AZ

Niderlandda “Türk dili – Ana dili” bayramı qeyd olunub

Niderlandın Vlaardingen şəhərində “Türk dili/Ana dili” bayramı keçirilib. İlk dəfə təşkil olunan tədbir “Kuşakdan Kuşağa” Vəqfinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.

Bayram tədbirində Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyəti ilə yanaşı, Niderland Krallığında fəaliyyət göstərən müxtəlif türkdilli xalqların diaspor təşkilatları da iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Niderland “Odlar Yurdu” Cəmiyyətinin sədri Firəngiz Bağırova ana dilinin qorunmasının vacibliyinə toxunaraq təşkilatçılarına təşəkkürünü bildirib. O, vəqfin sədri Fehmi Uzuna ölkəmiz haqqında kitab təqdim edib.

Tədbirin bədii hissəsində cəmiyyətin üzvü, xanəndə Nehmətağa Əliyev “Şuşanın dağları” xalq mahnısını səsləndirib. Ardınca onun ifasında Azərbaycanın görkəmli şairi Bəxtiyar Vahabzadənin “Ana dili” şeiri iştirakçılarda böyük maraq doğurub.

Nehmətağa Əliyevin Firəngiz Bağırova ilə birgə ifa etdiyi "Ey Vətən" mahnısı isə xüsusi sevgi və rəğbətlə qarşılanıb.

Sonda Azərbaycan–Niderland "Odlar Yurdu" Cəmiyyətinin sədri Firəngiz Bağırovaya bayram şənliyinin təşkilindəki fəal iştiraka və əməkdaşlığa görə Türkiyə Səfirliyi adından xatirə hədiyyəsi təqdim olunub.

Seçilən
0
xalqqazeti.az

1Mənbələr