Fransa Azərbaycana qarşı növbəti qərəzli addım atıb. Belə ki, digər ölkələrin səfirləri Alman faşizmi üzərində Qələbə Günü münasibətilə keçiriləcək tədbirə dəvət olunsa da, Azərbaycan səfiri Leyla Abdullayevaya oxşar dəvət göndərilməyib.
Fransanın azadlığa qovuşmasında azərbaycanlıların rolu
Təbii ki, Fransanın Azərbaycana qarşı qərəzli siyasəti hər birimizə yaxşı məlumdur. Amma söhbət faşizm üzərində qələbəyə həsr olunan tədbirdən gedirsə, Azərbaycan səfirinin ora dəvət olunmaması tamamilə biabirçı addımdır.
Çünki azərbaycanlılar İkinci Dünya Müharibəsindəki qələbəyə Fransadan qat-qat çox töhfə veriblər. 4 ilə yaxın davam edən savaşda 600 mindən çox azərbaycanlı birbaşa olaraq iştirak edib. Onlardan 300 min nəfəri isə həyatını itirib. Fransanın özü isə cəmi 43 günlük müqavimətdən sonra Almaniyaya təslim olub. Üstəlik, Fransa xalqının əksəriyyəti işğalla barışaraq almanlarla birgə yaşayışı da xoş qarşılayıblar.
Amma Fransanın özünün faşist işğalından qurtulmasında azərbaycanlı döyüşçülərin əməyi danılmazdır. Belə ki, Fransanın azadlığa qovuşmasında Əhmədiyyə Cəbrayılov, Cəlil Tanrıverdiyev, Məmməd Məmmədov, Xasay Quliyev, Allahverdi Vəliyev, Hüseynrza Məmmədov, Təvəkkül Məmmədov və başqa Azərbaycan oğullarının böyük xidmətləri olub. Onların xidmətləri Fransanın keçmiş dövlət başçıları tərəfindən də yüksək qiymətləndirilib.
Bəs Makron nə edir?
Göründüyü kimi, Makron bu məsələdən də siyasi şou naminə istifadə etməyə çalışır. Səfirimizin tədbirə dəvət olunmaması isə Makron üçün Azərbaycana qarşı qərəzin hətta Fransanın azadlığından və tarixindən daha önəmli olduğunu göstərir. Bu isə həm Fransa müqavimət hərəkatında iştirak edən azərbaycanlıların xatirəsinə, həm də Fransanın özünün tarixinə qarşı xəyanətdir. Yəni rəsmi Parisin bu addımına rəzillikdən başqa ad vermək mümkün deyil.
“Fransa səfiri XİN-ə çağırılmalıdır”
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov Parisin bu hərəkətini xoşagəlməz hadisə kimi dəyərləndirib:
“Fransanın bu hərəkətiŞ əlbəttə ki, xoşagəlməz hadisədir. Bu doğru yanaşma deyil. Niyə həmin tədbirə səfirimizi dəvət etmədiklərini araşdırmaq lazımdır. Fransanın ölkəmizdəki səfirini Xarici İşlər Nazirliyinə dəvət edib, qələbə tədbirinə Azərbycanın Parisdəki səfirinin çağrılmamasının səbəbini aydınlaşdırmaq lazımdır. Səbəbin nə olduğunu öyrənəndən sonra isə hansı addımların atılmalı olduğunu müəyyən etmək olar”.
Rüfət Sultan, Bizim.Media