AZ

Cəlil Xəlilov: İkinci Dünya müharibəsi dövründə Azərbaycanda bütün zavodlar hərbi vəziyyət rejimində işləyib – MÜSAHİBƏ

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 80-ci ildönümü ərəfəsində “Poliqon” jurnalına müsahibə verib.

– Cəlil müəllim, istərdik əvvəlcə oxucularımıza Respublika Veteranlar Təşkilatının fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr haqqında məlumat verəsiniz.

DSC– Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı çox mühüm layihələr həyata keçirir. Bunların əsas istiqaməti gənclərin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətindədir. O cümlədən, veteranlarımızın sosial müdafiəsi ilə bağlı layihələrimiz var. Bu gün onların təminat məsələləri – işlə təmin olunmasına biz dəstək veririk, kömək göstəririk, müxtəlif qurumlarla əlaqə saxlayırıq. Onların professionallıqları haqqında, təhsilləri haqqında müəyyən qurumlara məlumatlar veririk ki, onların imkanlarından istifadə edilsin.

Veteranlarımız var ki, müharibədə iştirak ediblər və yaralanıblar. Onların bəziləri orduda xidmətini davam etdirə bilmirlər, çünki səhhətlərində müəyyən problemlər var, sosial müdafiə də onları təmin edə və əlillik dərəcəsi verə bilmir. Amma biz çalışırıq ki, belə insanlar işlə təmin olunsunlar, ailə qura bilsinlər və yaxud ailələrini məvaciblə təmin edə bilsinlər. Bunun üçün müxtəlif qurumlarla işlər görürük, o cümlədən böyük şirkətlərə müraciətlər edirik və onlar da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təkliflərinin çoxunu qəbul edirlər və yaxud əlavə professsional hazırlığa ehtiyacı olanlar üçün müəyyən şərait yaradırlar. Görürsən ki, onlar 3-6 ay müddətində oxuyurlar, hansısa peşə sahibi olurlar və o sahədə çalışırlar. Gənc veteranlarımıza bu cür köməkliklər edirik.

Həmçinin dövlət orqanlarının da bəzilərində süründürmə halları olur, onların məsələlərini yubadırlar. Bəzən sadə bir məsələni 3-5 ay həll etmək olmur. Belə hallarda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı məsələyə qarışır. Axı həmin insanlar xidmət göstəriblər, yaralanıblar, rəşadət göstəriblər. Bu gün onların sosial vəziyyəti və işi diqqət mərkəzində olmalıdır. Ona görə biz təşkilat olaraq belə insanlara dəstək verməliyik, kömək etməliyik.

Mən tez-tez onlarla görüşürəm. Onların içərisində ali təhsil almış, təcrübə keçmiş insanlar var. Biz həm 44 günlük müharibə dövrünü, həm ondan əvvəlki illərdə olan dövrü, həm də 1991-1997-ci illərdə xidmət edən zabitlərin xidmət dövrlərini tarixləşdiririk. Onlar bu gün sağdırlar və bizə müəyyən məlumatlar verirlər. Bu məlumatları tarixi faktlara çeviririk ki, gələcək nəsillər bundan istifadə edə bilsinlər.

Məsələn, 1991-1997-ci illərlə bugünkü dövr arasında çox böyük fərq var. Bəzən deyirlər ki, 1991-ci ildə Birinci Qarabağ müharibəsində olanlar ilə İkinci Qarabağ müharibəsində olanlar arasında hansısa fərqlər var, ancaq fərq yoxdur Azərbaycan Respublikasının Prezidenti fərqi aradan götürdü. Veteran veterandı, hamısına eyni gözlə baxırıq. Amma müəyyən çətinliklər var. 1991-ci ildə vuruşan veteranları bu günləri biz fərqləndirəndə tarixi faktları da yada salmaq lazımdır ki, həmin dövrdə hərc-mərclik idi, ordu bir mərkəzdən idarə olunmurdu, ordu yox dərəcəsində idi.

Buna baxmayaraq həmin dövrdə də ov tüfəngləri ilə, müəyyən az imkanlardan istifadə edib Vətənin müdafiəsinə qalxan oğullar da var. Onları da yada salırıq. Həmin dövrdə qəhrəman adı alanlar da var idi. Çox az imkanlardan istifadə edənlər də var idi ki, qruplarla cəbhədə erməni işğalına qarşı mübarizə aparırdılar.

