AZ

Şuşa sakini: Şuşalı olmağıma baxmayaraq mən bu torpaqlara ilk dəfə 25 yaşımda ayaq basdım

Şuşa Azərbaycanın mədəniyyət beşiyi və tarix şəhərlərindən biridir. 33 il əvvəl bu gün Şuşa Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Şuşanın işğalı təkcə torpaq itkisi deyildi ,həm də xalqın mədəniyyətinə ağır zərbə idi.

Nəhayət 2020-ci ilin 8 noyabr tarixində Azərbaycan Ordusu Şuşanı azad etdi.

Şuşanın işğalı yalnız işğal dövründəki əhali üçün deyil, eyni zamanda ondan sonrakı nəsillərə də dərin təsir göstərmişdir.

Operativ Media-ya müsahibə verən Pərviz Tağısoyda bu nəslin nümayəndələrindən biri idi.

Müsahib bildirir ki, o uşaqlığda Şuşanı görüb, burada böyüməsə də hər zaman görmədiyi torpağların həsrətini çəkib:

"Mən ilk dəfə Şuşa şəhərinə 19.08.2023 tarixində 25 yaşım olanda gəlmişdim. O zaman çox fərqli duyğularım var idi. Zəfər yolu ilə gələrkən gözümün önündə döyüş kadrları canlanırdı. Bizim ordumuzun igid nəfərlərinin bu çətin yoldan necə keçdiklərini düşünmək belə adama həm qürur, həm də hüzünlü duyğular yaşadırdı. Şuşaya daxil olarkən ordumuzun qəhrəmanlığını hiss edirdim. Yol boyu dağıdılmış evləri görmək mənə çox pis təsir etmişdi. 

Atam, babam və nənəm Şuşa həsrəti ilə rəhmətə getdi. İki babam da müharibə iştirakçısı olub. Bizim ailəmiz 30 il doğma torpaq həsrəti ilə yaşayıb. Mən uşaq olanda böyüklərim hər zaman Qarabağın füsünkar təbiətindən, Şuşanın gözəlliklərindən danışırdılar. 

Azad olunduqdan sonra biz Şuşanın ilk sakinlərindən olduq. Burada dövlətimiz çox gözəl şərait qurub. Evlərdə sanki hotel şəraiti yaradılıb. Arzum odur ki, Qarabağ başda olmaqla, bütün Turan coğrafiyası abad olsun, sülh və əmin-amanlıq olsun. Allaha şükür biz artıq burada çox xoşbəxt hiss edirik. Burada sakitlikdir, dincəltmək və xoşbəxt yaşamaq üçün çox ideal bir yerdir. Mən düşünürəm ki, Şuşa şəhərində ömrümün sonuna qədər yaşayacağam.

Bir daha Allah şəhidlərimizə rəhmət, qazilərimizə, veteranlarımıza və cənab prezidentimizə can sağlığı arzu edirəm".

Seçilən
0
operativmedia.az

1Mənbələr