AZ

"Necə ola bilər ki, sən Azərbaycanın millət vəkilini deportasiya edirsən?" - Fazil Mustafa

Prezident İlham Əliyev sabah Moskvada keçiriləcək Qələbə Paradında iştirak etməyəcək. Səbəb kimi isə AZAL-ın sərnişin təyyarəsinin vurulması, bir sıra media resurslarına Rusiyanın kiberhücumları, deputat Azər Badamovun Rusiyaya girişinə qadağa qoyulması kimi amillərdir.

Milli Məclisin komitə sədri, millət vəkili Fazil Mustafa mövzu ilə bağlı Redaktor.az-a danışarkən bildirdi ki, burada bir sıra faktorlar var və bunlar Azərbaycanı narahat edən faktorlardır.

"Bunlar müttəfiqlik münasibətinə uyğun gəlməyən davranışlardır. Necə ola bilər ki, sən Azərbaycanın millət vəkilini deportasiya edirsən? Təyyarə ilə bağlı hər hansısa formada istintaqın nəticələrini lazımi şəkildə Azərbaycana çatdırmırsan. Münasibətlərin belə pozulmasına yönəlik davranışlar hər halda Azərbaycan tərəfindən baş vermir. Azərbaycan səmimi şəkildə bu münasibətləri qorumağa çalışır. Bu baxımdan problemlər daha çox bu məqamla bağlıdır. Ümid edək ki, bunu ortadan qaldırmaq üçün müəyyən siyasi iradə çatacaq və bu məsələlər həllini tapacaq. Çünki biz hər dövlətlə, xüsusilə Rusiya, İran kimi qonşu dövlətlərlə normal münasibətlər qurmağın tərəfdarıyıq. Burada başqa faktorlar da ola bilər, amma əsas faktor Azərbaycana qarşı olan xoşagəlməyən davranışların olması da mümkündür. Məsələnin şərhi hesab edirəm ki, bir daha onu göstərir ki, qonşuluq münasibətlərində səmimi olmaq olduqca vacibdir", - deyə millət vəkili fikrini yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Seçilən
0
redaktor.az

1Mənbələr