AZ

Millət vəkili: "Prezidentin müsahibəsi Azərbaycan-Vyetnam əlaqələrinin strateji konturlarının aydın təsviridir"

"2025-ci il mayın 6-da Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Vyetnamın rəsmi informasiya agentliyi olan “Vietnam News Agency”yə verdiyi geniş müsahibə iki ölkə arasında yüksələn xətlə inkişaf edən münasibətlərin ruhunu və gələcək perspektivlərini əks etdirən mühüm siyasi sənəd kimi qiymətləndirilə bilər". 

Bu barədə Sherg.az-a açıqlamasında millət vəkili Şahin Seyidzadə deyib. 

Deputat bildirib ki, müsahibədə Prezident İlham Əliyev ikitərəfli əlaqələrin tarixi, mövcud vəziyyəti və gələcək əməkdaşlıq imkanları barədə əhatəli fikirlərini bölüşüb: 

"Prezident vurğulayıb ki, Azərbaycan ilə Vyetnam arasında diplomatik münasibətlər tarixi kökə bağlıdır və qarşılıqlı hörmət və etimada əsaslanan dostluq əlaqələri formalaşıb. Prezident İlham Əliyev xüsusi qeyd edib ki: “Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir. Belə ki, 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər edib. O dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın ümummilli lideri Heydər Əliyev 1983-cü ildə Vyetnamda səfərdə olub. Şübhəsiz ki, bu əlamətdar səfərlər ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib”. Müsahibədə Azərbaycan Prezidenti iqtisadi əlaqələrin inkişafı üçün mövcud imkanlara da toxunaraq, enerji, kənd təsərrüfatı, nəqliyyat-logistika və rəqəmsal texnologiyalar sahəsində birgə layihələrin həyata keçirilməsinin vacibliyini qeyd edib. Prezidentin fikrincə, bu istiqamətdə qarşılıqlı investisiyalar və hökumətlərarası mexanizmlər əlaqələrin dinamikasını daha da gücləndirə bilər. Söhbət zamanı Prezident İlham ƏliyevAzərbaycanın təşəbbüskarı olduğu beynəlxalq nəqliyyat dəhlizləri və “yaşıl enerji” gündəliyi haqqında da məlumat verərək, Vyetnam kimi inkişaf edən ölkələrlə bu sahədə əməkdaşlığa açıq olduqlarını vurğulayıb". 

Parlamentari qeyd edib ki, mədəni və humanitar əlaqələr də müsahibənin əsas mövzularından biri olub: 
"Prezident bildirib ki, iki xalq arasında mədəni yaxınlaşma, təhsil mübadiləsi və mədəniyyət tədbirləri xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq. Bildirim ki, Heydər Əliyev FondununVyetnamda həyata keçirdiyi humanitar layihələr, iki ölkə arasında dostluq münasibətlərinin dərinləşməsinə xidmət edən nümunəvi təşəbbüslər sırasındadır. Fondun 2018-ci ildə HaGiang əyalətində ibtidai məktəb inşa etməsi, Azərbaycanın beynəlxalq humanitar əməkdaşlıq sahəsindəki fəal mövqeyinin və qlobal həmrəyliyə verdiyi töhfənin bariz göstəricisidir. Bu layihə yalnız təhsil infrastrukturunun yaxşılaşdırılması deyil, eyni zamanda yerli icmalara dəstək və gələcək nəsillərin inkişafına töhfə baxımından strateji əhəmiyyət daşıyır. Heydər Əliyev Fondunun bu kimi təşəbbüsləri, Azərbaycanın humanizm prinsiplərinə əsaslanan xarici siyasətinin humanitar ölçüsünü gücləndirməklə yanaşı, Azərbaycan-Vyetnam münasibətlərinə də yeni məzmun qatır. Sonda Prezident İlham ƏliyevVyetnam Kommunist Partiyasının Baş katibi To Lamın Azərbaycana səfərinin ikitərəfli münasibətlərə yeni təkan verəcəyinə əminliyini ifadə edərək bu tarixi səfəri yüksək qiymətləndirib. Bu müsahibə Azərbaycan-Vyetnam əlaqələrinin hazırkı vəziyyətinə dair siyasi baxışı ortaya qoymaqla yanaşı, gələcək tərəfdaşlıq üçün strateji konturların da aydın təsviridir".
Seçilən
0
sherg.az

1Mənbələr