BAKI, 8 may. TELEQRAF
"Şərur MTK"nın sahibi İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) qarşı xüsusi ittiham qaydasında şikayət ərizəsi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirlən prosesdə xüsusi ittiham qaydasında şikayət verən tərəfin müdafiəçisi Asim Abbasov vəsatətlə çıxış edib.
Vəkil bildirib ki, məhkəməyə məcburi gətirilməsi və gələcəkdə məsuliyyətdən yayınmaq üçün ölkədən çıxma ehtimalını nəzərə alaraq ölkədən çıxışına qadağa qoyulması ilə bağlı vəsatət verib.
Vəkil Asim Abbasov İsfəndiyar Axundovun məcburi gətirilməsini onunla əsaslandırıb ki, təqsirləndirilən İsfəndiyar Axundovun məhkəmədə iştirak etməsi onun vəzifəsi olduğu halda, məhkəməyə hörmətsizlik edərək üzrlü səbəb olmadan prosesdə iştirak etməkdən yayınıb.
Məhkəmə vəsatəti baxılmamış saxlanılması barədə qərar qəbul edib.
Növbəti məhkəmə prosesi mayın 13-nə təyin edilib.
Xatırladaq ki, İsfəndiyar Axundovu “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərov məhkəməyə verib. Buna əsas kimi Axundovun onu yekun məhkəmə qərarı olmadan dələduz adlandırmasını göstərib.
Buna görə də İ. Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittihamçı İsfəndiyar Axundovun qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini istəyir.