AZ

Sədr: Bu gün Azərbaycanda cəmi 16 nəfər İkinci Dünya müharibəsi iştirakçısı sağ qalıb

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov “Poliqon” jurnalına müsahibəsində İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlıların qalıqlarının, onlara aid nişanələrin tapılması istiqamətində aparılan araşdırmalarla bağlı danışıb.

Sədr bildirib ki, bu sahədə Veteranlar Təşkilatı tərəfindən böyük işlər görüb: “Biz 309 nəfəri Moldovada tapmışıq, hansı ki, Azərbaycan xalqına onların taleyi məlum olmayıb, itkin kimi qələmə veriblər. Səfirlik və diaspora ilə axtarışlar apardıq. Rusiya arxivində onların yerlərini tapdıq. Bundan sonra, Moldovada Kişinyovda parkda onların üçün xüsusi abidə ucaldıldı. Onların hər birinin lövhədə adları qeyd olundu və həmin lövhə indi də orada var. Həmçinin 410 nəfəri də biz Rusiyanın Kalininqrad şəhərində tapdıq. Onların arasında Azərbaycanda yaşayan millətlərin hamısının nümayəndəsi var. Onlar Azərbaycandan xidmətə çağırılmış insanlardır. Biz bu sahədə çoxlu işlər görürük.

Məlumat olanda da onların qohumlarını tapırıq, görüşlər keçiririk. Bəzilərinin dəfn yerlərinin dəyişilməsinə də nail oluruq. Bəziləri ilə həmin yerdə adlarının əbədiləşdirilməsi, qəbirlərinin təmiri məsələlərini diaspora və yaxud da səfirliklə birlikdə həyata keçiririk. Bu işləri həm Avropa ölkələrində, həm keçmiş SSRİ ölkələrində müəyyənləşdirib həyata keçiririk və qohumlarına məlumatlar veririk”.

Bu gün Azərbaycanda cəmi 16 nəfər İkinci Dünya müharibəsi iştirakçısının sağ qaldığını söyləyən Cəlil Xəliov, onlardan yeddi nəfərinin Leninqrad (Sankt-Peterburq) blokadasında iştirak etdiyini vurğulayıb.

“Onların hərəkət etmək imkanları, danışmaq imkanları məhduddur. Çox vaxt jurnalistlər gedib onların evlərində qohumlarının iştirakı ilə söhbət aparırlar. Amma yaddaşları zəifləyib, yaş öz təsirini göstərir. Onların arasında ən cavanlarının 103-105 yaşı var”, – deyə sədr qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Moskvadakı metro stansiyalardan birinə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun adının verilməsi üçün çalışır: “Əsasən, biz onların qeyri-hökumət təşkilatları ilə söhbətlər aparırıq. Bir də mən MDB Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvüyəm və oradakı çıxışlarımda bunları deyirəm, onlara məktub yazıram”.

Seçilən
0
poliqon.az

1Mənbələr