AZ

İncəsənət xadimlərinə verilən Prezidnt mükafatının məbləği və müddəti

Xəbər verdiyimiz kimi, ölkə başçısının bu gün imzaladığı sərəncamla səhnə fəaliyyəti ilə bağlı  aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatları verilib.

Modern.az-ın məlumatına görə, adları Prezident mükafatçıları siyahısına düşən sənətçilər 150 nəfərdir.

Əsasnaməyə görə, Prezident mükafatları yüksək peşəkarlıq nümayiş etdirən, bədii cəhətdən kamil sənət nümunələri yaradan, Azərbaycan mədəniyyətinin inkişafında, səhnə sənəti sahəsində xüsusi xidmətləri olan, habelə yeni yaradıcı nəslin yetişdirilməsində fəal iştirak edən artistlərə, rejissorlara, musiqiçilərə, rəssamlara, rəqqaslara, dirijorlara, xormeysterlərə, sənətşünaslara, bədii kollektivlərin rəhbərlərinə və digər incəsənət xadimlərinə səhnə fəaliyyəti ilə bağlı verilir.

Mükafat yalnız Azərbaycan Respublikasının vətəndaşı olan şəxsə verilir.

Mükafatın məbləği ayda 500 manatdır. Mükafatın verilmə müddəti 1 ildir.

Eyni şəxs yalnız 3 il ardıcıl şəkildə mükafata təqdim oluna bilər. 

“Xalq artisti” və “Əməkdar incəsənət xadimi” fəxri adlarını almış şəxslərə, habelə yaradıcı kollektivlərin rəhbərlərinə mükafat hər il verilə bilər.

Mükafatın verilməsi barədə vəsatət mükafata təqdim edilən şəxsin işlədiyi əmək kollektivi tərəfindən Mədəniyyət Nazirliyi qarşısında qaldırılır. Təqdimolunma sənədlərində ötən mövsümün yaradıcılıq nailiyyətləri ətraflı göstərilir.

Mükafat alan şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə, mükafat alan şəxs ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda və ya vəfat etdikdə mükafatın verilməsi dayandırılır.

A.Qorxmaz

Seçilən
0
1
modern.az

2Mənbələr