AZ

Hərbi attaşe: Qazaxıstan ordusu ən çətin vəzifələrin öhdəsindən gəlmək üçün zəruri texniki vasitələrə malikdir

Qazaxıstan ordusu ən çətin vəzifələrin öhdəsindən gəlmək üçün zəruri texniki vasitələrə, yüksək ixtisaslı kadrlara və istisna imkanlara malikdir.

Bunu “Poliqon”a açıqlamasında Qazaxıstanın Azərbaycandakı hərbi attaşesi, polkovnik Rauan Kemali söyləyib.

O bildirib ki, dövlətin müdafiə qabiliyyətinin təmin edilməsindəki rolu böyük olan Qazaxıstan Silahlı Qüvvələri ölkədə təhlükəsizliyin və sabitliyin əsasını təşkil edir: “33 il ərzində Qazaxıstan müasir çağırışlara adekvat cavab verə bilən və xalqımızın maraqlarını qoruya biləcək güclü və yüksək effektiv ordu formalaşdıraraq uzun bir yol keçmişdir. Bu kontekstdə dəfələrlə vurğulayan Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin sözlərini xatırlamamaq mümkün deyil: “Vətən Müdafiəçisi Günü – cəsarətin, sədaqətin və vətənpərvərliyin rəmzidir. Biz gələcəyə inamla baxırıq, çünki Silahlı Qüvvələrimiz ölkəmizi və vətəndaşlarımızı effektiv şəkildə müdafiə etmək gücünə malikdir”.

Qürur hissi ilə qeyd edirik ki, müstəqillik illərində Silahlı Qüvvələrimiz təkcə güclü təhlükəsizlik təminatçısına deyil, həm də inkişaf və modernləşmənin nümunəsinə çevrilmişdir. Qazaxıstan ordusu ən çətin vəzifələrin öhdəsindən gəlmək üçün zəruri texniki vasitələrə, yüksək ixtisaslı kadrlara və istisna imkanlara malikdir. Biz beynəlxalq əməkdaşlığı fəal şəkildə inkişaf etdirir və kollektiv təhlükəsizlik çərçivəsində sabitliyi dəstəkləyirik, sülhməramlı missiyalarda iştirak edirik və beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik”.

Hərbi attaşenin sözlərinə görə, Qazaxıstanın strateji məqsədi qarşıdurma deyil, qarşılıqlı etimad, anlaşma və bərabər tərəfdaşlıq əsasında dayanıqlı bir sistemin formalaşdırılmasıdır.

Rauan“Hazırda mövcud qlobal transformasiya şəraitində Qazaxıstan Respublikası beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və kollektiv təhlükəsizlik prinsiplərinə əsaslanan sülhpərvər, balanslı və praqmatik xarici siyasət həyata keçirir. Ölkəmizin hərbi potensialının inkişafı hərbi-nəqliyyat aviasiyası, pilotsuz sistemlər, xüsusi əməliyyat qüvvələri və digər əsas komponentlərin modernləşdirilməsini nəzərdə tutan strateji sənədlər çərçivəsində həyata keçirilir.

Ölkəmiz sülhün və sabitliyin təmin edilməsində fəal iştirak tərəfdarıdır. Qazaxıstan Ordusunun hərbçiləri BMT-nin Qərbi Saxara, Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası və Malidəki missiyalarında hərbi müşahidəçi kimi ölkəmizi layiqincə təmsil edirlər, həmçinin Livanda İtaliya ordusunun sülhməramlı kontingenti tərkibində vəzifələr yerinə yetirirlər. 2024-cü ildə BMT-nin Qolan Təpələrindəki missiyası tərkibində Qazaxıstan kontingentinin müstəqil şəkildə yerləşdirilməsi xüsusi diqqətə layiqdir. Bu addım beynəlxalq ictimaiyyətin etimadının və qazaxıstanlı sülhməramlıların yüksək hazırlıq səviyyəsinin sübutudur”, – deyə polkovnik qeyd edib.

R.Kemali gənclərin Qazaxıstan Silahlı Qüvvələrindəki xidmətlərinə də toxunub: “Eyni zamanda, gənc nəslin Silahlı Qüvvələrimizdəki xidmətinin böyük rolunu da qeyd etməmək olmaz. Müasir dövrdə hərbi xidmət təkcə hər bir kişinin həyatında vacib bir mərhələ deyil, həm də vətənpərvərliyin və vətənə hörmətin formalaşdırılmasında mühüm vasitədir.

Bu gün biz Qazaxıstan ordusunun nailiyyətlərinə qürurla baxa bilərik və onun ölkəmizdə sülh və sabitliyi təmin edə biləcəyinə əminik. Bu isə öz növbəsində Qazaxıstanın gələcək iqtisadi və sosial inkişafı üçün etibarlı təməl yaradır. Ordumuz – rifah və inkişaf naminə birləşmiş xalqımızın birliyinin rəmzidir”.

Hərbi attaşe xatırladıb ki, İkinci Dünya müharibəsi illərində 1 milyon 200 mindən çox qazaxıstanlı səfərbər olunub və onların 600 minindən çoxu döyüş meydanlarında həlak olub.

Onun sözlərinə görə qazaxıstanlılar müharibənin əsas əməliyyatlarında iştirak ediblər: “Respublikamız ön cəbhənin etibarlı arxa cəbhəsinə çevrilmişdir: avadanlıqlar, sursat, ərzaq – bütün bunlar qazax torpağından göndərilmişdir. Bu xatirə ürəklərimizdə yaşayır və gənclərin vətənpərvərlik tərbiyəsinin əsas elementlərindən biri kimi xidmət edir.

Qazaxıstan Respublikasının Müdafiə Nazirliyi bu müharibədə iştirak etmiş əsgərlərin xatirəsinin əbədiləşdirilməsi məsələlərinə xüsusi önəm verir. Qələbə Günü münasibətilə tərtib olunmuş milli plan çərçivəsində respublika və beynəlxalq səviyyəli təxminən 40 tədbir təşkil olunacaq. Bu ilin may ayında bir sıra bayram tədbirlərindən əlavə, həm də hərbi-vətənpərvərlik, mədəni-kütləvi, elmi-maarifləndirici və informasiya-imic xarakterli tədbirlərin təşkili nəzərdə tutulur”.

Rauan Kemali sonda fikirlərini qazax şairi Abay Kunanbayevin sözləri ilə yekunlaşdırıb.

““Əgər insan öz torpağını, öz millətini qorumaq istəmirsə, onda o, varlığını təşkil edən hər şeyi itirir. Torpaq və xalq – həyatın təməlidir, və onların qorunması – hər bir insanın müqəddəs borcudur”.

Bu sözlər bu gün də aktualdır; bizə xatırladır ki, vətənin müdafiəsi yalnız borc deyil, həm də ali şərəf, kimliyimizin və özünəməxsusluğumuzun ayrılmaz hissəsidir. Bu qürur və məsuliyyət hissi ilə Qazaxıstanın müdafiə qabiliyyətini daha da gücləndirəcək, gələcək nəsillərin təhlükəsizliyi və firavanlığını təmin edəcəyik”, – deyə hərbi attaşe vurğulayıb.

Seçilən
0
poliqon.az

1Mənbələr