Bunu Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. O bildirib ki, yeni dəhliz təklifinə səbəb Ermənistanın 2020-ci il üçtərəfli bəyanatından faktiki olaraq imtina etməsi və Zəngəzur dəhlizinin açılmasına əngəl yaratmasıdır.
“Azərbaycan, Ermənistanın məhz bu davranışlarına cavab olaraq belə bir addım atdı. Araz dəhlizi ideyası 2022-ci ildə Azərbaycan tərəfindən irəli sürüldü. Mart ayında Antalyada Azərbaycan və İran bununla bağlı memorandum imzaladılar və Zəngilan ərazisindən körpünün tikintisinə başlandı. Lakin Araz dəhlizinin açılması o demək deyil ki, Azərbaycan Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil. Əksinə, Azərbaycan həm də İranın bölgədəki destruktiv fəaliyyətini neytrallaşdırmaq məqsədilə İran ərazisindən alternativ yolun açılmasını təklif etdi. Bu da İranın müəyyən maraqlarını təmin edə bilər. Azərbaycan, həmçinin Zəngəzur dəhlizinin açılması ilə Orta dəhlizin bu seqmentində şaxələndirmə əldə etmək və riskləri bölüşdürmək istəyir”.
Politoloq qeyd edib ki, Araz yolunun işə düşməsindən sonra İranın Zəngəzur dəhlizinə qarşı çıxa biləcəyini düşünmür:

“Hesab edirəm ki, əslində İranla bu məsələdə əldə olunan anlaşmanın sürətlə irəliləməsi Ermənistan üçün ciddi bir mesajdır. Ermənistan nəzərə almalıdır ki, əgər bu prosesi əsassız şəkildə ləngidəcəksə, Azərbaycan Zəngəzur dəhlizi məsələsini bir kənara qoyaraq Ermənistanın tamamilə “dalan ölkə” statusunda qalmasını təmin edəcək. Hesab edirəm ki, İran ərazisindən bu dəhliz işə düşdükdən sonra İran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxa bilməz. Sadəcə olaraq, Ermənistan hələ də manipulyasiyalar edərək Azərbaycandan daha çox güzəşt qoparmağa və dəhlizin öz şərtləri daxilində fəaliyyət göstərməsinə çalışırdı. Bu isə reallaşması mümkün olmayan bir məsələdir”.
Cavidan Mirzəzadə
Demokrat.az