Prezident İlham Əliyev Azərbaycan Respublikasında mədəniyyətin və elmin inkişafında xidmətlərinə görə bir sıra şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilməsi ilə bağlı Sərəncam imzalayıb.
Modern.az-ın məlumatına görə, fərdi təqaüdlə təltif olunan mədəniyyət xadimləri içərisində Ramiz Rövşən də var.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği hazırda 1500 manat təşkil edir. Təqaüd ömürlük verilir.
Qeyd edək ki, Ramiz Rövşənin şeirləri onlarla məşhur mahnıya çevrilib. Xüsusilə Alim Qasımovun ifasında “Səni axtarıram”, Brilliant Dadaşovanın ifasında “Qədrimi bilmədi bu adam mənim”, Zülfiyyə Xanbabayevanın “Gedək biz olmayan yerə” mahnıları çox sevilmişdir. Onun şeirləri həm klassik, həm də modern musiqi janrlarında istifadə olunur.
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, "Mozalan" satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974–1975), ssenari redaksiya heyətinin üzvü (1979–1987), kinostudiyanın baş redaktoru (1987–1992), Azərbaycan Tərcümə Mərkəzinin baş redaktoru (1992–2020) işləyib. Bir neçə şeir kitabının müəllifidir.
Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-də, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub. Ramiz Rövşən Müsavat Partiyasının 1997-ci ildə qəbul olunmuş himninin sözlərinin müəllifidir.