Bəzi bölgələrin özlərinə xas adətləri var ki, may ayında toy etmək olmaz. Bölgə sakinlərinin isə bu məsələlərlə bağlı müxtəlif fikirləri var.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında psixoloq Zeynəb Əyyubova bildirdi ki, bəziləri “may məyus aydır” deyir, bəziləri isə bu ayı kənd təsərrüfatının ən işlək dövrü hesab edərək, insanların məşğul olması səbəbilə toyların yubanmasını istəmirlər:
"Psixoloji baxımdan isə bu kimi inancların formalaşması kollektiv şüur və mədəni ənənələrin bir hissəsi kimi qiymətləndirilə bilər. İnsanlar adət-ənənələrə bağlı olduqda özlərini daha güvəndə hiss edirlər. Xüsusilə kənd və qəsəbə kimi daha bağlı icmalarda bu cür inancların nəsildən-nəslə ötürülməsi, cəmiyyətin birlik ruhunu qorumağa xidmət edir. Bu zaman insanlar fərdi qərar verməkdən çox, “cəmiyyət nə deyər?” düşüncəsi ilə hərəkət edirlər ki, bu da psixoloji olaraq sosial təsdiq ehtiyacından qaynaqlanır".
Həmsöhbətimizin sözlərinə görə, bəzi inanclar simvolik mənalar daşıyır və illərlə bu düşüncədə yaşamaq insanların reallıqla bağlı qənaətlərini də formalaşdırır.
"Məsələn, may ayında toy edən bir cütlük boşanarsa, bunu dərhal həmin ayla əlaqələndirirlər. Halbuki, bu təsadüf ola bilər. Amma bu kimi inanclar “özünü doğruldan proqnoz” psixoloji mexanizmini də işə sala bilər, yəni insanlar inandıqları şeylərə uyğun hərəkət etdikdə nəticə də həmin yöndə inkişaf edə bilər.
Psixoloq olaraq tövsiyəm odur ki, əgər bir cütlük may ayında toy etmək istəyirsə və bu qərar onlarda müsbət emosiyalar doğurursa, həmin tarixə mənfi anlam yükləmək əvəzinə, onu özləri üçün unudulmaz və xoş bir günə çevirməyə fokuslansınlar. Ən vacib olan, qərarın sevgi, anlaşma və qarşılıqlı hörmət üzərində qurulmasıdır. Ənənələrə hörmət etmək gözəldir, amma eyni zamanda fərdi xoşbəxtliyimizi də ön planda tutmağı unutmamalıyıq", - deyə psixoloq vurğuladı.
Aytəkin TOFİQQIZI