Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunda dəyişiklik edilməsi haqqında Milli Məclisin aprelin 11-də qəbul etdiyi qanunu təsdiqləyib. Dəyişikliyə əsasən, istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən elektrik közərmə lampalarının istehsalı və satışı qadağan olunacaq.
Közərmə lampalarının istehsalının və satışının qadağan olunmasının əsas səbəbi nədir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı Günay Hüseynova bildirdi ki, nəzərdə tutulan dəyişikliyin həm iqtisadi tərəfi, həm dünya standartları ilə uyğunlaşma, həm də ekoloji cəhətdən standart və normalara uyğunluğu nəzərdə tutulub:
"İlk əvvəl onu qeyd edim ki, dünyada müsbət yöndə baş verən iqtisadi dəyişikliklərə inteqrasiya dövlətimiz üçün hər zaman prioritet məsələ olub. Qanunda nəzərdə tutulan dəyişiklik dünyanın inkişaf etmiş ölkələri tərəfindən artıq 1-2 il əvvəldən tətbiq olunub".
O qeyd etdi ki, iqtisadi baxımdan közərən lampalar olduqca səmərəsiz hesab olunur.
"Dəyişikliyin məqsədi təbii sərvətləri qorumaq və istehlakçılara elektrik enerjisinə qənaət etməkdə kömək etməkdir. Ekoloji baxımdan yeni lampalara keçid karbon emissiyalarının azaldılması və ümumi kommunal enerji xərclərində 1 milyard dollara yaxın vəsaitə qənaət etməkdir", - deyə Günay Hüseynova bildirdi.
Aytəkin TOFİQQIZI