Pakistan Silahlı Qüvvələri Hindistanın 25 kamikadze dronunu məhv edib.
KONKRET.az xəbər verir ki, Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr Xidməti (ISPR) açıqlamasında bildirib ki, Hindistan 6–7 may tarixlərində baş vermiş hücumlar nəticəsində bir neçə müasir təyyarəsini, pilotsuz uçuş aparatını, hərbi postlarını və şəxsi heyətini itirdikdən sonra kamikadze dronlardan istifadə etməyə başlayıb.
“İsrail istehsalı olan Harop dronlarının istifadəsi Hindistanın düşdüyü aciz vəziyyətin və məyusluğun açıq göstəricisidir,” – deyə Pakistan Müdafiə Nazirliyindən bildirilib.
Məlumatda o da bildirilir ki, vurulmuş dronların qalıqları Pakistanın müxtəlif bölgələrindən toplanıb. Qeyd edilib ki, Hindistan nəzarət xətti boyunca ciddi itkilər verib və bu itkilər Pakistanın davamlı və etibarlı müdafiə tədbirləri nəticəsində artır.
“Pakistan Silahlı Qüvvələri düşmənin bütün hiyləgər planlarını puça çıxarır və ona sarsıdıcı cavab verir,” – deyə qurumun açıqlamasında qeyd olunub.
Müşviq Tofiqoğlu
KONKRET.az