin fakt odur ki, naxçıvanlılar bir nazirlə bağlı "müzakirələr labirintinin" içində qalıb.
Çoxlu suallar var. Bəxtiyar Məmmədov hansı qüdrətin sahibidir ki, Mərkəzi icra hakimiyyətində ən yuxarı vəzifələrə kadr təyinatında belə manipulyasiyalar edə bilir?
Necə olub ki, B.Məmmədov eyni vaxtda həm müavin Abbas İsmayılovu nazir postuna hazırlayır, həm Kazım Hüseynəliyevi nazir təyin edir, həm də Hüseynəliyevin təyinatı barədə əmri rəsmi qeydlərdən silir?...
Naxçıvanda kadr təminatlarında başqa yerli qüvvələrin də(?) iştirakı barədə söz-söhbətlər dolaşır...
Davam edəcəyik...
Əli TURABOV