Xəyal Bəşirov: “Hesab edirəm ki, Ermənistan yayınmamalı, bunu açıq bəyan etməlidir”
Rəsmi Bakının tələbi budur ki, Ermənistan öz konstitusiyasını dəyişməlidir və ərazi iddialarının yer aldığı maddələr çıxarılmalıdır. Ermənistanda Azərbaycanın bu haqlı tələbinə hələ ki, əməl edilməyib. Amma bu istiqamətdə ölkə daxilində geniş müzakirələr gedir.
Ermənistanın ədliyyə naziriSrbui Qalyanın parlamentdə jurnalistlərə bildirib ki, yeni konstitusiyanın mətni hazırlanma mərhələsindədir və onun hazırlanmasını yaxın vaxtlarda müvafiq şura üzvləri ilə müzakirə etmək planlaşdırılır.
Müstəqillik Bəyannaməsinin Konstitusiyanın yeni mətnindən çıxarılmasının mümkün olub-olmaması ilə bağlı suala gəlincə, Qalyan bildirib: “Müxtəlif variantları nəzərdən keçiririk, lakin mətn hələ inkişaf mərhələsindədir. Bizim bir yanaşmamız var və bu yanaşma çərçivəsində müxtəlif standartlar üzrə müzakirələr aparılır. Mətn konkretləşəndə onu sizinlə paylaşacağıq".
O, həmçinin əlavə edib ki, müxalifət nümayəndələri bu müzakirələrdə iştirak etmirlər.
Ermənistanın ədliyyə naziri suala niyə birbaşa cavab vermədi?
“Ermənistan tərəf yenidən öz oyunlarını davam etdirir, vaxtı uzatmaq istəyir, bu da təbii ki, sülh prosesinin uzadılması məqamını gündəmə gətirir ki...”
Məsələ ilə bağlı Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov "Bakı-Xəbər"ə bildirdi ki, Ermənistanda konstitutsiyaya dəyişiklik etmək niyyətilə Konstitusiya Şurası yaradılıb. İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın baş naziri Nikol Paşinyanın bu şuranı yaratdığını deyən X.Bəşirov qeyd etdi ki, bunu o, konstitutsiyaya dəyişiklik etmək məqsədilə yaratmışdı: “Ümumikdə yeni konstitutsiyanın layihəsinin hazırlanması ilə bağlı mövqe ortaya qoyuldu. Amma səhv etmirəmsə, həmin o şuranın bu günə qədər hər hansı bir iclası çağrılmayıb, üç-dörd il əvvəl yaradılan Konstitusiya Şurasının fəaliyyəti yoxdur. Bu da gözdən pərdə asmaq, yaxud Ermənistan hakimiyyətinin özünün digər maraqlarına xidmət etmək üçün yaradılmış bir şura ola bilər. Təbii ki, bizi maraqlandıran Ermənistanın daxilində hər hansı bir məsələ ilə bağlı konstitutsiyaya dəyişikliklərin edilməsi deyil, bu ölkənin hazırkı konstitutsiyasında Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması maraqlandırır.
1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti “Ermənistan SSR-in və keçmiş “ Dağlıq Qarabağın” birləşməsi haqqında” qərar qəbul edib. Həmin o bəyannamə də Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı maddə var ki, konstitutsiyada da ona istinad olunub, o istinad konstitutsiyadan çıxarılmalıdır.
Qısaca desək, Ermənistan konstitutsiyasında Azərbaycana qarşı ərazi iddialarının ehtiva olunduğu preambula hissəsindəki o istinadın çıxarılması və ümumilikdə Ermənistan qanunvericiliyində qanuna və hüquqa əks olan belə məqamların əks olunmaması ilə bağlı dəyişikliklərin olması vacibdir.
Təbii ki, Ermənistanın baş naziri, yaxud Ermənistan elitası, Paşinyanın komandası konstitutsiyaya dəyişiklik edilməsi ilə əlaqədar müxtəlif fikirlər səsləndirir. Paşinyan öz hakimiyyətinin ömrünü uzatmaq üçün yenidən ölkənin prezidentli respublikaya çevrilməsini və özünün prezident seçilmək niyyətlərini həyata keçirmək istəyir. Yəni burda başqa niyyətlər ola bilər”.
X.Bəşirovun sözlərinə görə, Ermənistan konstitutsiyasında dəyişikliyin edilməsi, yaxud yeni bir konstitutsiyanın qəbul olunması ilə bağlı məsələ açıq şəkildə bəyan olunaqsa ki, bu dəyişiklik Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması və Paşinyanın özünün bir müddət əvvəl səsləndirdiyi yalançı erməni tarixindən real Ermənistan tarixinə keçidi ortaya qoyacaqsa o halda belə məqamlar konstitutsiyadan çıxarılmalıdır: “Dünya dövlətlərinin mütləq əksəriyyətində olmayan başqa dövlətlərə qarşı ərazi iddiaları müddəası Ermənistan konstitutsiyasında onu dövlətçiliyini şübhə altına alır. Bu baxımdan, hesab edirəm ki, Ermənistan yayınmamalı, bunu açıq bəyan etməlidir. Əks təqdirdə biz yenə də onların növbəti dəfə dəoyun oynadıqlarını, vaxtı uzatdıqlarını, beynəlxalq aləmi, dünyanı aldatmağa çalışdıqlarını deyə bilərik ki, buna da kifayət qədər haqqımız var. Bəli, Ermənistan tərəf yenidən öz oyunlarını davam etdirir, vaxtı uzatmaq istəyir, bu da təbii ki, sülh prosesinin uzadılması məqamını gündəmə gətirir ki, bunun da arxasında xoş niyyətin durduğunu düşünmürəm. Ermənistan yenə də göstərir ki, o nəyəsə hazırlaşır, amma bu sülh deyil” - deyə X.Bəşirov vurğuladı.
İradə SARIYEVA