AZ

Müxalifətdən Əliyevin parada getməməsinə – REAKSİYA

Məlumdur ki, Prezident İlham Əliyev 9 May hərbi paradında iştirak etmək üçün Moskvaya getməyəcək.

Bu barədə RİA Novosti agentliyi Putinin köməkçisi Uşakova istinadən məlumat yayıb.

Tribunainfo.az bildirir ki, dövlət başçısının bu qərarını müxalifət də qiymətləndirib.

Müsavat Partiyasının Mərkəzi Aparatının rəhbəri Arif Hacılının fikrincə, əlbəttə, bu günü o müharibənin indi həyatda olan veteranlarını və onların yaxınlarını təbrik etməklə qeyd etməyimiz yetərlidir.

ReAl Partiyasının sədri Natiq Cəfərli hesab edir ki, getməmək doğru qərardır, tam dəstəkləyir:

“Bu addım bir daha Azərbaycanın bölgədə Rusiyadan ən az asılı olan ölkə olduğunu, son 5-6 ildə Rusiyanın bölgəmizdə zəiflədilməsində məhz rəsmi Bakının böyük rol oynadığını bir daha sübut edir. Amma 9 May Qələbə Gününü Putinə, Rusiyaya hədiyyə etmək olmaz.

Bu bütün postsovet xalqlarının birgə qələbəsidir, bir tək ruslara qalsaydı, bəlkə heç vaxt qələbə olmazdı – tək elə Ukrayna xalqı qələbə üçün milyonlarla qurban verdi, Azərbaycan nefti qələbədə ciddi rol oynadı. Bir sözlə, bu Qələbəni Kremlə bağışlamaq olmaz. Bayramınız mübarək! Qoy həmişə sülh olsun!”

Partiyanın keçmiş sədri İlqar Məmmədov isə nümunə gətirib: “Yeltsin özünün 1990-cı ildəki kitabında Heydər Əliyev haqqında çox tənqidi sözlər yazmışdı. Lakin 1991-də Yeltsin, 1993-də isə Heydər Əliyev prezident oldu və Əliyevin ilk Moskva səfəri zamanı onlar çox isti, hərarətli görüşdülər.

Qayıdanda, Bakı hava limanında jurnalistlər üçün brifinqdə Mirşahin Yeltsinin kitabından sitat gətirib həmin sözlərin səfərə təsir edib-etmədiyini prezidentdən soruşdu. Heydər Əliyev Mirşahinin üstünə bərk acıqlandı: “Mən bilirəm bu cür sualları sizə kim verdirir!”
Zaman göstərdi ki, o, səfər etməklə gələcək gedişatı düzgün hesablamışdı. İlham Əliyev də eynən – səfərə getməməklə gələcək hadisələri düzgün hesablayıbsa, bunu da ancaq zaman göstərəcək. Bəzi qərarlar ancaq prezidentlər dərəcədə bir-birinin incə tellərinə bələd olduqda əminlik və məsuliyyətlə verilə bilər”.

AXCP sədri Əli Kərimli hər hansı reaksiya verməyib.

Fuad Rzalı

Seçilən
0
tribunainfo.az

1Mənbələr