"ABŞ ilə Böyük Britaniya arasında ticarət sazişi hər iki ölkə üçün mühüm bir uğur ola bilər..."
ABŞ prezidenti bəyan edib ki, mayın 8-də "böyük və çox hörmət edilən bir ölkə" ilə bağlanacaq ticarət sazişi elan olunacaq. KİV-lərin yazdığı görə, söhbət Böyük Britaniyadan gedir. Donald Tramp bu razılaşmanın "bir çoxunun ilki" olacağını vəd edib.
Moderator.az xəbər verir ki, bu barədə o,' özünün "Truth Social" platformasında yazıb. Məlumatı "dw.com" nəşri yayıb.
ABŞ prezidenti Donald Tramp mayın 7-də, çərşənbə axşamı elan edib ki, ertəsi gün "böyük və hörmətli bir ölkə" ilə ticarət sazişinin bağlandığını açıqlayacaq.
ABŞ prezidentinin hansı ölkə ilə razılaşma imzalayacağı dəqiq açıqlanmasa da, "The New York Times" nəşrinim məlumatlı mənbələrə istinadən, söhbət Böyük Britaniyadan gedir. Britaniyanın BBC telekanalı əlavə edir ki, Birləşmiş Krallığın baş naziri Kir Starmer də mayın 8-də bu məsələ ilə bağlı bəyanat verəcək.
Nəşr yazır ki, sazişin detalları hələlik məlum deyil. London və Vaşinqton amerikalı avtomobil və kənd təsərrüfatı məhsulları üçün Britaniya tariflərinin azaldılmasını, eləcə də ABŞ texnologiya şirkətləri üçün Britaniya vergilərinin ləğvini müzakirə edib.
Qəzet qeyd edir ki, "ABŞ ilə Böyük Britaniya arasında ticarət sazişi hər iki ölkə üçün mühüm bir uğur ola bilər, çünki onlar uzun müddətdir iqtisadi əməkdaşlığı genişləndirməyə çalışır". ABŞ-ın Hindistan və İsraillə də ticarət razılaşması imzalamağa yaxın olduğu, bununla yanaşı Yaponiya, Cənubi Koreya və Vyetnam da daxil olmaqla bir sıra ölkələrlə danışıqlar apardığı bildirilir.
Trampın bütün dünya ilə "ticarət müharibəsi”
Donald Tramp aprelin 2-də dünyanın 185 ölkəsinə qarşı gömrük rüsumları tətbiq ediləcəyini elan edib. Baza tarif dərəcəsi bütün idxal məhsulları, o cümlədən Britaniyadan gələn mallar üçün 10 faiz müəyyən olunub. Avropa İttifaqına qarşı bu rəqəm 20 faiz, Çinə qarşı isə 34 faiz nəzərdə tutulub.
Aprelin 9-da Tramp 75-dən çox ölkəyə qarşı gömrük tariflərinin tətbiqini 90 gün təxirə salıb, eyni zamanda Çin üçün tarifləri 125 faizə qədər artırıb (sonradan bu rəqəm daha da yüksəlib). Avropa İttifaqı isə Amerika mallarına qarşı cavab rüsumlarını həmin müddətə təxirə salıb.
Bununla belə, Tramp 90 gün ərzində 90 ticarət sazişi imzalamaq niyyətində olduğunu bəyan edib. Ekspertlər bu planı skeptik qarşılayıb. Aprelin 17-dı Tramp Avropa İttifaqı ilə yaxın vaxtlarda razılaşma əldə olunacağına "yüz faiz" əmin olduğunu bildirib. Ayın sonunda isə Çin rüsumlarla bağlı danışıqların aparıldığını təkzib edib.
Birjalar ticarət qarşıdurmasına ilk reaksiya olaraq indekslərin kəskin düşməsi ilə cavab verib. Neft qiymətləri də ciddi şəkildə enib. Trampın əksər ölkələrə qarşı tariflərin tətbiqini təxirə salmasına baxmayaraq, analitiklər ABŞ iqtisadiyyatında tənəzzülün yaxınlaşdığını proqnozlaşdırır.
2025-ci ilin birinci rübündə ABŞ-ın ÜDM-i illik ifadədə və inflyasiyaya uyğunlaşdırılmış şəkildə 2022-ci ildən bəri ilk dəfə olaraq 0,3 faiz azalıb. Analitiklər bunu qismən Trampın tariflərindən əvvəl amerikalı şirkətlərin idxalı artırması ilə izah edir.