BAKI, 8 may. TELEQRAF
Hindistanda son dövrlər baş verən və beynəlxalq hüququn prinsipləri ilə ziddiyyət təşkil edən insidentlər, insan haqlarının kobud şəkildə pozulması halları dünya ictimaiyyətinin diqqətindən kənarda qalır.
Teleqraf xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin mayın 8-də keçirdiyi mətbuat konfransında deyib.
"Təəssüf ki, beynəlxalq təşkilatlar və aparıcı dövlətlər bu cür hadisələrə ya susqun qalır, ya da kifayət qədər prinsipial mövqe sərgiləmirlər. Bu vəziyyət, bir çox azərbaycanlının yaddaşında illərlə davam edən Ermənistan-Azərbaycan münaqişəsi dövründəki ədalətsiz və qeyri-obyektiv münasibəti xatırladır. O zaman da beynəlxalq ictimaiyyət münaqişənin mahiyyətinə və Azərbaycanın haqq səsinə kifayət qədər diqqət ayırmamışdı. İndi də oxşar yanaşma Hindistanda baş verən hadisələrə münasibətdə müşahidə olunur – seçici yanaşma, ikili standartlar və siyasi maraqlara əsaslanan sükut", - səfir belə qeyd edib.
Xatırladaq ki, Hindistan-Pakistan münasibətləri aprelin 22-də Kəşmirin Dehlinin nəzarətində olan hissəsində silahlıların mülki şəxslərə hücumundan sonra gərginləşib. Dehli baş verənlərə görə İslamabadı ittiham edərkən, Pakistan bunu qəti şəkildə rədd edib.
Hindistan mayın 6-dan 7-nə keçən gecə sübuta yetirmədiyi bu ittihamları əsas gətirərək, Pakistan ərazisinə hava zərbələri endirib. Hücum zamanı Pakistanda 31 nəfər mülki şəxs həlak olub, 50-yə yaxın insan yaralanıb. Pakistan cavab olaraq, Hindistanın hərbi hədəflərinə zərbələr endirib. Nəticədə Hindistanın 5 qırıcısı, sərhəddə briqada qərargahı və digər hərbi hədəfləri məhv edilib.