AZ

Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar

Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Ekologiya və torpaqşünaslıq və Hüquq fakültələri üzrə üzvlərinin təşkilatçılığı ilə “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir keçirilib.

BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, tədbirin məqsədi tələbələr arasında ekoloji maarifləndirməni artırmaq, hüquqi bilikləri zənginləşdirmək və ətraf mühitin qorunması ilə bağlı sosial məsuliyyət hissini gücləndirməkdir.

THİK-in Ekologiya və torpaqşünaslıq, Hüquq fakültələri üzrə sədrləri İbrahim Novruzov və Salman Vahabov bildiriblər ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində mühüm işlər görülür, ekoloji qanun pozuntularına yol vermiş hüquqi və fiziki şəxslərə qarşı ən ciddi tədbirlər davam etdirilir. Bununla bağlı əhali, xüsusilə gənclər arasında maarifləndirmə tədbirlərinin aparılması xüsusi əhəmiyyətə malikdir.

BDU-nun Cinayət hüququ və kriminologiya kafedrasının müəllimi, Məhkəmə-Hüquq Şurası Aparatının əməkdaşı Rəşad Mürşüdov çıxışında ekoloji cinayətlərin cəmiyyət və insan həyatı üçün yaratdığı risklərdən bəhs edib, bu sahədə hüquqi mexanizmlərin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb. O, Cinayət Məcəlləsinin “Ekoloji cinayətlər” adlı xüsusi bölməsi və bu bölməyə daxil olan 247-ci, 248-ci, 249-cu və digər maddələrin hüquqi mahiyyətini iştirakçılara izah edib. Bu maddələr üzrə məsuliyyət tədbirləri, o cümlədən cərimələr, inzibati və cinayət məsuliyyəti məsələləri tələbələrin diqqətinə çatdırılıb. Bildirilib ki, bu hüquq pozuntuları yalnız dövlət ekoloji təhlükəsizliyinə deyil, həm də cəmiyyətin davamlı inkişafına mənfi təsir göstərir. Bu baxımdan ətraf mühitin qorunması və bu sahədə hüquq pozuntularının qarşısının alınması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Tədbir interaktiv müzakirə formatında davam etdirilib. Tələbələr hüquqların qorunması, ətraf mühitin mühafizəsi və bu sahədə qarşıya çıxan çətinliklərlə bağlı suallar ünvanlayıblar.

Seçilən
0
1
tehsil.biz

2Mənbələr