SSRİ dövründə regionun ən güclü müəssisələrindən biri olan Ağdam rayonunun Şahbulaq daş karxanası illik milyonlarla mişar daşı kəsimi ilə tanınırdı. 1991-ci ildə burada 7 sahə üzrə 16 milyon ədəd daş kəsilməsi planlaşdırılırdı. Təəssüf ki, birinci Qarabağ müharibəsi zamanı ərazi işğala məruz qaldı və karxananın fəaliyyəti dayandı.
“Azərbaycan İnvestisiya Şirkəti” ASC tərəfindən 2022-ci ildə bu sahəyə yatırılan investisiyalar nəticəsində Şahbulaq əhəngdaşı yatağı yenidən istismara verildi və burada mişar daşı istehsalına start verildi. Məqsəd regionun Qarabağda sürətlə aparılan tikinti və bərpa işləri üçün zəruri olan keyfiyyətə və münasib qiymətə malik daşla təmin edilməsidir.
Xocalıda da bir vaxtlar fəaliyyət göstərən sement zavodu yenidən qurulub istismara verilib. Hazırda həm daş, həm də sement olmaqla bu iki istehsal müəssisəsi Qarabağda tikilən hər evin, çəkilən hər yolun əsasını təşkil edir.
Bu layihə təkcə tikinti materialları ilə məhdudlaşmır – bölgənin iqtisadi həyatını da canlandırır. Artıq yerli sakinlər üçün 153 yeni iş yeri yaradılıb. Həm logistika xərcləri azalır, həm də məhsulun qiyməti daha rəqabətqabiliyyətlidir.
Qeyd edilənlərdən daha önəmlisi də odur ki, bu cür layihələr Qarabağın dirçəlişi üçün möhkəm təməl rolunu oynayır.