"Hindistan sadəcə "istədiyimi edə bilərəm" demək istəyir"
Milli Məclisin deputatı Cavanşir Feyziyev bu sözləri News365.az-a açıqlamasında deyib.
"Mənə elə gəlir ki, Hindistanın bu addımı – heç bir sübut təqdim etmədən qonşu dövləti ittiham etməsi və dərhal hərbi əməliyyatlara başlaması – qeyri-qanuni olmaqla yanaşı, bütün beynəlxalq hüquq normalarının pozulmasıdır. Bəs Hindistan bununla nə demək istəyir?
Əslində Hindistan, dünyanın müxtəlif bölgələrində baş verən qanlı toqquşmalardan istifadə edərək öz regionunda "müstəsna güc sahibi" olduğunu sübut etməyə çalışır. Hətta belə görünür ki, bu məqsədlə heç bir dəlil göstərməyə belə ehtiyac duymur – "istədiyimi edə bilərəm" mesajını verir.
Lakin Pakistanın qətiyyətli cavab tədbirləri və Hindistan ordusunun Kəşmir bölgəsində aciz duruma düşməsi, Hindistan siyasi rəhbərliyini çətin vəziyyətə saldı. Yəni, Hindistanın yaratmaq istədiyi imic və nail olmaq istədiyi məqsəd bu prosesdə puç oldu.
Fikrimcə, bu münaqişənin daha da dərinləşməsi ehtimalı aşağıdır. Bir çox ölkələr bu iki dövlətin nüvə silahına malik olması ilə bağlı narahatlıqlarını ifadə etsələr də, mən əksinə, ən az narahatlıq doğuran məqamın məhz bu olduğunu düşünürəm. Çünki hər iki ölkə birbaşa sərhəd qonşusudur və bu reallıq nüvə silahından istifadəni faktiki olaraq mümkünsüz edir."