“Pensiya kapitalına yönəldilən vəsaitlər bizim əmək haqlarımızdan tutulur. Hazırda dövlət bu sahədə müəyyən güzəştlər tətbiq edib. Belə ki, 2019–2026-cı illər üçün dövlət, qeyri-neft sektorunda fəaliyyət göstərən özəl müəssisələrə 14 faiz dərəcəsində olan gəlir vergisini ləğv edib. Əvəzində isə həmin dövrdə pensiya fonduna ödənilən 3 faizlik məcburi ayırma 10 faizə qaldırılıb”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli səsləndirib.
“Bu təşəbbüsün əsas məqsədi pensiya kapitalının artırılması deyil, əməkhaqlarının rəsmiləşdirilməsi və şəffaflığın təmin olunması idi. Dövlət və neft sektorlarında əməkhaqları ümumilikdə şəffaf və nisbətən yüksək olduğuna görə bu təşviq yalnız qeyri-neft sektorunda fəaliyyət göstərən özəl müəssisələrə aid edilib. Bu da həmin sektorda rəsmiləşmə prosesinin stimullaşdırılması üçün mühüm addım olub. Hazırda pensiya kapitalına daha çox vəsaitin toplanması üçün əsas şərtlərdən biri əmək haqlarının artırılmasıdır. Bu isə öz növbəsində yeni iş yerlərinin açılması, özəl sektorun inkişaf etdirilməsi və əmək bazarında rəqabətin gücləndirilməsi ilə mümkündür. Tələbat artdıqca işçilərin maaşları da yüksələcək və bu da pensiya fondlarına daha çox vəsaitin yönəldilməsinə səbəb olacaq”.
İqtisadçının sözlərinə görə, son iki ildir ki, Azərbaycanda özəl pensiya fondlarının yaradılması istiqamətində işlər aparılır və müvafiq qanunvericilik hazırlanır:
“Bu fondlar vətəndaşlara pensiya kapitalını artırmaq üçün əlavə imkanlar təqdim edəcək. Məsələn, hazırda tətbiq edilən 10 faizlik ayırma 2026-cı ildən sonra yenidən 3 faizə endiriləcək. Lakin qanunvericilik qüvvəyə mindikdən sonra ola bilər ki, vətəndaşlar özəl pensiya sxemlərində könüllü şəkildə iştirak edərək pensiya kapitalını artırmaq imkanı əldə etsinlər”.
Aynurə İsmayıl
KONKRET.az