AFFA İntizam Komitəsi II Liqa və AFFA U-15 Qızlar liqasındakı oyunlarda qeydə alınan qeyri-etik davranışlara yol verən şəxsləri cəzalandırıb.
Msport.az xəbər verir ki, II Liqanın XXIV turunda “Hypers Guba”in futbolçusu İbrahim Nağıyev “Kür-Araz”la görüşdə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alıb.
Bu, onun 4 oyunluq cəzalanmasına və komandasının 300 manat cərimələnməsinə səbəb olub.
AFFA U-15 Qızlar liqasının 1/4 final mərhələsi çərçivəsində keçirilmiş “Şəfa” – “Ümid” (Gəncə) oyununda isə 3 nəfər cəzalandırılıb. Hakimin qərarına etiraz etdiyinə görə 2-ci sarı vərəqə alaraq meydandan qovulan “Ümid”in baş məşqçisi Emin Həsənov qarşıdakı 1 turu buraxmalı olacaq. Onun köməkçisi Hürzad İsmayilova isə rəqibin oyunçusunu təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə almışdı. Mütəxəssis 5 oyunluq sanksiyaya məruz qalıb.
Həmin dəqiqədə rəqibin rəsmi şəxsini təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alan “Şəfa”nın futbolçusu Ebru Əmirova 4 matçlıq diskvalifikasiya ilə üzləşib.