Heç kim unudulmur, heç kim yaddan çıxmır. O cümlədən 44 gün müharibə dövründə. Bu günləri tədbirdə biz keçirdik. Düzdür, 80 illik ilə bağlı idi, amma biz həm də ona görə əlaqələndirə bilirik ki, Veteranlar Təşkilatının üzvləri müxtəlif kateqoriyalı veteranlardır. Burada həm 1941-45 müharibəsinin iştirakçıları üzvlükdə fəaliyyət göstərirlər. Həmin dövrdə arxa cəbhədə olan veteranlar təşkilatın üzvüdürlər. Həm uzun müddət müəllim, alim kimi fəaliyyət göstəriblər onlar ehtiyata gedəndə gəlib təşkilatın üzvü olurlar. Onların böyük təcrübə məktəbi var.

Silahlı Qüvvələrdə xidmət edirlər, ehtiyata çıxırlar və onlar gəlib təşkilatın üzvü olurlar və gənclərlə iş aparırlar, onların qarşısında çıxış edirlər. Onların hər birinin 40, 45 il həyat təcrübəsinə, hərbi təcrübəyə malikdirlər. Onların mənəvi haqqı var ki, bu gün gənclərə yol göstərsinlər, vətənpərvərlik tərbiyəsi keçsinlər. Gənclər Vətəni sevməyi, xidmət etməyi onlardan öyrənsinlər. Təkcə cəbhədə güllə atmaqla iş qurtarmır. Bu günləri hansı sahədə olursansa, Azərbaycanın milli maraqlarını qorumağa hazır olmalısan. Biz Azərbaycanı həm informasiya sahəsində, həm hərbi sahədə, həm iqtisadi, həm də elm və başqa sahələrdə müdafiə etməliyik.

Müharibədən sonrakı dövrü götürsək, Azərbaycan Prezidenti veteranlarımızla həm cəbhə zonasında görüşür, həm də burda görüşür. Dövlət başçısının onlara göstərdiyi diqqət və qayğını mən nümunə göstərmək istəyirəm.

Azərbaycanın Birinci vitse-prezidenti müharibə iştirakçılarına çox böyük qayğı və diqqət göstərir. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır. Onlar tez-tez həm Azərbaycanda, həm də xarici dövlətlərdə müalicələr alırlar.

– Qeyd etdiyiniz kimi, veteran və qazilərə qayğı göstərilməsi və onların probleminin həll olunması dövlət başçısı tərəfindən daim diqqət mərkəzində saxlanılır. Bütün bunlar aidiyyəti qurumlar qarşısında hansı öhdəliyi qoyur?

DSC– Təbii ki, Azərbaycan Prezidenti Nazirlər Kabinetinin iclasında da, bir neçə dəfə mühüm görüşlərdə də dövlət qurumlarına xəbərdarlıq edib ki, qazilərin, müharibə iştirakçılarının, veteranların müraciətlərinə diqqətlə yanaşsınlar.

Məsələ ondan ibarətdir ki, Azərbaycan Prezidenti tapşırıq verib. Təbii ki, dövlət orqanları da bunu yerinə yetirməlidir. Amma bəziləri elə veteranların öz günahı üzündən bu süründürmə halları baş verir. Onlar düzgün müraciət etmirlər, bundan başqa lazımi cavabdeh quruma müraciət etmirlər, bəzən ikinci, üçüncü aidiyyatı olmayan quruma müraciət edirlər və belə olanda da problemlər yaranır.

İndi hər şeyi elektron sistemə çeviriblər. Əgər xəstəliyi varsa, xəstəlik dərəcələri varsa, yara alıbsa, bütün regionlarda komissiyalar var, bu komissiyalar onu yoxlayırlar və elektron olaraq məlumatları Sosial Müdafiə Nazirliyinə göndərirlər. Sosial Müdafiə Nazirliyində elektron sistem özü müəyyən edir ki, həmin şəxsin xəstəliyi birinci, ikinci və yaxud üçüncü dərəcəyə uyğundur.

Bəzi gənclərimiz, veteranlarımız belə məsələlərdə görürsən ki, narazılıq edirlər, problemlər yaranır. Biz də onlara müayinə təyin olunmasına çalışırıq. Çalışırıq ki, heç bir şikayət diqqətdən kənarda qalmasın.

