AZ

Uzaq Şərqin Azərbaycan marağı



Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam Azərbaycan Respublikasına dövlət səfəri ərəfəsində cənab Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibə verib. Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirdiyini qeyd edən ölkə başçısı ilk dəfə 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə, o dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev 1983-cü ildə Vyetnama səfər etdiyin8i xatırladaraq bu səfərlərin ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrildiyini bildirib.

Azərbaycan müstəqilliyini əldə etdikdən sonra dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri iki dövlət arasında münasibətlərdə yeni səhifə açdı və onların gələcək inkişafına təkan verdi.
Cənab Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama, 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın Azərbaycan Respublikasına rəsmi səfəri iki dövlət arasında münasibətlərdə yeni səhifə açmaqla münasibətlərin gələcək inkişafına təkan vermişdir.
Ölkəmizin başçısı qeyd etmişdir ki, “Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 223,93 milyon ABŞ dolları olub. Sözsüz ki, bizim bu göstəricini gələcəkdə də artırmaq üçün potensialımız mövcuddur.”
Ölkələrimizin neft sahəsində birgə fəaliyyətini yüksək qiymətləndirən cənab Prezident bildirib ki, 2019-cu ildə Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” ilə SOCAR arasında müqavilə imzalanıb. Neft sahəsində əməkdaşlığımız möhkəm tarixi təmələ əsaslanır – çünki Azərbaycan mütəxəssisləri Vyetnamın neft sənayesinin yaradılmasında və inkişafında əsas rol oynayıblar. Təsadüfi deyil ki, 1981-ci ildə Sovet İttifaqının köməyi ilə yaradılan “Veso Petrol” müştərək müəssisəsinin ilk baş direktoru azərbaycanlı Cəlal Məmmədov olub.
Mədəniyyət və təhsil sahəsində əlaqələrə xüsusi diqqət ayrıan ölkə başçısı qeyd edib ki, 1955-ci ildə Azərbaycan bəstəkarı Qara Qarayev Vyetnam müharibəsi haqqında ilk sovet-Vyetnam sənədli filmi üçün “Vyetnam süitası”nı bəstələyib, onun premyerası 2023-cü ildə Hanoyda olub. 1959-1962-ci illərdə Prezident Ho Şi Minin dəvəti və sovet hökumətinin təklifi əsasında azərbaycanlı rejissor Əjdər İbrahimov Vyetnamda kino məktəbinin yaradılmasında fəal iştirak edib, orada ustad dərsləri keçib və üç film çəkib. O, bu xidmətlərinə görə Vyetnam Sosialist Respublikasının ali “Əmək” ordeni ilə mükafatlandırılıb

Tarixin hər bir dönəmində Azərbaycan-Vyetnam əlaqələrinin dostluğa, əməkdaşlığa əsaslandığını, bu əlaqələrin bundan sonra da hər iki dövlətin rifahına xidmət edəcəyini bildirən cənab İlham Əliyev Vyetnam lideri cənab Lamın səfəri daha fəal əməkdaşlığa mühüm təkan olacaq, Azərbaycanla Vyetnam arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət ruhunda inkişafı üçün yeni üfüqlər açacaq.

Müsahibədən göründüyü kimi Uzaq Şərqin inkişaf etməkdə olan ölkəsi olan Vyetnam da Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır. Avropa və Asiyanın qovuşuğunda yerləşən, eləcə də regionda aparıcı güc olan dövlətimiz, onun rhbəri cənab İlham Əliyevin həyata keçirdiyi siyasət Şərq ölkələrində də maraqla qarşılanır və onları əməkdaşlığa sövq edir. Bu da sağlam təməllər üzərində qurulmuş xarici siyasətin tərkib hissəsi kimi qeyd edilməlidir.

İlqar Kərimov,
YAP Tovuz Rayon Təşkilatının sədr müavini




Seçilən
0
aia.az

1Mənbələr