AZ

Bakı aeroportunda gömrük yoxlamaları: İnsanlar nədən narazıdır?

Lizinq müasir dövrdə avtomobil əldə etməyin ən populyar yollarından biridir.

Avtosfer.az xəbər verir ki, bu sistemdə şəxs avtomobili satın almadan, müəyyən ödənişlərlə onu müəyyən bir müddət ərzində istifadə edir. Aylıq ödənişlər bitdikdən sonra maşın lizinqdən çıxır və sahiblik hüququ yaranır.

Lakin lizinqlə alınan avtomobillərin istifadəçiləri, yolda qayda pozuntusu etdikdə yaranan cərimə məsələləri ilə bağlı bəzi çətinliklərlə qarşılaşa bilərlər. Çünki lizinq müqaviləsi əsasında maşın şəxsə verilmiş olsa da, avtomobilin sahibi hələ də lizinq şirkətidir. Cərimə yazıldıqda əksər hallarda bu cərimələr avtomobilin sahibinə, yəni lizinq şirkətinə yönəldilir. Şirkət cəriməni ödədikdən sonra həmin məbləği sürücüdən tələb etməlidir. Lakin burada bir neçə hüquqi və praktik məsələ ortaya çıxır. Bir çox hallarda, lizinq şirkətləri sürücüyə yazılan cərimələr barədə məlumat verməkdə gecikə bilər və ya heç məlumat verməzlər. Bu vəziyyət sürücülər üçün ciddi nəticələrə gətirib çıxara bilər. Çünki cərimə ödənilmədikdə faiz yaranır və sürücünün üzərində qalır ki, bu da ən yaxşı halda onu daha çox cərimə ödəməsinə, ən pis halda isə onun sürücülük hüququnun əlindən alınmasına səbəb ola bilər.

Həmçinin yol vərəqəsinin kağız üzərində təqdim edilməsi ilə bağlı suallar sosial şəbəkələrdə sürücülər arasında geniş müzakirə olunur. Lizinqlə alınmış maşınların sürücüləri xüsusilə bu məsələyə diqqət yetirirlər. Onlar yol vərəqəsinin kağız daşıyıcıda təqdim edilməsinin məcburi olub-olmaması barədə müxtəlif fikirlər bildirirlər. Bununla əlaqədar, telefon üzərindən təqdimatın mümkünlüyü və maşını duracağa aparmaqla bağlı suallar yaranır.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsindən Avtosfer.az-a bildirilib ki, lizinqlə idarə olunan avtomobillərdə yol vərəqəsinin olması mütləqdir: "Sürücü yalnız kağız formasında olan orijinal yol vərəqəsini təqdim etməlidir; telefon və ya digər vasitələrlə göstərilən şəkil qəbul edilmir. Yol vərəqəsi avtomobildə mövcud olmalıdır. Əgər avtomobildə yol vərəqəsi tapılmasa, nəqliyyat vasitəsinin idarə olunmasına məhdudiyyət qoyulacaq və avtomobil duracağa aparılacaq. Həmçinin, hüquqi şəxsə məxsus yol vərəqəsi etibarnamə ilə və ya başqa şəxsə verilirsə, nəqliyyat vasitəsinin mülkiyyətçi sahibi Baş Dövlət Yol Polis İdarəsinin informasiya sisteminə müvafiq məlumat verməlidir. Bu addımın atılması nəqliyyat vasitəsini idarə edən şəxsin kim olduğunu müəyyənləşdirmək məqsədilə vacibdir və nəqliyyat vasitəsinin sahibi bu vəzifəni yerinə yetirməlidir".
Qeyd edək ki, DYP-dən sorğu gəldikdə hüququ şəxs 3 gün ərzində cavab vermədikdə inzibati məsuliyyət yaranır.

Avtomobil eksperti Eyyub Əliyev Avtosfer.az-a bildirib ki, avtomobil lizinqlə alındıqda nəqliyyat vasitəsinin mülkiyyətçisi lizinq şirkəti hesab olunur. Bu səbəbdən, cərimələr də birbaşa lizinq şirkətinin adına gəlir. Lakin nəqliyyat vasitəsini idarə edən şəxsə cərimənin aid edilməsi üçün Baş Dövlət Yol Polisi İdarəsinə (DYP) müraciət olunaraq müvafiq məktub təqdim edilir.
Qeyd edək ki, hazırda fiziki etibarnamə sənədinə ehtiyac yoxdur. Etibarnamə məlumatları elektron sistemdə əks olunduğu üçün bu əsasda DYP tərəfindən tələb olunan dəyişikliklər həyata keçirilir.

Hüquqşunas Ramil Süleymanov isə deyib ki, lizinq müqaviləsi əsasında alınan avtomobillər lizinq şirkətlərinin adına rəsmiləşdirilir. Bu zaman lizinq şirkətləri avtomobildən istifadə edən şəxslərə müəyyən müddətə etibarnamə təqdim edir. Bir çox hallarda bu etibarnamələr Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) rəsmi elektron sistemində qeydiyyata alınır: “Əgər etibarnamə sistemdə görünmürsə, həmin nəqliyyat vasitəsinin mülkiyyətçisinə - yəni lizinq şirkətinə rəsmi məktub göndərilir və məktub vasitəsilə törədilmiş qayda pozuntusu ilə bağlı nəqliyyat vasitəsini idarə edən şəxsin kimliyinin müəyyən olunması tələb olunur.

Əgər bu məlumat lizinq şirkəti tərəfindən təqdim edilməzsə, İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən, avtomobilin mülkiyyətçisinə inzibati cərimə tətbiq olunur. Həmin maddəyə görə, bu tələbi pozan vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilə bilərlər.

Seçilən
0
avtosfer.az

1Mənbələr