Müəyyən veteranlarımız var bu günə kimi veteran vəsiqəsi ala bilməyiblər. Məsələn, 1991-93-cü illərdə onlar hərbi hissədən gedəndə gərək hərbi biletlərinə də qeydiyyatlar olardı və yaxud ehtiyata buraxılanda onlara vəsiqələr verilməyib. Bəzilərini buraxıblar heç bir qeydiyyat aparmayıblar. Biz onları dəqiqləşdirir və istiqamətləndiririk. Belə məsələlərdə çalışırıq ki, maksimum köməklik edək.

– Təşkilat tərəfindən veteranların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində hansı işlər görülür və bu məsələlərin həllində qarşıda duran hansısa problem varmı?

– Təbii ki, indi bu günləri hər şeyi dövlətin üzərinə qoya bilmərik. Sosial məsələlərin həllində, məsələn, biz Veteranlar Təşkilatı olaraq iri şirkətlərə müraciət edirik. Veterandır, qazidir, müəyyən xidmətləri olmuş insanlardır, bunların ciblərində vəsiqələr olur. Amma hər şey də dövlətin əlində deyil. İndi çox məsələlər özəlləşdirilib. Amma iş adamlarının daha geniş imkanları var ki, həmin döyüşmüş insanlara diqqət göstərsinlər, qayğı göstərsinlər. Bunun üçün işlər, təbliğatlar aparırıq.

Evlə təminatda demək olar ki, bu günləri birinci, ikinci, üçüncü dərəcəli veteranların problemi yoxdur. Onlar evlə təmin olunurlar, maşınla təmin olunurlar. İndi köçkünlər də bilirsiniz, öz rayonlarına gedirlər, həmin evlər var ki, veteranlara verilsin.

Zabitlər də ehtiyata çıxanda şərait yaradılıb ki, onlar evlə və işlə təmin olunsun.

Bu barədə Sosial Müdafiə Nazirliyinə, Milli Məclisə təkliflər də vermişik. Elə zabitlərimiz var ki, 14-15 il xidmət edib. Amma onu Müdafiə Nazirliyi saxlamır. Orqanizmdə qüsur olduğu üçün onu orduda xidmətə yararsız sayır. Amma Sosial Müdafiə Nazirliyi də həmin adama dərəcə vermir və deyir ki, sağlamdır. O, axı ağır işlərdə də işləyə bilmir, işi də yoxdur. 14 il də hərbidə xidmət edib. Bununla bağlı müəyyən tədbirlərin görülməsini istəyirik və bu barədə dövlət qurumlarına təkliflər veririk.

– Azərbaycanda 9 May – faşizm üzərində Qələbə Günü kimi qeyd olunur. Bu qələbənin əldə olunmasında Azərbaycanın və onun həm ön, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmiş xalqının rolu nədən ibarət idi?

DSC– Bilirsiniz ki, həmin dövrdə 700 min azərbaycanlı iştirak edib və yarısı geri qayıtmayıb. Onlardan 130 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Azərbaycanda həmin dövrdə 123 növdə silah-sursat hazırlanıb. “Katyuşa” yaylım atəşli reaktiv sistem Azərbaycanda hazırlanıb və cəbhəyə göndərilib. Məsələn, Azərbaycanda 45 hərbi hospital fəaliyyət göstərib. Hospitallarda yaralılar müalicə alıblar. Sağalması mümkün olanları sağaldıb cəbhəyə göndəriblər, həlak olanlar burada dəfn olunublar. Onların məzarlıqları bu gün də qorunub saxlanılır və bayramlarda gedib ziyarət olunur. Çoxlarının Azərbaycanda adları əbədiləşdirilib. Amma biz istəyirik ki, onlar hansı şəhərləri faşizmdən azad ediblər həmin yerlərdə də onların adlarına abidələr ucaldılsın. Onların bəzilərində var, bəzilərində yoxdur. Onlar haqqında həm Rusiya Veteranlar Təşkilatına, həm MDB Veteranlar Təşkilatına müraciətlər edirik.

Məsələn, Azərbaycanın altı diviziyası bu müharibədə iştirak edib. Altı diviziyanın da çox böyük hissəsi – 95 faizi azərbaycanlılardan ibarət olub. Burada bizim generallarımız olub, zabitlərimiz olub, qəhrəmanlıq göstəriblər. 416-cı Taqanroq diviziyası Berlinə qədər gedib. Berlində elə ilk bayrağı sancanlardan biri də azərbaycanlı olub. Bu, tarixi faktdır.

