"Bu kartların tətbiqi..." —Müəllimlər üçün güzəştli kartlar nə vəd edir?
Təhsilverənlər üçün təhsil kartlarının istifadəyə veriləcəyi vaxt açıqlanıb. Bu barədə “Azərbaycan müəllimi”nə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov məlumat verib. Onun sözlərinə görə, kartın payız aylarında təqdim ediləcəyi gözlənilir:
"Prosesə “Tələbə plus” layihəsində iştirak edən 300-ə yaxın şirkətlə başlayacağıq. Daha sonra əməkdaşlığımızı genişləndirəcəyik”.
Bununla bağlı təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, “Tələbə Plus” kartları əsasən tələbələr üçün nəzərdə tutulmuş güzəştli kartlardır, lakin müəllimlər üçün də istifadəsi mümkündür:
“Bu kartlarla alış-veriş, restoran, kafe və əyləncə mərkəzlərində 10-20 %-ə qədər endirimlər tətbiq olunur. Gələcəkdə bu kartların istifadəsi genişləndirilsə, yəni, mənzil alışı, nəqliyyat xidmətləri kimi sahələrdə də güzəştlər təqdim olunsa müəllimlərin rifahı yaxşılaşa bilər. Kartın əsas üstünlüyü gündəlik xərclərdə müəyyən endirimlər təqdim etməsidir. Bundan əlavə, bu kartların tətbiqi ilə bağlı gələcəkdə digər güzəştlər də əlavə edilə bilər. Bu kartların tətbiqi həm tələbələrə,
həm də digər istifadəçilərə bir çox sahələrdə fayda verəcək. Kartın təqdim etdiyi endirimlər və imtiyazlar təhsil işçilərinin gündəlik xərclərini azaltmağa kömək edəcək, bu da onların ümumi maddi vəziyyətinə müsbət təsir göstərə bilər”.
Leyla Turan
Demokrat.az