Mövzu ilə bağlı Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Olaylar.az-a açıqlamasında bildirib ki, Paşinyan və komandası keçmişin səhvlərini təkrarlayır:
"Ermənistanın hazırkı iqtidarı - başda Nikol Paşinyan olmaqla və o cümlədən parlamentin sədri Alen Simonyan - zaman-zaman öz sələflərini ittiham edən bəyanatlar verirlər. Əslində, onlar bu çıxışlarında və səsləndirdikləri arqumentlərdə müəyyən qədər haqlıdırlar. Lakin təəssüf ki, özləri də bir çox hallarda fərqli formada olsa da, eyni səhvləri təkrar edirlər. Nə ilə bağlı? Doğru qeyd olunur ki, bu vəziyyəti nə Alen Simonyan, nə də Paşinyan kəşf etməyib. Ermənistanda uzun illər "Böyük Ermənistan", "Miatsum", "dənizdən dənizə Ermənistan" kimi ütopik ideyalarla yaşayıblar. Bu ideyalar Ermənistanı Azərbaycana qarşı düşmənçiliyə sövq edib, Azərbaycan ərazilərinə iddia etməyə vadar edib və bunu hətta konstitusiyalarında da təsbit ediblər. Onların təkcə Azərbaycana deyil, digər dövlətlərə qarşı da ərazi iddiaları var. Amma ilk olaraq bu iddiaları Azərbaycan vasitəsilə reallaşdırmağa çalışıblar. Bu proses uzun illər davam edib. Ermənistanın keçmiş rəhbərləri - Robert Koçaryan, Serj Sarkisyan və onlardan əvvəl Levon Ter-Petrosyan - bu siyasətə xidmət etdiklərinə görə Ermənistanı dalan vəziyyətə salıblar. Nəticədə Ermənistan xarici yardımlardan və ianələrdən asılı, bəzi təhlükəli və məkrli planların alətinə çevrilmiş bir dövlət halına gəlib.
Bu siyasətin nəticəsi isə II Qarabağ müharibəsində özünü göstərdi. Ermənistan ağır və sarsıdıcı zərbə aldı, nəticələr göz qabağındadır. Bəli, keçmiş liderlər bu səhvləri cinayət səviyyəsində davam etdirdilər, və bu siyasətin iflasa uğradığı artıq açıq şəkildə görünür. Ancaq təəssüf ki, Nikol Paşinyan və onun komandasındakı şəxslər də həmin siyasəti dolayı yollarla davam etdirməyə israrlıdırlar. Məsələn, "böyük Ermənistan" ideologiyasının tərkib hissəsi olan Qarabağın Ermənistana birləşdirilməsi planı hələ də Ermənistan qanunvericiliyində və konstitusiyanın müqəddiməsində əksini tapır. Bu müddəaların aradan qaldırılması üçün dəfələrlə çağırışlar olsa da, Ermənistan hakimiyyəti bu istiqamətdə real addım atmaq istəmir.
Nikol Paşinyan və Alen Simonyan sələflərini tənqid etsələr də, onların siyasətindən fərqli bir yol seçmək niyyətində deyillər. Ermənistan konstitusiyasına toxunmurlar, artıq mövcud olmayan ATƏT-in Minsk Qrupundan formal olaraq imtina etmək istəmirlər. Bütün bunlar göstərir ki, əvvəlki siyasət bu gün fərqli formada davam etdirilir. Əgər bu siyasət davam edərsə, onları da eyni aqibət gözləyir. Hesab edirəm ki, Ermənistan rəhbərliyi 30 il ərzində Qarabağla bağlı hansı strateji səhvlərə yol vermişdisə, bu gün də Paşinyan hökuməti həmin səhvləri yalnız forma dəyişdirərək davam etdirir. Bu isə onların keçmişdən ciddi nəticə çıxarmadığını göstərir".