AZ

Avtobuslarda sərnişin sıxlığı -

Bəzən ictimai nəqliyyatda, xüsusilə də avtobuslarda sərnişin sıxlığı dözülməz həddə çatır. Pik saatlarda vəziyyət daha da ağırlaşır, elə anlar olur ki, avtobusda nəinki hərəkət etmək, nəfəs almaq belə çətinləşir. Halbuki bir çox avtobusda maksimum sərnişin tutumu ilə bağlı məlumat lövhələri yerləşdirilib. Lakin təəssüf ki, sürücülərin əksəriyyəti bu qaydalara əməl etmir və nəticədə həm sərnişinlərin narazılığı artır, həm də təhlükəsizlik riski yaranır.Bəs avtobuslarda sərnişinlərin tənzimlənməsinə nəzarət necə aparılır? Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, AYNA tərəfindən Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində keyfiyyətin artırılması, ictimai nəqliyyatın tənzimlənməsi və sərnişindaşıma marşrutlarının təkmilləşdirilməsi istiqamətində mütəmadi olaraq monitorinqlər aparılır:“Günün pik saatlarında yaranan nəqliyyat sıxlığı səbəbindən avtobusların intervallarında artım müşahidə edilir. Marşrutlar üzrə avtobusların sayının sərnişin axınına uyğun nizamlanması, pik saatlarda sərnişin sıxlığı yaranacağı təqdirdə marşruta əlavə avtobusların cəlb edilməsi, marşrutun nizamlı fəaliyyətinin təmin olunması daşıyıcıların diqqətinə çatdırılır”. “Eyni zamanda avtobuslarda qayda pozan sürücülər aşkarlandığı təqdirdə onlar barəsində müvafiq tədbirlər görülür”, - deyə T.Orucov qeyd edib.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
0
metbuat.az

1Mənbələr