Qarabağın itirilməsini həzm edə bilməyən ermənilər bu günkü tarixi - 8 mayı xatırlamaqla təsəlli tapmağa çalışırlar. 33 il əvvəl – 8 may 1992-ci ildə Şuşa erməni hərbi birləşmələrinin “Dağlarda toy” adlı əməliyyatı nəticəsində işğal olunmuşdu.
Modern.az-ın məlumatına görə, Şuşanın işğalı Qarabağdakı separatçı hərbi komandanı olmuş general-mayor Arkadi Ter-Tadevosyanın rəhbərliyi ilə dörd istiqamətdə həyata keçirilmişdi.
Şərq istiqamətindən Şuşaya hücum edən separatçı qüvvələrə Arkadi Karapetyan, Şimaldan Valeri Çitçyan, şimal-qərbdən Seyran Ohanyan rəhbərlik etmişdi. Yuri Hovhannisyan isə ehtiyat qüvvələrin komandiri idi. Cənubdan - Laçın istiqamətindən Şuşaya hücumu Samvel Babayanın rəhbərlik etdiyi qüvvələr həyata keçirmişdi.
Erməni mənbələri yazır ki, “Dağlarda toy” əməliyyatı mayın 8-nə keçən gecə saat 2:30-da Kirs dağındakı strateji mövqelərin ələ keçirilməsilə başlamışdı. Laçın-Şuşa yoluna nəzarəti ələ keçirən erməni qüvvələri səhərə yaxın Şuşaya daxil olmuşdular.
Erməni mənbələrinin məlumatına görə, Şuşa ilə bağlı əməliyyat həmin dövr üçün o qədər riskli hesab olunurdu ki, hətta o vaxtkı müdafiə naziri Vazgen Sarkisyan da onun həyata keçirilməsinin mümkünsüzlüyünə inanırdı. Ona görə də əməliyyat “Dağlarda toy” adlandırılıb: planı görən Sarkisyan bunun mümkün olmadığını deyib və Şuşanı zəbt edə bilsələr, evlənəcəyinə söz verib.
28 ildən sonra - 2020-ci il sentyanrın 27-də başlayan II Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusunun hədəflərindən biri Şuşanın işğaldan azad edilməsi idi.
2020-ci il noyabrın 6-da Azərbaycan Ordusu Şuşanın geri alınması əməliyyatına başladı. Sayca üstünlüyə malik olan ermənilər Azərbaycan hərbçilərinin görünməmiş qəhrəmanlığı, cəsarəti qarşısında duruş gətirə bilmədilər və noyabrın 7-də ağır itkilər verərək qaçmağa məcbur oldular.
Məğlubiyyəti həzm edə bilməyən düşmən bir neçə dəfə əks-hücuma keçdi, hətta noyabrın 7-də Şuşaya Ermənistan tərəfindən “İsgəndər” ballistik raketi də atıldı. Amma ermənilərin əks hücumlarına baxmayaraq, Azərbaycan qüvvələri öz mövqelərini qorudular.
Şuşada Ermənistan ordusuna məxsus çoxlu texnika, silah-sursat ələ keçirildi,1000-dən çox işğalçı məhv edildi.
Noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Şuşanın işğaldan azad olunduğunu bildirdi. Məhz Şuşa zəfəri müharibənin taleyini həll etdi və ertəsi gün Ermənistanın baş naziri kapituliyasiya aktını imzalamağa məcbur oldu.