Məsələn, çoxlarını da gizlədiblər, ermənilər imkan verməyiblər ki, azərbaycanlılar ən yüksək adlara layiq görülsünlər, ordenlər alsınlar. Ziya Bünyadova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı yazıblar. Ancaq bu da gizlədilib. SSRİ dağılan ərəfədə Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı verilməsi sənədini tapıblar. Həzi Aslanovun ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı alması üçün SSRİ dağılmağa bir həftə qalmış qol çəkdiriblər.

–  Cəlil müəllim, qeyd etdiyiniz kimi, İkinci Dünya müharibəsində Azərbaycan həm də cəbhə bölgələrini hərbi texnika və silah-sursatla müəyyən qədər təmin edib. İstərdik bu barədə daha ətraflı məlumat verəsiniz…

– Bizim alimlərimizin həmin dövrdə cəbhəyə verdiyi töhfə az deyil. Xüsusən, Yusif Məmmədəliyev tərəfindən, həmin dövrdə orduya böyük köməyi olan yüksək oktanlı benzin hazırlanıb. Bu benzin təyyarələrdə istifadə olunub.

Azərbaycanda silah-sursatların, geyim formalarının, yüngül texnikaların hazırlanaraq cəbhəyə göndərilməsi həyata keçirilib. Azərbaycanda olan bütün zavodların hərbi vəziyyət rejimə keçirilməsi üçün həmin dövrdə xüsusi əmrlər olub. Azərbaycandakı zavodlar hərbi texnika hazırlamağa keçiblər və cəbhəyə lazımi dərəcədə köməklik göstəriblər.

– Bu gün Azərbaycanda elə ailələr var ki, İkinci Dünya müharibəsində döyüşmüş yaxınlarının taleyi barədə heç bir məlumat əldə edə bilmirlər. Bu müharibədə həlak olmuş azərbaycanlıların qalıqlarının, onlara aid nişanələrin tapılması istiqamətində aparılan araşdırmalar davam etdirilirmi?

DSC– Bu sahədə də təşkilatımız böyük işlər görüb. 309 nəfəri Moldovada tapmışıq, hansı ki, Azərbaycan xalqına onların taleyi məlum olmayıb, itkin kimi qələmə veriblər. Səfirlik və diaspora ilə axtarışlar apardıq. Rusiya arxivində onların yerlərini tapdıq. Bundan sonra, Moldovada Kişinyovda parkda onların üçün xüsusi abidə ucaldıldı. Onların hər birinin lövhədə adları qeyd olundu və həmin lövhə indi də orada var.

Həmçinin 410 nəfəri də biz Rusiyanın Kalininqrad şəhərində tapdıq. Onların arasında Azərbaycanda yaşayan millətlərin hamısının nümayəndəsi var. Onlar Azərbaycandan xidmətə çağırılmış insanlardır. Biz bu sahədə çoxlu işlər görürük.

Məlumat olanda da onların qohumlarını tapırıq, görüşlər keçiririk. Bəzilərinin dəfn yerlərinin dəyişilməsinə də nail oluruq. Bəziləri ilə həmin yerdə adlarının əbədiləşdirilməsi, qəbirlərinin təmiri məsələlərini diaspora və yaxud da səfirliklə birlikdə həyata keçiririk. Bu işləri həm Avropa ölkələrində, həm keçmiş SSRİ ölkələrində müəyyənləşdirib həyata keçiririk və qohumlarına məlumatlar veririk.

– Cəlil müəllim, artıq İkinci Dünya müharibəsindən 80 il ötüb. Bu müharibədə Azərbaycandan iştirak edən neçə nəfər hazırda sağdır?

– Bu gün Azərbaycanda cəmi 16 nəfər sağ qalan İkinci Dünya Müharibəsi iştirakçısı var. Onlardan yeddi nəfəri Leninqrad (Sankt-Peterburq) blokadasında iştirak edib. Onların hərəkət etmək imkanları, danışmaq imkanları məhduddur. Çox vaxt jurnalistlər gedib onların evlərində qohumlarının iştirakı ilə söhbət aparırlar. Amma yaddaşları zəifləyib, yaş öz təsirini göstərir. Onların arasında ən cavanlarının 103-105 yaşı var.

– Mümkünsə, bir qədər də İkinci Dünya müharibəsində qəhrəmanlıq göstərmiş azərbaycanlıların adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərdən danışardıq. Respublika Veteranlar Təşkilatı Moskvadakı metro stansiyalardan birinə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun adının verilməsi üçün çalışır. Bu və digər təşəbbüslərlə bağlı proseslər hansı mərhələdədir?

