Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ticarət bölməsi olan “SOCAR Trading SA” 2010-cu ildən 2025-ci ilin yanvar ayının sonuna qədər Vyetnamın “Dung Quat” neft emalı zavoduna (NEZ) 35 partiya Azərbaycan nefti tədarük edib.

İndex.az bu barədə Vyetnamın “Petrovietnam” dövlət şirkətinə istinadən xəbər verir.

“2010-cu ildən 2025-ci ilin yanvar ayının sonuna qədər “SOCAR Trading Singapore” (“SOCAR Trading SA”nın Sinqapurdakı filialı) “Dung Quat” NEZ-nə təxminən 31,7 milyon barel həcmində 35 partiya Azərbaycan nefti tədarük edib ki, bu da təxminən 2,55 milyard ABŞ dolları dəyərində 4,34 milyon ton neftə ekvivalentdir”, – məlumatda qeyd olunub.

Şirkətdən bildirilib ki, tədarük 2009-cu ildən etibarən “Petrovietnam”ın iki törəmə şirkəti – PVOIL və BSR ilə “SOCAR Trading SA” arasında “Dung Quat” NEZ-nə “Azeri” markalı Azərbaycan neftinin tədarükü haqqında imzalanmış müqavilə və sazişlər çərçivəsində həyata keçirilib.