"Moskva ətrafında risk hələ də qalır".
Politoloq Əli Mustafa bu sözləri News365.az-a açıqlamasında deyib.
"Qeyd etmişdik ki, Rusiya tərəfi narahatdır və bu narahatlığında da haqlıdır – çünki qorxmalı olduqları kifayət qədər əsas var. Lakin birbaşa olaraq paradda hərbi və ya strateji hədəflərin qurulacağına dair rəsmi açıqlama verilməyib. Düzdür, rus tərəfdən bəzi hərbçilərin və şəxslərin müəyyən açıqlamaları var, lakin rəsmi səviyyədə konkret məlumat yoxdur.
Hazırda ehtimal olunur ki, əgər parad baş tutarsa, Ukrayna onu vurmayacaq. Çünki tədbirdə bir çox ölkələrin dövlət başçılarının iştirak edəcəyi gözlənilir. Elə Prezident Zelenskinin özü də qeyd edib ki, Qərb dövlətlərinin nümayəndələri orada olacaq. Buna baxmayaraq, bəzi dövlət başçıları tədbirə qatılmaqdan imtina ediblər. Bu barədə yayılan məlumatların nə dərəcədə doğru olduğunu isə yəqin ki, 9 mayda – parad günü öyrənəcəyik.
Bir məsələ də var ki, Ukrayna dron və raketlərlə Rusiya ərazisini mütəmadi şəkildə vurmaqda davam edir. Hətta Moskvanın özü də zaman-zaman hücumlara məruz qalır. Səhv etmirəmsə, Rusiyada onadək hava limanı bağlanıb, bu zaman "xalça əməliyyatları" aparılır – yəni, geniş əhatəli müdafiə tədbirləri görülür. Hədəf müəyyən olunduqda hava hücumundan müdafiə sistemləri işə düşür, hava limanları bağlanır.
Moskva və onun ətrafında təhlükə hələ də qalır. Rusiya həmin riskə görə ölkənin müxtəlif bölgələrindən hava hücumundan müdafiə sistemlərini Moskvaya cəmləşdirib. Hətta üçqat müdafiə sisteminin qurulduğuna dair məlumatlar var. Başqa sözlə, Moskva ən yüksək səviyyədə qorunmağa çalışılır. Lakin bütün hallarda risklər qalır və vəziyyətin gərginliyi davam edəcək."