AZ

Dünya üçün olduqca DƏHŞƏTLİ TƏHLÜKƏ: “Qlobal nüvə savaşı Asiya qitəsindən başlaya bilər”

“Hindistanın davranışları beynəlxalq hüquq normalarına ziddir. Heç bir sübut olmadan törədilmiş terror aktını Pakistanla əlaqələndirmək bəhanədir. Hətta bəzi ehtimallara görə, bu bəhanəni yaratmaq üçün Hindistanın xüsusi xidmət orqanları bu məsələdə birbaşa rol oynayıblar. Yəni, məsələ tam araşdırılmayıb və törədilmiş terror aktının izləri Pakistana doğru deyil, Hindistana doğru gedir. Böyük ehtimalla Hindistan beynəlxalq xaos situasiyasından istifadə edərək Kəşmiri ələ keçirmək niyyətinə düşüb”.

Bunu Editor.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

Onun sözlərinə görə, Hindistanla Pakistan arasında indiyə qədər “Kəşmir” problemi ilə bağlı bir neçə dəfə silahlı münaqişə olub:

“Hər dəfə Hindistan bu silahlı münaqişənin əsas təşəbbüskarı olub və Pakistanın sərt və layiqli cavabından sonra geri çəkilmək məcburiyyətində qalıb. Bu dəfə də Hindistan beynəlxalq qarışıqlıqlardan istifadə edib öz hədəfinə çatmaq niyyəti güdür. Bu münaqişə əgər dərinləşərsə və genişmiqyaslı savaşa çevrilərsə, bu halda daha da geniş areala yayılma ehtimalı var. Çünki həm Pakistanı, həm də Hindistanı dəstəkləyən nəhəng dövlətlər var. Bu dövlətlərin savaşın hansısa mərhələsində müharibəyə müdaxilə etmə ehtimalları istisna deyil. Ona görə də Hindistanın davranışları hazırda yalnız Asiya qitəsi üçün deyil, bütövlükdə bütün dünya üçün qlobal savaş təhlükəsi yaradır.

Ancaq təhlükə bununla məhdudlaşmır. Çünki Pakistan rəhbərliyi artıq bəyan edib ki, Hindistan daha da irəli gedərək ağır zərbələr endirərsə, o zaman Pakistan özünün nüvə başlıqlı raketləri ilə cavab zərbəsi endirəcək. Bu isə o deməkdir ki, qlobal nüvə savaşı məhz Asiya qitəsindən başlaya bilər. Bu da bütün dünya üçün olduqca dəhşətli təhlükə deməkdir. Ümumilikdə Hindistanın davranışları Ermənistanın davranışlarına bənzəyir. Hər iki dövlət qonşu ölkələrin ərazilərinə göz dikməklə və bu yolda terror, təxribat törətməklə məşğuldur. Pakistanın verdiyi qətiyyətli cavab Hindistanda nəhayət ki, əks-zərbələrin daha dəhşətli olacağı ilə bağlı düşüncə yarada bilər. Bu da beynəlxalq ictimaiyyətin, xüsusilə ABŞ, Çin də daxil olmaqla nəhəng dövlətlərin təzyiqləri ilə bu savaşın qarşısı alına bilər”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
0
editor.az

1Mənbələr