AZ

“Musiqidə səviyyə itir, çünki dəstək yoxdur” - Cavanşir Quliyev

Son zamanlar Azərbaycanda gənclər arasında bayağı mahnılara maraq artmaqdadır. Bu mahnılar əsasən mətn baxımından səthi, mənasız və bəzən kobud ifadələrlə dolu olur. Sosial media platformalarının təsiri ilə bu cür musiqilər sürətlə yayılır və populyarlaşır. Təəssüf ki, bu tendensiya əsl musiqi dəyərlərinin kölgədə qalmasına səbəb olur. Gənclər bəzən keyfiyyətli musiqidən çox, trend olan mahnılara üstünlük verirlər. Bəs, gəncləri belə müsiqilərə qulaq asmağa sövq edən nədir? Bunun qarşısını necə almaq olar? 


Mövzu ilə bağlı Manset.az-a danışan bəstəkar Cavanşir Quliyev deyib ki, bu vəziyyətin bir neçə əsas səbəbi var:


"Əvvəla, musiqinin təbliğatında ciddi səhvlərə yol verilib. Radiolar, televiziyalar və konsert təşkilatçıları musiqini düzgün təqdim etməyiblər. Bu da cəmiyyətin müəyyən təbəqələrində estetik zövqün aşağı səviyyədə olmasından qaynaqlanır. Nəticədə, musiqi məkanlarına, mədəniyyət sahəsinə yad insanlar daxil olub, orada məqsədyönlü olmayan fəaliyyətlə məşğul olurlar.

İkinci əsas səbəb isə bu tendensiyanın təkcə bizə aid olmaması, ümumiyyətlə, dünyada geniş yayılmasıdır. Məsələn, son illərdə Türkiyədə musiqi sahəsində yadda qalan yeni və dəyərli nümunələr çox azdır".

Bütün cəmiyyətlər, o cümlədən bizimki, texnoloji inkişafların təsiri ilə hər şeyi – o cümlədən musiqini asan və səysiz şəkildə əldə etməyə üstünlük verir. İnsanlar ədəbiyyatdan, musiqidən və sivilizasiyanın digər incəliklərindən həzz almaqda bir növ tənbəlləşiblər. Beləliklə, keyfiyyətsiz, səthi əsərlər ön plana çıxır, çünki onlara çatmaq daha asandır.

Bəstəkar qeyd edib ki, bu vəziyyəti hər yerdə müşahidə etmək mümkündür:

"Digər bir səbəb isə müstəqil iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid zamanı bəzi dövlət məmurlarının bu sistemi düzgün anlamamalarıdır. Onlar bazar iqtisadiyyatını xalq bazarı kimi qəbul etdilər. Nəticədə bəzi dövlət qurumları mədəniyyətə, xüsusilə musiqiyə dəstəyini dayandırdı. Halbuki ciddi və keyfiyyətli sənət yaratmaq istəyirsənsə, ona maddi və mənəvi dəstək vacibdir.

Əgər bir əsər gözəldirsə, ona investisiya qoyulmalıdır – istər ədəbiyyat olsun, istər musiqi, istərsə də təsviri sənət. Amma bu dəstək olmadıqda, istedadlı və güclü insanlar musiqidən uzaqlaşırlar. Çünki musiqi yaratmaq asan məsələ deyil. Bu, uzun illər öyrənməyi, zəhməti və fədakarlığı tələb edir. Onlar da anlayırlar ki, burada bu zəhmətə uyğun maddi qarşılıq yoxdur və nəticədə fərqli sahələrə yönəlirlər.

Xüsusilə həvəsli insanların sayı azaldıqca, meydan sivilizasiya səviyyəsi aşağı, zövqsüz və iradəsiz insanlara qalır. Onlar isə öz səviyyələri ilə ictimai zövqə təsir göstərirlər. Mən vəziyyəti bu cür görürəm".


Seyranə Quliyeva

Seçilən
0
manset.az

1Mənbələr