AZ

Azərbyacan-Vyetnam əməkdaşlığında yeni səhifə açılır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibəsində irəli sürdüyü fikirlər Azərbaycan- Vyetnam münasibətlərini bilavasitə əhatə etməklə bərabər, həm də ölkəmizin beynəlxalq müstəvidə bir sıra məsələlərlə bağlı mövqeyini də özündə əks etdirir.
Azərbaycan və Vyetnam münasibətləri BMT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı etimada və dəstəyə əsaslanan konstruktiv əməkdaşlıq kimi xarakterizə olunur. Beynəlxalq hüququn norma və prinsiplərinə və eləcə də BMT TŞ-nın müvafiq qətnamələrinə uyğun olaraq ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi dəstəyi ilə ədalətli mövqe sərgiləyən Vyetnamla Azərbaycan arasında dostluq münasibətləri mövcuddur. Bu münasibətlər dövlətlərimizin mənafeyinə uyğun ikitərəfli və çoxtərəfli müstəvidə tərəfdaşlığın daha da genişləndirilməsinə zəmin yaradır.

Qarşılıqlı hörmət və etimada, milli maraqlara və müasir çağırışlara əsaslanan siyasət həyata keçirməklə hər iki ölkə yerləşdiyi bölgədə və regionda özünün davamlı sosial-iqtisadi inkişafını təmin etməkdədir.

Ölkə rəhbərinin müsahibəsində vurğulanır ki, Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir. Hələ Sovet dönəmində təməli Heydər Əliyev tərəfindən qoyulan ikitərəfli münasibətlər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

2014-cü ilin mayında Prezident İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfəri ölkələr arasındakı münasibətlər tarixində yeni səhifə açmış, bütün sahələr üzrə əməkdaşlığın dinamik inkişafına güclü təkan vermişdir. 2015-ci ilin mayında Vyetnam Sosialist Respublikasının Prezidenti Truong Tan Sangın Azərbaycana rəsmi səfəri isə Azərbaycan-Vyetnam münasibətlərinin tarixində vacib hadisə olmuş və iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsi və dərinləşməsinə şərait yaratmışdır. Həmin vaxt Prezident Çıonq Tan Şanqın səfəri çərçivəsində Birinci Azərbaycan-Vyetnam biznes forumu keçirilmişdir. Həmin Forum ölkələrimiz arasında iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi, prioritet hədəflərin reallığa çevrilməsi üçün böyük potensial olmuşdur.

Prezident İlham Əliyevin “Vietnam News”a müsahibəsində vurğuladığı kimi, son illər ərzində iki ölkə arasında iyirmidən çox sənəd imzalanmışdır ki, bu anlaşmalar əsasında müxtəlif sahələrdə çoxşaxəli əməkdaşlıqlar qurulmuşdur:

Bu günə qədər dövlətlərimiz arasında imzalanmış 20-dən çox müxtəlif məzmunlu Saziş və Anlaşmalar Azərbaycanla Vyetnam arasında siyasi, iqtisadi, elmi, ədəbi-mədəni əlaqələrin möhkəmlənməsinə, mədəni diplomatiyanın güclənməsinə əhəmiyyətli töhfələr verməkdədir.

Mədəniyyət, humanitar, təhsil sahəsində ölkələrimiz arasında əməkdaşlığı xüsusi diqqətə çatdıran dövlət başçımız müsahibəsində onu da qeyd edib ki, hələ 35 il əvvəl “Azərbaycanfilm” kinostudiyası tərəfindən Bakı və Vunq Tau şəhərlərinin dostluğu haqqında “Ağ pələnglə görüş” adlı sənədli film çəkilib. Həmin dövrdən etibarən Bakı şəhərinin Xətai rayonundakı küçələrdən birinin “Vunqtau küçəsi” adlandırılması iki ölkə arasındakı dostluğun rəmzi olaraq yadda qalıb. Vunq Tau şəhəri hazırda Bakı ilə rəsmi olaraq qardaşlaşmış şəhər statusuna malikdir.

Turizmin ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsinin əsas perspektivli istiqamətlərindən biri olduğunu vurğulayan dövlət başçısı bu qənaətdədir ki, Bakı ilə Vyetnam şəhərləri arasında birbaşa hava əlaqəsinin yaradılması turizm proqramlarının inkişafı ilə paralel surətdə iki ölkənin vətəndaşlarının bir-birinin mədəniyyətinə və tarixinə marağının artmasına kömək edəcək. Onun fikrincə, müştərək mədəniyyət layihələrinin intensivləşdirilməsi, səhiyyə və ekologiya sahələrində humanitar missiyalarla bağlı proqramların və birgə təşəbbüslərin inkişafı – bütün bunlar ölkələrimiz üçün qarşılıqlı maraq doğuran istiqamətlərdir.

Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşları üçün Azərbaycanın təklif etdiyi qrantlar çərçivəsində təhsil proqramlarından istifadə edərək akademik mübadilə edənlər, elmi tədqiqat aparanlar da öz növbəsində Azərbaycanla Vyetnam arasında şəxsi təmasların möhkəmləndirilməsi üzrə imkanları yaxşılaşdıracaq. Mübadilə proqramlarının reallaşdırılması, həmçinin elmi-texniki sahədə əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafı üçün daha bir perspektivli istiqamətə çevriləcək.

Prezident İlham Əliyevin müsahibəsində qeyd etdiyi kimi, Vyetnam liderinin Azərbaycana səfərini Azərbaycan-Vyetnam əməkdaşlığının inkişafında mühüm mərhələ kimi qiymətləndirmək olar və bu səfər münasibətlərin dostluq və qarşılıqlı hörmət ruhunda inkişafı üçün yeni üfüqlər açacaq.

Cavanşir Feyziyev, Millət vəkili

Seçilən
0
1
moderator.az

2Mənbələr