– Əsasən, biz onların qeyri-hökumət təşkilatları ilə söhbətlər aparırıq. Bir də mən MDB Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvüyəm və oradakı çıxışlarımda bunları deyirəm, onlara məktub yazıram.

Bir neçə gündən sonra biz Dağıstanda İkinci Dünya müharibəsinin 80 illiyi ilə bağlı tədbir keçirəcəyik. Orada da azərbaycanlılarımız olub. Bilirsiniz ki, həmin dövrdə Qafqaz regionunun müdafiəsində Azərbaycan əsgərlərinin bir nömrəli rolu olub. Alman faşizminin əsas planlarından biri Bakı neftini ələ keçirmək idi. Onlar bunun üçün çox çalışıblar.

– Sıralarında müharibə, əmək, Silahlı Qüvvələr və hüquq-mühafizə orqanları veteranlarını birləşdirən təşkilata, hazırda 44 günlük Vətən müharibəsi qaziləri də üzv seçilir. Təşkilatınız tərəfindən bu gün Qarabağ veteranı və qazilərinə hansı köməkliklər göstərilir, onların problemlərinin və çətinliklərinin həll edilməsi istiqamətində hansı addımlar atılır?

DSC– Bu günləri 44 günlük müharibədə iştirak etmiş 3500 qazi bizim təşkilatın üzvüdür. Bütün rayonlarda bizim şöbələr fəaliyyət göstərir. Onlar bu şöbələrə müraciətlər edirlər, vəsiqələr alırlar. Onlar içərisində çox mötəbər insanlar var, hansı ki, təcrübəlidir, ali təhsillidir, müharibə təcrübələri var, vətənpərvərlik hissləri yüksəkdir. Biz onlardan çox vaxtı həm gənclərin orduya hazırlanması məsələlərində, həm də hərbi vətənpərvərlik işlərinin möhkəmlənməsində istifadə edirik. Onlar müharibənin canlı şahidləridirlər. Biz onlarla işləməliyik ki, 44 günlük Vətən müharibəsini, 24 saatlıq Antiterror əməliyyatını, Aprel döyüşlərini tarixləşdirə bilək.

Onların arasında elələri var ki, heç nəyə ehtiyacları yoxdur. Amma elələri də var ki, müəyyən problemlərlə üzləşirlər. Həmin problemləri təşkilat olaraq biz öz üzərimizə götürürük, köməkliklər göstəririk, dövlət orqanları ilə onları əlaqələndiririk. Belə ki, əgər dövlət orqanında onların müəyyən problemləri məsələləri meydana çıxırsa, onların həllinə dəstək veririk, yazışmalar aparırıq.

– Gənclərin vətənpərvər ruhda yetişməsi və onların maarifləndirilməsi istiqamətində Respublika Veteranlar Təşkilatı tərəfindən hansı tədbirlər həyata keçirilir?

– Bununla bağlı konfranslar keçiririk. Rayon şöbələrimiz məktəblərdə, universitetlərdə, tədbirlərdə olurlar. Bundan başqa, orduya hazırlanan və ordudan tərxis olunmuş gənclərlə görüşürük, onların təəssüratlarını, gələcək planlarını öyrənirik.

– Cəlil müəllim, beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində hansı işlər görülür?

– Dünyanın 37 ölkəsi ilə əlaqəmiz var. Əlaqələrin möhkəmləndirilməsində əsas istiqamətlərdən biri Türkdilli dövlətlərdir. Biz Avropa ölkələri ilə müəyyən əlaqələr yaradırıq. İnkişaf etmiş dövlətlərin bu sahədəki təcrübələrini öyrənirik. Gələcəkdə də əlaqələrin qurulması istiqamətində görüşlərin keçirilməsi planlaşdırılır.

Qazaxıstan, Belarus, Çexiya və başqa dövlətlərin Azərbaycandakı səfirliklərinin nümayəndələri təşkilatımızda olub, onlarla görüşlər həyata keçirilib.

Avropa ölkələri ilə də əlaqə qururuq ki, həm onların təcrübəsini öyrənək, həm də Azərbaycan milli maraqlarının müdafiəsi və ölkəmizlə bağlı fikirin formalaşmasında töhfələr verək.

– Sonda əlavə etmək istədiyiniz fikirləriniz varmı?

– Sizə uğurlar və müvəffəqiyyətlər arzulayıram.

Dəyərli vaxtınızı ayırdığınız üçün Sizə çox təşəkkür edirik.

Zaur Babaşov

Seçilən
0
poliqon.az

1Mənbələr